Azalan sərmayələr və real investisiya potensialımız İqtisadiyyat

Azalan sərmayələr və real investisiya potensialımız

Martın 29-31-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Toplantısı keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunur. KOBİA-nın təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendimizdə, həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilir.

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır. Tədbir çərçivəsində bir sıra istiqamətlər, o cümlədən mikro və kiçik sahibkarların dəstəklənməsi, onların iqtisadiyyatlarda rolunun artırılması sahəsində də müzakirələr aparılır.

Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatının qeyr-neft sektrounun özl sektorun investisiyalarına böyük ehtiyacı var. Bu baxımdan ölkəyə xarici sərmayələrin cəlb olunması vacib amildir. Xarici ölkələrdə ölkəmizin investisiya potensialının və iş adamlarına sərmayə yatırımı imkanlarının təqdim edilməsi faydalı ola bilər. Əslində son illər Azərbaycan iqtisadiyyatına investsiyaların azalması müşahidə olunur. Belə ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 10,537 milyard manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4,561 milyard manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,016 milyard manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir.

Bu ilə əvvəlindən də qeyri neft-qaz sektoruna sərmayələrin artımı müşahirə edilir. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1,340 milyard manat, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,1 faiz artıb. İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və ya 73,5 faizi məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı (17,9 faizi) xidmət sahələrinə, 114,8 milyon manatı (8,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu isə həm də o deməkdir ki, daxili investisiyalar xarici sərmayələrdən çoxdur və vəsaitlər daha çox tikinti sektoruna yönəldilir. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75,0 faiz, büdcə vəsaitləri 10,4 faiz, əhalinin şəxsi vəsaitləri 9,4 faiz, sair vəsaitlər 4,7 faiz, bank kreditləri isə 0,5 faiz təşkil etmişdir.

Bir sözlə, investisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 800-dək müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.

Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad edilə bilər. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.

Xarici investorları özəlləşdirmə prosesinə də daha aktiv şəkildə cəlb etmək olar. Özəlləşdirmə prosesində investorlara dəstək tədbirlərinin tətbiqi ilə bağlı müvafiq mexanizm qurulmalıdır. Hər halda “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) 2021-ci ildə sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər. AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür. Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

Bunlarla yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərinin investorlar üçün cəlbediciliyiniu artırmaq üçün stimullaşdırıcı addımlar atılmalıdır. İnvestorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi vacibdir. Müəssisələrin özəlləşdirmədən öncə restrukturizasiyası və sağlamlaşdırılması sahəsində tədbirlər, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrə dövlət dəstəyi imkanları, potensial investorlara daha əlverişli şəraitin yaradılması faydalı ola bilər.

Mahir Həmzəoğlu