
Türkmənistan Azərbaycana dost, qardaş olan ölkələrdən biridir. İki ölkə arasında bir çox sahədə əlaqələr zaman keçdikcə daha da dərinləşir. Elə ötən günlərdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətləri daha da irəliyə daşımağa xidmət edir.
Sərdar Berdiməhəmmədovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, mətbuata bəyanatla etdikləri çıxışlardan da aydın oldu ki, yaxın olan bu əlaqələr, əməkdaşlıq yeni mərhələyə keçir.
Millət vəkilləri Türkmənistan Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini “Xalq Cəbhəsi”nə şərh ediblər.
“Bu, Türkmənistanın Avropaya açılan ən qısa qapısı olacaq”
Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, Türkmənistan Prezidenti Sərdar Berdinməhəmmədovun Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşməsi, görüşün nəticələri, imzalanan sənədlər Türkmənistan-Azərbaycan dövlətlərarası münasibətlərində tarixi bir hadisə kimi yadda qalacaq: “Çünki bu görüş və görüşdə imzalanan sənədlər iki ölkə arasında olan münasibətləri tamamilə yeni bir keyfiyyət səviyyəsinə qaldırmış oldu. Tarixən eyni etnik kökdən, eyni dildən, eyni mədəniyyətdən gələn xalqların münasibətlərinin indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində hüquqi platformaya transfer edilməsi, xalqlarımızın ortaq rifahı üçün iqtisadi əlaqələrin dərinləşdirilməsi kimi imkanların yaradılması heç şübhəsiz ki, həm tükmən xalqına, həm də Azərbaycan xalqına rifah gətirəcək. İmzalanan sənədlər enerji sahəsində əməkdaşlıqdan tutmuş bank, maliyyə sektoruna qədər, sosial sahədən tutmuş səhiyyə sahəsinə qədər, kommunikasiya əlaqələrinə qədər çoxvektorlu seqmentlərdən ibarətdir. Bu isə onun göstəricisidir ki, Xəzər hövzəsində, şərq-qərb vektorunda Azərbaycan və Türkmənistan arasında yeni bir iqtisadi əməkdaşlığın təməli qoyulub. Eyni zamanda, Xəzər hövzəsi ölkələri üçün iqtisadi əməkdaşlığın şaxələnməsi üçün yeni imkanlar yaranır. Bura əlbəttə ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstan və s. daxildir. Türküstan coğrafiyasının digər iqtisadi əlaqələri üçün Azərbaycan hazırda yeni bir marşrut - TRIPP marşrutu üzərində işləyir. Bu da Türkmənistanın Avropaya açılan ən qısa qapısı olacaq. Bütün bunlar əlbəttə ki, nəticə etibarı ilə hər iki ölkənin iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edir”.
“Tankerin bağışlanmasının xüsusi əhəmiyyəti var”
H.Babaoğlunun fikirlərinə görə, məsələnin mənəvi tərəfi isə ondan ibarətdir ki, bir neçə il bundan əvvəl qardaş Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Prezidentinə at bağışlaması, Azərbaycan Prezidentinin isə Qurbanqulu Berdiməhəmmədova at bağışlaması ilə başlayan bu mənəvi münasibətlər bu gün hüquqi müstəvidə çoxsaylı sənədlərlə öz əksini tapmış oldu: “Nəticədə qardaş Türkmənistan işğaldan azad olunmuş ərzilərimizdə Azərbaycana məscid bağışladı, Azərbaycan Prezidenti isə qardaş Türkmənistana neft daşıyan tanker bağışladı. Düşünürəm ki, bu tankerin bağışlanmasının xüsusi əhəmiyyəti var. Yəni bu, bir növ həm Türkmənistan və Azərbaycan arasında birbaşa nəqliyyat körpüsü deməkdir, həm də bu körpünün gələcəkdə böyük potensialı olduğunu simvolizə edən bir hədiyyədir”.
“İki xalqı mənəvi bağlılıq birləşdirir”
Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrdən daha çox, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi: “Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir”.
“Bu addım uzunmüddətli tərəfdaşlığın praktik ifadəsidir”
Deputat diqqətə çatdırıb ki, səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin bir daha yüksək qiymətləndirilməsi oldu: “Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur. Azərbaycan və Türkmənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də bu gün baş verdi. Azərbaycan Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının inkişafına töhfə olaraq Türkmənistan tərəfinə müasir tanker hədiyyə etdi. Bu addım sadəcə iqtisadi jest deyil, həm də Xəzərin iki sahilində yerləşən dövlətlərin qarşılıqlı etimadının və uzunmüddətli tərəfdaşlığının praktik ifadəsidir. Enerji və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda belə bir hədiyyə iki ölkənin gələcək planlarının miqyasını nümayiş etdirir”.
Nəqliyyat-logistika əməkdaşlığı
E.Akimovanın sözlərinə görə, bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır: “Prezident İlham Əliyevin dediyi kimi, “öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”. Məhz buna görə də Bakı və Aşqabad Orta Dəhlizin inkişafında əsas tərəfdaşlara çevriliblər. Xəzər üzərindən daşınan yüklərin həcminin artması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının genişlənməsi regionun geoiqtisadi əhəmiyyətini artırır. Son dövrlərdə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu üzrə yeni yük axınlarının formalaşması da bu əməkdaşlığın perspektivlərini daha da gücləndirir. Səfər zamanı imzalanan sənədlər də əməkdaşlığın konkret nəticələrə hesablandığını göstərir. Nəqliyyat, logistika, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar tərəflərin strateji baxışının göstəricisidir. Bu sənədlər gələcəkdə ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və regionun tranzit imkanlarının daha səmərəli istifadəsinə xidmət edəcək”.
“Bakı-Aşqabad münasibətləri artıq ikitərəfli formatın sərhədlərini aşır”
O həmçinin deyib ki, Prezident İlham Əliyevin bəyanatında diqqətçəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi dəstəyə görə təşəkkür etməsi oldu: “Dövlət başçısı bunu tarixi hadisə adlandırdı. Bu yanaşma təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixən və mədəni baxımdan Mərkəzi Asiya ilə sıx bağlıdır. Bu gün isə nəqliyyat dəhlizləri və enerji layihələri həmin əlaqələri daha da gücləndirir. Əslində, Bakı ilə Aşqabad arasında münasibətlər artıq ikitərəfli formatın sərhədlərini aşır. Bu əməkdaşlıq türk dünyasının inteqrasiyasına, Xəzər regionunun inkişafına və Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına xidmət edir. Prezident İlham Əliyevin “siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi” fikri də məhz bu reallığın ifadəsidir. Bu gün Azərbaycan və Türkmənistan təkcə dost və qardaş dövlətlər deyil. Onlar Xəzər hövzəsinin gələcəyini formalaşdıran, regional əməkdaşlığın istiqamətlərini müəyyən edən və türk dünyasının birliyinə töhfə verən iki strateji tərəfdaşdır. Sərdar Berdiməhəmmədovun Bakıya səfəri isə bu tərəfdaşlığın qarşıdakı illərdə daha da güclənəcəyinin mühüm siyasi mesajı kimi tarixə düşür”.
“Əlaqələrimiz dinamik inkişaf tempinə malikdir”
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində yeni səhifə açacaq: “Buna heç bir şübhə yoxdur. İki dövlət arasında imzalanmış sənədlərin sayı 12-dir. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan-Türkmənistan əlaqələri dinamik inkişaf tempinə malikdir və ikitərəfli münasibətlərimizin inkişafının hüquqi normativ bazası daha da zənginləşib. 2017-ci ildən bəri münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir, fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür və Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun keçirdiyi həm təkbətək görüş, həm geniş tərkibdə görüş, mətbuat üçün verdikləri bəyanatlar və imzalanmış sənədlər bir daha təsdiqləyir ki, elə bir məsələ yoxdur ki, onun həlli mümkünsüz olsun. Xüsusilə də iki dövlət arasında əlaqələrin inkişafında enerji sektoru, nəqliyyat logistika sahələri xüsusi önəm kəsb edir. Nəzərə alsaq ki, Türkmənistan dünyanın qaz potensialı baxımından dördüncü dövlətidir. Doğrudan da nəhəng enerji potensialına malik dövlətdir. Azərbaycan da həm neft, həm qaz sahəsində dünyanın aparıcı dövlətlərindən biridir və bu sahədə əməkdaşlıq bu gün prioritet istiqamətlərdən biridir. İmzalanmış sənədlərdən biri də məhz bu sferanı əhatə edir”.
Yeni perspektivlər
E.Nəsirov vurğulayıb ki, hər iki dövlət Şərq-Qərb Nəqliyyat Dəhlizinin üzərində yerləşir və Orta Dəhliz layihəsi çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı yeni perspektivlər açılıb: “Təkcə ənənəvi deyil, həm də yaşıl enerji sahəsində əməkdaşlığımızın da ciddi əsasları formalaşmaqdadır. Çox sevindirici haldır ki, Türkmənistan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də dəstək verən dövlətlər sırasındadır və keçən il Füzulidə Türkmənistan dövləti tərəfindən məscidin tikintisinə başlanıldı və bu proses getməkdədir. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana neft daşıyan “Dostluq” tankerini hədiyyə etdi. Bu da bizim dostluğumuzun simvoluna, tərənnümünə çevrilib. Doğrudan da bu gün Azərbaycan-Türkmənistan münasibətləri çox sürətlə inkişaf edir və bu, təkcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də reallaşmaqdadır. Türkmənistan bu təşkilatın müşahidəçi statusunda üzvüdür və belə səfərlər, imzalanmış strateji əhəmiyyətli sənədlər nəticə etibarı ilə Türkmənistanın TDT-yə tam hüquqlu üzv olması üçün də mühüm baza formalaşdırıb. Sonda onu qeyd edim ki, bu gün rəsmi Bakı Aşqabad münasibətləri dinamik inkişaf edir”.
Röya İsrafilova