
23 İyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu gün Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Qeyd edilir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin rəhbərliyi ilə aparılan köklü islahatlar nəticəsində 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edilib. Bununla da sahənin vahid hüquqi bazası yaradılıb.
Statistikaya əsasən 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub.
Dövlət qulluqçuları dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayır, onların fəaliyyəti insanların məmnuniyyətinə, dövlət institutlarına inamın çoxalmasına xidmət edir. Dövlət qulluqçularının peşə bayramının qeyd edilməsi isə bu sahədə çalışanların əməyinə verilən qiymətin ifadəsidir.
“Xalq Cəbhəsi” dövlət qulluğunun əhəmiyyəti haqqında millət vəkilləri, hərbi ekspertlərin fikirlərini öyrənib.
“Bu, həm də məsuliyyət bayramıdır”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa söyləyib ki, dövlət qulluqçuları Azərbaycan cəmiyyətinin ən vacib funksiyasını yerinə yetirən insanlardır: “Ona görə də onların peşə bayramı, əslində, həm də bir məsuliyyət bayramıdır. Dövlət qulluqçularının həm vəzifələrini hüquqa əsasən yerinə yetirməsi, həm də onların hüquqlarının qorunması istiqamətində qanunvericilikdə kifayət qədər müddəalar nəzərdə tutulub. Bu istiqamətdə onların dəstəklənməsi çox önəmlidir və dövlət qulluqçularına olan diqqət, qayğı da hər zaman yüksək səviyyədə olmalıdır ki, onlar da vətəndaşa yönəlik funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilsinlər”.
Dövlət mexanizminin "onurğa sütunu"
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, cəmiyyətdə dövlət qulluğunun rolu və əhəmiyyəti, sadəcə, inzibati bir funksiya deyil, dövlətin dayanıqlılığını təmin edən dövlət mexanizminin "onurğa sütunu"dur: “Dövlətin strateji hədəfləri, qanunvericiliyin icrası və gündəlik xidmətlərin göstərilməsi məhz dövlət qulluqçularının peşəkarlığı sayəsində fasiləsiz davam edir. Daha konkret desək, dövlət idarəçiliyində institusional yaddaş və sabitlik məhz dövlət qulluğu sayəsində qorunub saxlanır”.
“Peşəkar dövlət qulluqçusu dövlətə etimadı artırır”
Deputat bildirib ki, dövlət qulluğu cəmiyyətin dövlətlə təmasda olduğu ən yaxın nöqtə olduğu üçün yalnız peşəkar və etik davranışa malik dövlət qulluqçusu dövlətə olan etimadı artırır: “Sosial xidmətlərin göstərilməsi, infrastrukturun idarə olunması, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr vətəndaşın rifahına birbaşa təsir edir. Eyni zamanda, müasir dövrdə dövlət qulluğu yalnız bürokratik prosedurlardan ibarət deyil, həm də ölkənin iqtisadi inkişafı üçün strategiyaların hazırlanması və icrası deməkdir. Dövlət qulluqçuları qanunların tətbiq olunması, ədalətli rəqabət mühitinin yaradılması və sosial layihələrin həyata keçirilməsində həlledici rol oynayırlar”.
“Dövlət qulluqçuları dövlətin simasıdır”
B.Məhərrəmov vurğulayıb ki, rəqəmsallaşma, şəffaflıq və korrupsiyaya qarşı mübarizə prinsiplərinə əsaslanan müasir dövlət qulluğu modeli formalaşdırılarkən də məhz bu amil əsas götürülür və bu, cəmiyyətdə idarəetmə mədəniyyətinin formalaşmasına və vətəndaş məmnuniyyətinin təmin olunmasına birbaşa təsir edir: “Dövlət qulluqçuları dövlətin simasıdır, onların yüksək ixtisaslı, obyektiv və vətəndaşpərvər olmasının birbaşa cəmiyyətin tərəqqisinə töhfə verməsini nəzərə alsaq, bu bayram həm də dövlət qulluğunun nüfuzunun artırılması və bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi üçün gözəl bir fürsətdir”.
İdarəetmə sisteminin əsas sütunlarından biri
Hərbi ekspert Anar Şuşalı qeyd edib ki, dövlət qulluğu hər bir ölkənin idarəetmə sisteminin əsas sütunlarından biridir: “Dövlət qulluqçuları dövlət siyasətinin həyata keçirilməsində, vətəndaşlarla dövlət arasında etibarlı əlaqələrin qurulmasında və ictimai xidmətlərin əlçatanlığının təmin edilməsində mühüm rol oynayırlar. Müasir dövrdə dövlət qulluğunun əsas missiyası yalnız inzibati funksiyaları yerinə yetirmək deyil, həm də vətəndaş məmnuniyyətini təmin etmək, şəffaflığı, hesabatlılığı və qanunun aliliyini qorumaqdır. Peşəkar, məsuliyyətli və vətənpərvər dövlət qulluqçuları cəmiyyətin inkişafına, dövlət institutlarına inamın möhkəmlənməsinə və ölkənin davamlı tərəqqisinə əhəmiyyətli töhfə verirlər”.
“Dövlət qulluqçularının üzərindəki məsuliyyət böyükdür”
A.Şuşalı bildirib ki, xüsusilə postmünaqişə dövründə azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışının təşkili və ictimai xidmətlərin təmin edilməsi dövlət qulluqçularının üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu bir daha nümayiş etdirir: “Bu əlamətdar gündə bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar və dövlətimizə xidmət yolunda yeni nailiyyətlər arzulayıram”.
Röya İsrafilova