“Sanksiyalar müharibənin gedişatını köklü şəkildə dəyişməyəcək” Gündəm

“Sanksiyalar müharibənin gedişatını köklü şəkildə dəyişməyəcək”

“Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi Brüsselin Moskvanın iqtisadi və hərbi potensialını zəiflətmək istiqamətində uzunmüddətli strategiyasının davamı kimi qiymətləndirilə bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq diqqətə çatdırıb ki, sanksiyalar əsasən enerji sektoru, maliyyə əməliyyatları, hərbi sənaye ilə əlaqəli məhsulların ixracı və Rusiyanın sanksiyalardan yayınmaq imkanlarının məhdudlaşdırılmasına yönəlib: “Bununla Aİ bir tərəfdən Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmağa, digər tərəfdən isə üzv dövlətlər arasında vahid siyasi mövqeni qorumağa çalışır. Eyni zamanda, üçüncü ölkələr vasitəsilə sanksiyaların dolanılması hallarına qarşı nəzarətin gücləndirilməsi də Brüsselin prioritetlərindən biri kimi çıxış edir”.

Onun fikirlərinə görə, sanksiyaların qısa müddətdə müharibənin gedişatını köklü şəkildə dəyişəcəyini gözləmək çətindir: “Rusiya son illərdə iqtisadiyyatını müəyyən qədər yeni bazarlara uyğunlaşdırmağa çalışıb və Asiya istiqamətində ticarət əlaqələrini genişləndirib. Buna baxmayaraq yüksək texnologiyalara çıxışın məhdudlaşdırılması, investisiya axınının azalması və maliyyə məhdudiyyətlərinin dərinləşməsi uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər”.

“Ümumilikdə, Aİ-nin yeni sanksiyalar siyasəti hərbi təzyiqdən daha çox iqtisadi və siyasi təzyiq mexanizmi kimi çıxış edir və məqsəd Moskvanın strateji qərarlarına təsir göstərməkdir” - deyə Z.Qarayeva əlavə edib.

Röya İsrafilova