“Bu, dolayı yolla Çinə qarşı təzyiq alətidir” Gündəm

“Bu, dolayı yolla Çinə qarşı təzyiq alətidir”

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton administrasiyası ABŞ Konqresi ilə Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işləyir.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, aydın məsələdir ki, bu, bir tərəfdən Rusiyanın təcridini yüksəldəcək: “Belə ki, bu sanksiyalar təkcə Rusiyaya yox, Rusiya ilə ticarət əlaqələri quran hər bir ölkəyə tətbiq olunur və bu, kifayət qədər yüksəkdir. Söhbət 500 faizlik rüsumlardan gedir. Bu, Rusiyanın təcridini yüksəltməklə yanaşı, 2 məsələdən xəbər verir. Birinci məsələ ABŞ və Rusiya nə qədər anlaşmış görünsə də, (xüsusilə Ukrayna məsələsində və bəzi məsələlərdə) belə görünür ki, ortaq məxrəcə gələ bilməyiblər. Əgər bu gün ABŞ Rusiyaya və Rusiya ilə əməkdaşlıq edən ölkələrə sanksiyalar qoymağı nəzərdən keçirirsə, bu, onu deməyə əsas verir ki, deməli, ABŞ və Rusiya arasındakı uzun müzakirələrdən sonra Ukrayna məsələsi ilə bağlı hər hansısa bir ortaq məxrəcə gəlmək mümkün olmur”.

T.Rzayevin fikirlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, burada hədəf təkcə Rusiya olmaya bilər, Çin ola bilər: “Çünki Rusiyaya gələn məhsulların əksəriyyətinin istehsalçısı Çindir. Avropa ilə Rusiya arasında ticarətdə qadağalar var. Həmçinin digər ölkələrlə bağlı Rusiyanın ticarətində qadağalar var. Eyni zamanda, bəzi ölkələr sanksiyalara düşməmək üçün bunu gizli şəkildə həyata keçirir. Bəzi ölkələrin iqtisadiyyatı o qədər böyük deyil ki, Rusiyadan xammal və ya məhsul alsın. Bu yaxınlarda Çinlə görüş baş tutdu və tərəflər demək olar ki, istədiklərini tam əldə edə bilmədilər. Ola bilsin ki, bu, dolayı yolla Çinə qarşı bir təzyiq alətidir, sanksiyadır. Yəni ABŞ demək istəyir ki, əgər Çindən istədiklərini ala bilməsələr və xüsusilə Çin ABŞ-yə qarşı təzyiqləri davam etdirsə, o zaman ABŞ də Rusiyaya yardım edir deyə Çinin müəyyən şirkətlərinə sanksiya tətbiq edəcək. Yəni bunu birbaşa Çinə qarşı elan etmirlər, dolayı yolla Rusiyaya yardım edir, Rusiya ilə ticarət əlaqələri qurur deyə Çin şirkətlərinə sanksiyalar tətbiq edə bilərlər”.

Röya İsrafilova