"Savaş qapıdadır"
14:13

Zelenski əslində Rusiyanın zəiflədiyini bir daha sübut etməyə çalışıb və dedikləri təkcə Ukrayna ilə bağlı deyil, Rusiyanın postsovet məkanındakı nüfuzunun zəifləməsi ilə bağlı siyasi tezis irəli sürüb.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Əlbəttə ki, Moskvanın Ukrayna müharibəsinə ciddi rəqəmlər nisbətində resurs sərf etməsi, onun ciddi dərəcədə digər regionlarda təsir imkanlarını azaldıb. Ermənistanın Qərbə yaxınlaşması, Moldovanın Avropa inteqrasiya kursunu davam etdirməsi və Azərbaycanın daha müstəqil xarici siyasət aparması buna nümunə ola bilər. Belə olan halda, Zelenski demək istəyir ki, Rusiya əvvəllər qonşu ölkələr üzərində daha güclü siyasi təsirə malik idi. Moskva postsovet məkanında hərbi ittifaqlar və təhlükəsizlik baxımından bir çox ölkələrə qarşı təsir mexanizmi qura bilmişdi. İqtisadi əlaqələr və xüsusilə də enerji sahəsində ciddi asılılıqlar yaratmışdır" - politoloq deyib.
O, qeyd edib ki, məhz Ukrayna müharibəsi bütün bu təsirləri zəiflətdi. Bu səbəbdən Zelenski hesab edir ki, Rusiya Ukraynaya qarşı fokslandığı üçün digər ölkələri əvvəlki kimi yönləndirə bilmir:
"Ermənistanda Rusiyaya yaxın qüvvələrin zəifləməsi və Qərbə yaxınlaşan Paşinyanın yenidən qalıb olması buna misal olaraq göstərilir. Zelenskinin Azərbaycanın müstəqil xarici siyasət aparması ilə bağlı dedikləri də çox məntiqlidir. O Azərbaycanı Rusiyanın orbitindən kənarda, öz maraqları çərçivəsində hərəkət edən dövlət olaraq təqdim edir. Bu da o anlama gəlir ki, Bakı artıq xarici siyasətində qərarlarını Moskvanın diqtəsi ilə deyil, müstəqil şəkildə öz maraqları əsasında verir.
Həmçinin nümunələr arasında Moldovanın da adı çəkilir. Moldovanın Avropa inteqrasiya kursunu davam etdirməsi, Moskvanın siyasi mövqelərini zəiflədir. Ukraynanın ən böyük və siyasi baxımdan ən təhlükəli ölkə kimi Rusiya üçün məna daşımasını qabardan Ukrayna prezidenti Zelenskinin arqumenti, əgər Ukrayna müharibəyə rəğmən Avropa strukturlarına inteqrasiya olunmuş dövlətə çevrilsə, bu Rusiyanın daxilində və qonşuluğunda yaşayan xalqlara alternativ model olaraq görünəcək.
Bu rusiyalılar və Rusiyanın tərkibində yaşayan xalqlara ciddi şəkildə təsir edəcək və onlarda suallar yaradacaq. Buna görə də Rusiya Ukraynanın Qərb sisteminə inteqrasiyasını strateji baxımdan özünə məğlubiyyət hesab edir".
Xatırladaq ki, Ukrayna Prezidenti Zelenski Rusiyanın tək qaldığını və digər ölkələrdə siyasi təsirinin zəiflədiyini bildirib.
O, həmçinin Ermənistan və Azərbaycanı nümunə göstərib: "Rusiyanın digər ölkələrə siyasi təsiri azalır. Azərbaycan - onlar müstəqildirlər. Ermənistan - dünənki seçkilər Ermənistanın müstəqilliyi üçün böyük uğur oldu. Mən düşünürəm ki, ruslar Moldovanı da itiriblər. Əlbəttə ki, onlar Ukraynanı itirmək istəmirlər, çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi cəhətdən ən təhlükəli ölkədir.
Ukrayna Aİ-yə qoşulduqda, Putinin müxtəlif xalqlarla, xüsusən də Qafqaz xalqları ilə daxili problemləri olacaq. Rusiya boyunca müxtəlif xalqlar suallar doğuracaq"
Cavid