
“Axios” mənbələrinə istinadən məlumat yayıb ki, İsrail rəsmiləri ABŞ-İran sazişinin mümkün yekunlaşdırılmasına son dərəcə şübhə ilə yanaşırlar. Çünki onun imzalanması İsrailin Baş naziri Benyamin Netanyahuya zərbə ola bilər. Portal mənbəyə istinadən bildirib ki, Netanyahu razılaşmanın baş tutacağını və onun qarşısını ala bilməyəcəyini başa düşüb.
Portalın məlumatına görə, Netanyahunun rəqibləri onu ABŞ Prezidenti Donald Trampın İranla münaqişəyə son qoymaq üçün qoyduğu şərtlərə razılaşması səbəbindən ölkəni "vassal dövlətə" çevirməkdə ittiham edirlər. Nəticədə Netanyahunun bəyan etdiyi məqsədlərə çatmadan saziş imzalamaq ona ciddi strateji və siyasi zərbə olardı. Bildirilib ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməkdən yayınmağa çalışırlar, lakin qarşıdan gələn razılaşmaya, o cümlədən İsrailin Livandakı hərəkətlərini məhdudlaşdıracağı ilə bağlı məsələlərə şübhə ilə yanaşırlar. Qeyd edilib ki, amerikalılar Yaxın Şərqdəki həmkarlarını sakitləşdirməyə çalışırlar və ümid edirlər ki, razılaşmanın tam şərtlərini öyrəndikdən sonra fikirlərini dəyişəcəklər.
“Vaşinqton Post” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb ki, ABŞ kəşfiyyat orqanları İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqton və Tehran arasında mümkün yekun razılaşmanı pozmağa yönəlmiş addımlar ata biləcəyindən narahatdır.
Məlumata görə, ABŞ administrasiyası Netanyahu hökumətinin Prezident Donald Trampın İranla uzunmüddətli razılaşma əldə etmək səylərinə mane ola biləcəyi barədə xəbərdar edilib. Kəşfiyyat qiymətləndirmələrində İsrail rəhbərliyinin Livanda Hizbullaha qarşı əməliyyatları davam etdirmək niyyətində olduğu bildirilir. Halbuki Livanda hərbi fəaliyyətin dayandırılması ABŞ-İran razılaşmasının əsas şərtlərindən biri hesab olunur. Nəşrin məlumatına görə, İsrail hakimiyyəti Vaşinqton və Tehran arasında müzakirə olunan memorandumun şərtlərindən narazıdır və onu İrana qarşı kifayət qədər sərt hesab etmir. ABŞ rəsmiləri hesab edirlər ki, İsrailin cənubi Livandan qoşunlarını çıxarmaqdan imtina etməsi belə mümkün razılaşmanı risk altına qoya bilər.
Livan Prezidenti Cozef Aun deyib ki, Vaşinqton və Tehran arasında Yaxın Şərq müharibəsinə son qoymaq üçün əldə ediləcək razılaşmanın İsrail ilə Hizbullah arasındakı münaqişəyə qəti son
“Livanın təhlükəsizliyinin regionda sabitliyin möhkəmləndirilməsi üzrə istənilən səylərin ayrılmaz hissəsi olmağını yüksək qiymətləndirirəm. Livan xalqı ümid edir ki, bu razılaşmalar zorakılığa qəti son qoyacaq. Həmçinin sabitlik, təhlükəsizlik, bərpa və yenidənqurma mərhələsinin başlanğıcını qoyacaq praktiki addımlara çevriləcək”, - o bildirib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları ilə İran arasındakı razılaşmanın şərtlərinə heç bir formada əməl etmək məcburiyyətində deyil. Çünki İsrail Vaşinqtonun tabeliyində fəaliyyət göstərmir.
"Biz Livan Hizbullahının tamamilə məhv edilməsindən daha azına razı ola bilmərik. Eyni zamanda, ordumuzun ələ keçirdiyi və terrorçuların infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik", - deyə o vurğulayıb.
Politoloq Bakir Həsənbəyli deyib ki, İsveçrədə ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı kimi təqdim olunsa da, prosesin gedişi bunun asan olmayacağını göstərir. Xüsusilə, Livan cəbhəsində İsrail-Hizbullah qarşıdurmasının davam etməsi, İranın bütün cəbhələrdə paralel sakitlik tələb etməsi və Hörmüz boğazı ilə bağlı sərt addımları danışıqların uğursuzluğa düçar ola biləcəyi barədə ehtimalları gücləndirib. ABŞ-İran danışıqlarının əsas problemi nüvə dosyesindən daha genişdir. Tehran yalnız bir istiqamətdə razılaşma istəmir, prosesin Livan, İsrail, Hizbullah və regional təhlükəsizlik paketini də əhatə etməsində israrlıdır: “İsrailin Livan siyasəti birbaşa təhlükəsizlik məntiqi ilə bağlıdır. İsrail üçün Hizbullah sadəcə regional aktor deyil, milli təhlükəsizlik təhdididir. Bu səbəbdən də Təl-Əviv belə məsələlərdə daha qətiyyətli davranır və yarımçıq dayanmaq istəmir. İsrailin Livanın cənubunda, xüsusilə Nəbatiyə istiqamətində irəliləməsi danışıqların taleyinə birbaşa təsir edir. Rəsmi Təl-Əviv Hizbullahla mübarizədə bu qədər məsafə qət etmişkən əməliyyatları dayandırmaqda maraqlı görünmür. İsrail Nəbatiyə istiqamətinə yaxınlaşdığı bir mərhələdə geri çəkilmə və ya tam dayanma qərarı onun hərbi-siyasi məntiqinə uyğun gəlmir. Təl-Əviv hesab edir ki, Hizbullahın hərbi infrastrukturu zəiflədilmədən Livan cəbhəsində real təhlükəsizlik təmin olunmayacaq. Məhz, bu məqam ABŞ-İran danışıqlarında paket həll imkanlarını zəiflədir. Çünki İran yalnız nüvə məsələsi və sanksiyalar üzrə deyil, bütün regional cəbhələrdə paralel nəticə almağa çalışır. İranın yanaşması budur ki, əgər razılaşma olacaqsa, bu, yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşmamalıdır. Livan cəbhəsində savaş dayanmalı, İsrailin Hizbullaha qarşı əməliyyatları dayandırılmalı və regional təzyiq mexanizmləri yumşaldılmalıdır. ABŞ isə bu prosesi tam nizamlaya bilmir, çünki İsrailin hərbi qərarlarına tam nəzarət etmək Vaşinqton üçün də asan deyil”.
O, qeyd edib ki, ABŞ-ın İsraili tam dayandıra bilməməsi İranı adekvat cavab mexanizmlərinə yönəldir. Hörmüz boğazı ilə bağlı addımlar da məhz, bu kontekstdə oxunmalıdır. Tehran görür ki, masa arxasında verilən vədlər meydanda qarşılıq tapmır. Livanda döyüşlər davam edirsə, İsrail Hizbullaha qarşı əməliyyatları genişləndirirsə, İran da təzyiq kartı kimi Hörmüz boğazını yenidən gündəmə gətirir. Bu, İranın danışıqlarda əlini gücləndirmək üçün istifadə etdiyi ən ciddi alətlərdən biridir. İsveçrə danışıqlarının uğursuzluq riski məhz tərəflərin fərqli nəticə gözləntisindən qaynaqlanır. ABŞ prosesi daha çox nüvə proqramı, sanksiyalar və regional eskalasiyanın idarə olunması çərçivəsində görür. İran isə bunu bütün cəbhələri əhatə edən ümumi təhlükəsizlik razılaşması kimi qəbul etdirmək istəyir. Əgər Livan cəbhəsi bağlanmırsa, Hizbullah məsələsində İsrail geri çəkilmirsə və ABŞ buna təminat verə bilmirsə, İran üçün bu razılaşma natamam sayılır. Natamam razılaşma isə Tehranın gözündə strateji məğlubiyyət kimi görünə bilər. Buna görə də danışıqlar formal olaraq davam etsə belə, real nəticə əldə etmək çətinləşir. İsveçrədəki prosesin taleyi təkcə ABŞ və İran masasında deyil, həm də Livanın cənubunda, İsrailin hərbi qərarlarında və Hörmüz boğazı ətrafında yaranacaq vəziyyətdə müəyyənləşəcək: “Livan Prezidenti Cozef Aun bəyan edib ki, ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlar Yaxın Şərqdəki münaqişələrin nizamlanmasına dair ABŞ-İran razılaşmaları ilə əlaqəli deyil. Aun vurğulayıb ki, Beyrut danışıqların Livan istiqamətinin müstəqil qalacağına dair təminatlar alıb. “Əldə etdiyimiz təminatlar və prinsipial mövqeyimiz ondan ibarətdir ki, danışıqlarda Livanın yolu müstəqildir. Bununla yanaşı, biz əlbəttə ki, atəşkəsi dəstəkləyirik və İran da daxil olmaqla istənilən ölkənin yardımını alqışlayırıq. Bu açıqlama İran və Pakistanın Livanın ABŞ-İran razılaşmasının əhatə dairəsinə daxil edildiyini bəyan etməsindən sonra səsləndirilib. Aun qeyd edib ki, danışıqlarla bağlı qərarlar yalnız Livan dövləti tərəfindən qəbul olunur. Livan dövləti qərarlarını özü verir və ilk dəfədir ki, danışıqları məhz özü aparır. Heç kim bizim adımızdan danışıqlar aparmır. Prezidentin bu açıqlamaları gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan İsrail-Livan danışıqlarının beşinci raundu ərəfəsində səsləndirilib. Göründüyü kimi masa gərginlik yaradan bəyanatlarla müşahidə olunur. Bu vəziyyətin heç də asan həll olunacağı təəssüratını yaratmır”.
Politoloq Elşən Manafov isə deyib ki, ABŞ-ın İsrailin təhriki ilə İrana qarşı bu ilin fevralında başlamış olduğu müharibə uzun illər Ag evin İrana münasibətdə sərgilədiyi mövqenin növbəti dəfə səmərəsizliyini təsdiq etməklə yanaşı, dünyanın enerji və maliyyə bazarlarında dərin iqtisadi böhran doğurub. Dünyanı bürüyəcək iqtisadi fəlakət böhranının dərinləşmə ehtimalı və bununla bağlı beynəlxalq aləmdə Trampist Amerikasının siyasətindən olan narazılığın artması, bu narazılığn hətta ABŞ-ın müttəfiqi olan ölkələrdə doğurduğu geosiyasi və iqtisadi rezonans rəsmi Vaşinqton etiraf etməsə də Ag evi İranla İsveçrədə başlanmış danışıqlarda güzəştə getmək, əvvəlki mövqelərindən geri çəkilmək məcburiyyətində qoyub. Rəsmi Tehranı təmsil edən nümayəndə heyətinin ABŞ qarşısında irəli sürdüyü sərt şərtlər və onların qəbul olunmayacağı təqdirdə danışıqların dayandırılacağı ilə bağlı mövqeyi bunun əyani şübutudur. İranın İsveçrəyə təşrif buyurmuş nümayəndə heyəti İrana başlanmış hücumla bağlı ABŞ-ın rəsmi şəkildə üzr istəməsini, ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsini, İsrail qoşunlarının dərhal Cənubi Livandan çıxarılmasını, mərhələlərlə ABŞ hərbi bazalarının Yaxın Şərq ölkələrindən çıxarılmasını tələb edir. Bundan əlavə İran Hörmuz boğazına nəzarət hüququnun beynəlxalq dəniz hüququna söykəndiyini bəyan etməklə, boğaza nəzarət hüququnun onun suveren dövlət kimi təhlükəsizlik maraqlarından irəli gəldiyini söyləyir: “Hazırda Pakistan və Qətər diplomatlarının İranlı həmkarlarını ABŞ-la danışıqlar masası arxasına gətirmək səyləri hələ ki, bir nəticə vermir. Müharibə bölgədə yeni bir regional qüvvənin hərbi imkanlarının qabardılması və əyanı nümayişi baxımından region ətrafında yeni qüvvələr nisbətinin formalaşması ilə ekspertlərin diqqətini özunə çəkib. ABŞ prezidenti Trampın açıqlamalarının ziddinə olaraq İrandakı siyasi rejim çökməyib, əksinə başlanmış müharibə cəmiyyətin rejim ətrafında monolit birliyinin daha da, möhkəmlənməsinə gətirib çıxarıb, iqtisadiyyat müharibənin doğurduğu iqtisadi və sosial problemlərin yükunə davam gətirib,ordu və təhlükəsizlik qüvvələrinin döyüş ruhu sarsılmayıb, ordu öz hərbi gucunu və potensialını qoruyub saxlaya bilib. ABŞ-ın gözləntilərindən fərqli olaraq onun NATO üzrə müttəfiqləri, Avropa Birliyi İrana qarşı başlanmış hərbi kampaniya dönəmində ona dəstək olmadılar və böyuk Yeddiliyin bu günlərdə keçirilən toplumunda yaşanan hadisələr bunun əyani sübutu oldu”.
İsrailə gəlincə, Netenyahu hökumətinin ölkə seciçiləri qarşısında reytinqinə güclu ziyan dəyib. Bunu Qüdsdəki Herber universitetinin nəzdindəki sorğu mərkəzinin respodentlər arasında keçirdiyi sorğular da, təsdiq edir. Rəyi soruşulanların 92%-i İsrailin İranla növbəti savaşda məğlub olduğunu söyləyib, daha 74%-i isə parlamentə seçkilərin bu gün keçiriləcəyi təqdirdə ölkənin təhlükəsizlik maraqlarından çıxış edərək Netenyahu partiyasına səs verməyəcəklərini bildiriblər: “İranın İsrailin öz qoşunlarını Cənubi Livandan çıxarılması ilə bağlı sərt tələbi göstərir ki, o İsraillə münasibətlərinin yeni mərhələsinə keçidə hesablanmış siyasətinin qəbul olunmasında israrlıdır. Bu mərhələ İsrailin müttəfiqləri ilə bahəm Yaxın Şərqdə növbəti dəfə Suriya senarisinin həyata keçirilməsinin əngəllənməsinə hesablanmış bir siyasət ola bilər. Digər tərəfdən İranın proiksi qüvvələrə dəstəyini kəsməyəcəyi ilə bağlı mövqeyi göstərir ki, o özünün regional geosiyasi maraqlarını qorumaq üçün ABŞ və İsraillə əməkdaşlıq edən ərəb dövlətlərinin siyasi elitaları ilə qarşıdurmada proiksi qüvvələrin dəstəyinin doğurduğu reallıqlardan məmnundur və geri çəkilmək mövqeyində deyil. İranın özünün Qərbdə dondurulmuş aktivlərinin nəhayət ki, ona qaytarılması ilə bağlı tələbləri göstərir ki, rəsmi Tehran müharibənin regionda doğurduğu yeni güc balansının reallıqlarından çıxış edərək öz tələblərinin qəbul edilməsinə çalışacaq. Müharibə ABŞ iqtisadiytatına artıq 30 milyarddan çox ziyan vurub və Tramp iqtidarı müharibənin davam etdiriləcəyi təqdirdə demokratların təhriki ilə ölkədə sosial və siyasi narazılığının artma ehtimallarını, habelə müharibənin beynəlxalq enerji və maliyyə bazarlarında doğurduğu böhran və onun nəticələrini gözə almaq məcburiyyətindədir”.
Cavid