
Dünya iqtisadiyyatında baş verən geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər qlobal miqyasda olduğu kimi, Azərbaycanın da iqtisadi gündəmini şərtləndirən əsas amillərdən birinə çevrilib. Neft qiymətlərindəki enişlər, xammal bazarlarındakı dəyişkənlik və logistika xərclərindəki dinamika daxili bazara, idxal-ixrac potensialına və ev təsərrüfatlarının büdcəsinə birbaşa təsir göstərir. Bəs, qlobal proseslərin Azərbaycan iqtisadiyyatına real təsirləri nələrdir və ölkəmiz bu dalğalanmalara qarşı hansı mexanizmlərlə qorunur? Bu və digər məsələlər ətrafında ekspertlərin və millət vəkillərinin təhlillərini təqdim edirik.
“Enerji bazarı və geosiyasi risklər”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, 2026-cı ildə qlobal iqtisadiyyata təsir edən əsas amillərdən biri Yaxın Şərqdə baş verən proseslər, xüsusilə də Hörmüz boğazında yaranan vəziyyət olub: “Növbəti aylarda da Hörmüz boğazından istifadə imkanları qlobal iqtisadi proseslərə, xüsusilə enerji bazarına birbaşa təsir göstərəcək. Əslində, neftin qiymətindəki dəyişikliklər yalnız qlobal iqtisadiyyatda geriləmələrlə bağlı deyil. Dünya bazarında neft qiymətlərinə həm texniki, həm də siyasi amillər təsir edir. İran-ABŞ münasibətləri və danışıqlar prosesi də neft qiymətlərinin formalaşmasına təsir göstərən əsas faktorlardan biridir. Hörmüz boğazından istifadə imkanlarının genişlənməsi gələcək dövrlərdə enerji bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək.
Qlobal iqtisadiyyatın gələcək dinamikası müəyyən mənada İran-ABŞ münasibətlərindən də asılı olacaq. Yaxın Şərqdəki vəziyyət strateji məhsulların, xüsusilə enerji resurslarının qiymətlərinə birbaşa təsir göstərir”.
Deputat qeyd edib ki, Azərbaycan idxal olunan məhsulların qiymətlərinin optimallaşdırılması və inflyasiya təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçirir: “Əsas məqsəd 2026-cı il üçün nəzərdə tutulan inflyasiya hədəfinin qorunub saxlanılmasıdır. Yay mövsümündə kənd təsərrüfatı məhsullarının təklifinin artması idxal inflyasiyasının təsirlərini müəyyən qədər azaldır. Lakin qarşıdakı dövrlərdə əsas diqqət xüsusilə payız və növbəti mövsümlərdə idxal inflyasiyasının təsirlərinin minimuma endirilməsinə yönələcək.
Bu istiqamətdə hökumət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir”.
Uzunmüddətli təhlil və gözləntilər
İqtisadçı ekspert Günay Hüseynova qlobal bazarlardakı dəyişikliklərin, xüsusilə neft qiymətlərinin ucuzlaşması və qızıl bazarındakı hərəkətliliyin iqtisadi proseslərə təsiri ilə bağlı bildirib ki, neft qiymətlərində eniş və qızıl bazarında dəyişkənlik iqtisadiyyatda mütəmadi müşahidə olunan proseslərdəndir: “Bu gün mediada neftin ucuzlaşması ilə bağlı yayılan xəbərlər o demək deyil ki, ölkə iqtisadiyyatı çökəcək və ya həyəcan təbili çalınmalıdır. Eyni zamanda qızılın qiymətində baş verən dəyişikliklər də rekord həcmdə satışların olacağı və ya iqtisadiyyatda ani, gözlənilməz dəyişikliklərin baş verəcəyi anlamına gəlmir”.
G.Hüseynovanın sözlərinə görə, iqtisadi proseslərlə bağlı düzgün proqnoz vermək üçün qısamüddətli dəyişikliklər deyil, daha uzunmüddətli dinamika nəzərə alınmalıdır: “İqtisadiyyatda hər hansı hadisənin orta və uzun müddətli hərəkətliliyini görmədən proqnoz vermək tamamilə yanlışdır. Hətta neft qiymətlərinin kəskin yüksəldiyi dövrlərdə belə dəqiq proqnoz vermək çətin olur. Çünki bir gecədə tətbiq edilən sanksiya və ya geosiyasi qərar bütün planları dəyişə bilər”.
Ekspert qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin istehlakçılara və ev təsərrüfatlarının büdcəsinə təsirini qiymətləndirmək üçün zaman amilinin vacib olduğunu qeyd edib: “Bu təsirləri müəyyən etmək üçün ilk növbədə həmin dəyişkənliyi uzunmüddətli müşahidə etmək lazımdır. Ən azı 3-6 aylıq dövr ərzində əməkhaqqı artımları, sosial ödənişlər, eləcə də dövlət büdcəsinin gəlir və xərcləri təhlil edilməlidir. Qlobal iqtisadi dalğalanmaların ölkə iqtisadiyyatına təsiri qaçılmazdır.
Təbii ki, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər təsirsiz ötüşmür. Lakin əsas məsələ dalğalanmaların nəzərdə tutulan səviyyədən, yəni normadan artıq olmasıdır. Belə hallarda büdcədən ayrıla biləcək vəsaitlərin həcminə təsir göstərə bilər”.
İkitərəfli təsir
İqtisadçı-ekspert Natiq Cəfərli söyləyib ki, dünya bazarında baş verən proseslər bütün ölkələrin iqtisadiyyatına müəyyən təsir göstərir: “Neftin qiymətindəki dəyişikliklər Azərbaycanın iqtisadi göstəricilərinə də təsirsiz ötüşmür. Neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün həm mənfi, həm də müəyyən müsbət təsirlər yarada bilər.
Azərbaycan idxaldan asılı ölkədir. Neftin ucuzlaşması bir tərəfdən ölkənin valyuta gəlirlərinin azalmasına təsir edir. Digər tərəfdən isə idxal ölkəsi olduğumuza görə tranzit, yükdaşıma və logistika xərclərinin azalmasına səbəb ola bilər. Bu baxımdan ölkəyə gətirilən məhsulların maya dəyərində müəyyən ucuzlaşma baş verə bilər.
Dünya bazarındakı dəyişikliklər Azərbaycan iqtisadiyyatına müxtəlif istiqamətlərdən təsir göstərir. Yəni neft qiymətlərinin enməsi Azərbaycana ikitərəfli təsir edir. Bir tərəfdən gəlirlər azalır, digər tərəfdən isə idxal xərclərinin müəyyən qədər aşağı düşməsi mümkündür”.
Ekspert qızılın qiymətindəki dəyişikliklərin isə Azərbaycan iqtisadiyyatına birbaşa təsirinin olmadığını qeyd edib: “Qızıl daha çox xüsusi investisiya aləti kimi və ya toy-nişan mərasimləri ilə bağlı bazarlarda əhəmiyyət daşıyır. Amma qızılın qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatının ümumi strukturuna, daxili iqtisadi proseslərə birbaşa təsir göstərən amil deyil”.
İstehlakçıların alıcılıq qabiliyyəti
İqtisadçı-ekspert Elçin Məmmədov bildirib ki, neft qiymətlərinin ucuzlaşması Avropa və Asiyadan idxal olunan məhsulların müəyyən hissəsinin qiymətlərinin aşağı düşməsinə şərait yarada bilər: “Qızılın qiymətindəki dəyişikliklərin isə gündəlik tələbat malları və məişət məhsullarının dəyərinə təsiri çox azdır.
Ev təsərrüfatlarının büdcəsinə əsas təsir edən amil istehlak məhsullarında qiymət artımıdır. Qiymət artımı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldır. Büdcənin nominal həcmi dəyişməsə də, bahalaşma nəticəsində həmin vəsaitin real dəyəri və əldə edilə bilən məhsulların miqdarı azalır”.
Günel Elxan