Çindən Almaniyaya açılan yeni marşrut: Azərbaycanın iqtisadi mövqeyi daha da güclənir - TƏHLİL İqtisadiyyat
Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açır. Bu marşrut, həmçinin, qarışıq dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən keçəcək.
316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb. Bildirilir ki, qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə çatacaq.
"ADY Container"dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, qatar Qazaxıstanın Aktau limanına çatdıqdan sonra konteynerlər fider gəmisi vasitəsilə Bakı limanına göndəriləcək. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, yeni marşurut Azərbaycanın iqtisadi mövqeyini gücləndirməklə yanaşı, eyni zamanda, dövlət gəlirlərinin artmasına imkan yaradacaq.
“Xüsusən, Rusiya və İrana tətbiq edilən sanksiyalar fonunda regiona yükdaşımaların həcmində artımların olacağı gözlənilir. Azərbaycan yükdaşımalar baxımından regionda vacib bir ölkədir. Regional layihələrin reallaşması bir daha təsdiq edir ki, bütövlükdə beynəlxalq yükdaşımalar baxımından regional haba çevrilməkdədir. Eyni zamanda, Bakı-Tbilisi-Qars da sözügedən dəmiryolu xəttinə inteqrasiya olunacaq. Nəzərə alsaq ki, Bakı-Tiblisi-Qarsın reallaşması ilə bağlı həmin zaman bir sıra qərb ölkələrinin ciddi təzyiqləri vardı, buna rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində həmin dəmir yolu reallaşdı və bu gün artıq həmin dəmir yolu Asiya və Avropanı birləşdirən ümumi nəqliyyat xəttinin bir elementinə çevrilib, beynəlxalq yükdaşımalarda xüsusi paya malik olub”, – deyə o qeyd edib
V.Bayramov, həmçinin bildirib ki, pandemiyadan əvvəl Azərbaycan üzərindən daşınan qeyri-neft məhsulların həcmində 65 faiz artım qeydə alınıb.
“Bu isə ondan xəbər verir ki, mövcud infrastruktur, eyni zamanda, beynəlxalq yükdaşımalarla bağlı prosedurların elektronlaşdırılması nəticə etibarı ilə Azərbaycandan keçəcək, Çindən Almaniyaya qədər uzanacaq yolun Azərbaycan iqtisadiyyatına xüsusi töhfəsinin olmasına imkan yaradacaq və bu, təbii ki, Azərbaycanın dövlət gəlirlərinin artması üçün qeyri-neft sektoruna daxiolmalarda xüsusi mənbələrdən birinə çevriləcək”,- deyə o əlavə edib.
Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəinki ölkəmizin gələcək inkişafına hesablanıb, həm də region və qitələri birləşdirən layihələri vaxtında icra etməklə bu gün dəyişilən dünyada ölkəmizin qlobal əhəmiyyətini daha da artırıb.
“Rusiya-Ukrayna müharibəsi dünya ölkələrinin iqtisadi əməkdaşlığında yeni baxışlar meydana gətirib. Asiyanı Avropa ilə birləşdirən ənənəvi marşurutlar əhəmiyyətini itirmək mərhələsində olduğu bir zamanda yaratdığımız beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti günü-gündən artmaqdadır. Çinin təqdim etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşulan Azərbaycan ölkə daxilində yol infrastrukturunu müasirləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını (BBDTL) və Bakı-Tiblisi-Qars (BTQ) dəmir yolunu istifadəyə verməklə yeni beynəlxalq nəqliyyat dəhlizlərini ərsəyə gətirib”, - deyə deputat bildirib.
O qeyd edib ki, BBDTL ildə 10 milyon ton yükaşırma qabiliyiyyətinə malikdir və lazım gələndə bu həcmi iki dəfəyədək artırmaq iqtidarındadır.
“2021-ci ildə BBDTL vasitəsilə 5 milyon tondan çox yük aşırılmışdır. Bu da 2020-ci ilə nisbətən 20%-dən çox deməkdir. Bu onu göstərir ki, dünya ölkələrinin Azərbaycan üzərindən keçən marşrutlara marağı artmaqdadır. BTQ dəmir yolunun isə ilkin mərhələdə 6,5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon tondan çox yükləri daşıması potensialı vardır. Qeyd etdiyim kimi, bu gün Azərbaycanın təqdim etdiyi bu beynəlxalq dəhlizlər Çindən Avropaya daşınmaların zamanına 15 gün qənaet etməyə imkan verir. Bu, həm də daha az maliyyə vəsaitlərinin xərcləndiyi rentabelli marşurut olaraq günü-gündən daha da əhəmiyyətli olacaq.
Çin Almaniyaya yeni marşrut xəttini açdığını bildirmişdir və artıq 13 apreldə yük qatarını Sian şəhərindən Avrropaya yola düşüb. Yəni bu marşrut Qazaxıstan, Azərbaycan, Ruminiya, Macarıstan, Slovakiya, Çexiya, Xəzər və Qara dənizlərdən keçməklə daha səmərəli marşrut kimi dəyərləndirilmişdir. Ölkə başçımızın iqtisadiyyatın diversifikasiyası siyasəti, beynəlxalq nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi ilə ölkəyə daha çox gəlir gəlməyə başlamışdır. Azərbaycan yerləşdiyi coğrafi yerindən çox səmərəli istifadə edərək qitələri birləşdirən yeni marşrutları təqdim etməklə dünya üçün çox əhəmiyyətli ölkəyə çevrilməkdədir”, - deyə A.Badamov əlavə edib.