
“Azərbaycan son illər yalnız iqtisadi, siyasi və hərbi sahələrdə deyil, dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində də mühüm uğurlar əldə edib. Bu prosesin əsas istiqamətlərindən biri rəqəmsal dövlət modelinin qurulmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm tərkib hissəsinə çevrilən rəqəmsallaşma siyasəti artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da məhz bu strateji kursun davamı kimi xüsusi əhəmiyyət daşıyır. İclasda qəbul olunan qərarlar göstərir ki, Azərbaycan artıq elektron xidmətlərin sadəcə sayını artırmaq deyil, onları vahid, çevik və vətəndaşyönümlü idarəetmə modelinə çevirmək mərhələsinə keçib. Bu isə rəqəmsal dövlət quruculuğunda keyfiyyətcə yeni mərhələ deməkdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir texnologiyalar dövlət idarəçiliyinin səmərəliliyini artıran əsas vasitələrdən biridir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
Deputatın fikirlərinə görə, son illər ölkədə "ASAN xidmət" modelinin yaradılması, elektron hökumət platformalarının inkişafı, rəqəmsal imza sisteminin geniş tətbiqi, dövlət xidmətlərinin elektronlaşdırılması və informasiya texnologiyalarına böyük investisiyaların qoyulması bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir: “Bu gün Azərbaycan beynəlxalq səviyyədə rəqəmsal idarəetmə sahəsində uğurlu təcrübəyə malik ölkələr sırasında göstərilir. Yeni mərhələnin əsas məqsədi isə ayrı-ayrı informasiya sistemlərini vahid ekosistem altında birləşdirmək və vətəndaşa "bir pəncərə" prinsipi əsasında xidmət göstərməkdir. İclasın ən mühüm qərarlarından biri dövlət qurumlarının ayrı-ayrı mobil tətbiqlərinin və elektron platformalarının mərhələli şəkildə "mygov" və "mygov Biznes" platformalarında birləşdirilməsidir. İndiyədək vətəndaş sosial xidmət üçün bir tətbiqdən, səhiyyə üçün başqa platformadan, kommunal xidmət üçün isə tamamilə fərqli sistemdən istifadə edirdi. Bu isə həm vaxt itkisi yaradır, həm də istifadəçi rahatlığını azaldırdı. Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" platformaları tam inteqrasiya olunub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin də ilin sonunadək tam şəkildə "mygov" üzərindən təqdim olunması planlaşdırılır. Bu dəyişiklik əslində dövlət idarəçiliyində yanaşmanın dəyişməsi deməkdir. Məqsəd vətəndaşı müxtəlif dövlət qurumlarının qapısını döyməyə məcbur etmək deyil, bütün xidmətləri bir platformada təqdim etməkdir”.
J.Əliyeva bildirib ki, Rəqəmsal İnkişaf Şurasının qərarları arasında ən diqqətçəkən istiqamətlərdən biri proaktiv dövlət xidmətlərinin genişləndirilməsidir: “Bu yanaşmaya əsasən dövlət informasiya sistemlərində bütün zəruri məlumatlar mövcud olduqda vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Məsələn, yaşa görə əmək pensiyası artıq avtomatik təyin olunacaq. Vətəndaş əlavə sənəd toplamayacaq, müxtəlif qurumlara müraciət etməyəcək. Dövlət özü məlumatları emal edəcək və pensiya təyin ediləcək. Eyni prinsip uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsində də tətbiq olunacaq. Doğum faktı sistemdə qeydə alınan kimi valideynin heç bir əlavə müraciət etməsinə ehtiyac qalmadan müvafiq ödəniş həyata keçiriləcək. Bu yeniliklər təkcə texniki yenilik deyil. Bu, dövlət-vətəndaş münasibətlərinin mahiyyətinin dəyişdiyini göstərən mühüm islahatdır. İclasda qəbul olunan digər mühüm qərar sənədlərin etibarlılıq müddəti ilə bağlı avtomatik xəbərdarlıq sisteminin tətbiqidir. Şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və sürücülük vəsiqəsinin müddəti başa çatmazdan əvvəl vətəndaşa məlumat veriləcək. İlk baxışdan sadə görünən bu xidmət əslində minlərlə insanın qarşılaşdığı problemlərin qarşısını alacaq”.
O həmçinin vurğulayıb ki, müasir rəqəmsal dövlət məhz belə işləyir: “Dövlət yalnız xidmət göstərmir, eyni zamanda vətəndaşı əvvəlcədən məlumatlandırır, riskləri azaldır və gündəlik həyatı asanlaşdırır. Rəqəmsallaşma yalnız rahatlıq demək deyil. Bu, həm də dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, insan amilindən asılılığın minimuma endirilməsi, korrupsiya risklərinin azaldılması və bürokratik maneələrin aradan qaldırılması deməkdir. Vahid rəqəmsal platformalar dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirir, qərarların qəbulunu operativləşdirir və xidmətlərin keyfiyyətini artırır. Bütün bunlar Prezident İlham Əliyevin müəyyən etdiyi müasir idarəçilik modelinin əsas prinsipləri ilə tam uzlaşır. Bu modelin mərkəzində isə insan amili - vətəndaş dayanır. Dünyada rəqəmsallaşma artıq texnologiya məsələsi deyil, milli inkişafın əsas göstəricilərindən biri hesab olunur. Süni intellekt, böyük verilənlər, elektron xidmətlər və rəqəmsal platformalar dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycan da bu qlobal transformasiyanın fəal iştirakçısıdır. Son illərdə həyata keçirilən islahatlar göstərir ki, ölkəmiz rəqəmsal dövlət quruculuğu sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə davam edir”.
Deputatın sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu baxımdan mühüm yol xəritəsini müəyyənləşdirdi: “Qəbul olunan qərarlar təkcə bugünkü problemlərin həllinə deyil, gələcəyin dövlət modelinin formalaşdırılmasına xidmət edir. Ən başlıcası isə odur ki, bütün bu islahatların mərkəzində insan amili dayanır. Məqsəd texnologiyanı nümayiş etdirmək deyil, vətəndaşın həyatını asanlaşdırmaq, dövlət xidmətlərini daha sürətli, daha şəffaf və daha əlçatan etməkdir. Məhz buna görə də Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul edilən qərarlar Azərbaycanın rəqəmsal inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji islahatlar və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın koordinasiya etdiyi bu yeni mərhələ dövlət idarəçiliyinin daha müasir, çevik və səmərəli modelinin formalaşmasına, ölkənin dayanıqlı inkişafına və vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə mühüm töhfə verəcək”.
Röya İsrafilova