Rusiyada xərçəngin erkən diaqnostikası üçün çip yaradılıb Gündəm

Rusiyada xərçəngin erkən diaqnostikası üçün çip yaradılıb

"Rostex" dövlət korporasiyasının tərkibinə daxil olan "Rosel" holdinqi qanda onkoloji xəstəliklərin biomarkerlərinin erkən mərhələdə müəyyən edilməsi üçün nəzərdə tutulmuş, nanotexnologiyalara əsaslanan mikrofluidik çip — "Biosensor" elektrokimyəvi sistemini hazırlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə "Rostex"dən məlumat verilib.

Dövlət korporasiyasından bildiriblər ki, yeni elektrokimyəvi sistem yüksək həssaslığa malikdir və bu, patoloji dəyişiklikləri ən erkən mərhələlərdə aşkar etməyə imkan verir. Qurğu mürəkkəb avadanlıq tələb etmir, standart diaqnostika laboratoriyalarında tətbiq edilə bilər və nisbətən aşağı qiyməti, eləcə də istifadə sadəliyi sayəsində kütləvi istifadə üçün nəzərdə tutulub.

"Rostex" həmçinin yaxın vaxtlarda "Biosensor"un klinik sınaqlar mərhələsinə keçəcəyini bəyan edib.

Bu ixtira mikrofluidik çipdən ibarətdir və diaqnostika zamanı onun mikrokanallarından az miqdarda qan və ya limfa keçir. Analiz prosesində sistem hədəf biomarkerləri aşkar edir.

Məryəm Quliyeva