Bakı Enerji Həftəsi və yeni investisiya imkanları İqtisadiyyat

Bakı Enerji Həftəsi və yeni investisiya imkanları

İyunun 1-də Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi başlayıb. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılıb.

Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb. Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinə maraq çox yüksəkdir və bunu onun sponsorlarının tərkibindən də aydın görmək olar - “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”. İştirakçılar arasında “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edəcək.

Bakı Enerji Həftəsinin əlavə tədbirlər proqramı çərçivəsində ənənəvi olaraq ikitərəfli biznes görüşləri (B2B) keçiriləcək. “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Layihələrin çatdırılmasında istismara vermə mərhələsinin əhəmiyyəti”, “Energy Talks” sessiyaları: “Women in power”, “Bizimkilər”, “Neft və Qaz bazarında tələb olunan təchizatçı necə olmaq olar”, “Əhəmiyyətli dərəcədə fərqli xüsusiyyətlərə malik neft məhsullarının saxlanması və tədarük zəncirinin idarə edilməsi”, “Neft sənayesində SƏTƏM idarəetməsi” kimi mövzular müzakirə olunacaq.

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi keçiriləcək. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak edir. Bu ilin yenilikləri arasında bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri var. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini, bir sıra digər nailiyyətləri nümayiş etdirilər.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Ənənəvi olaraq, Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji “Caspian Power” 2022 sərgisi keçirilir. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edəcək. Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Qarabağda işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmini üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcək.

Son illər Azərbaycanda xarici investisiyaların azalması müşahidə olunur və belə bir dönəmdə Bakı Enerji Həftəsi kimi tədbirlərin keçirilməsi xarici investorların ölkəyə marağının artırılması və sərmayələrin təşviq olunması baxımından faydalı ola bilər. Hətta Azərbaycan iqtisadiyyatının qeyr-neft sahələrinin özəl sektorun investisiyalarına böyük ehtiyacı var. Bu baxımdan ölkəyə xarici sərmayələrin cəlb olunması vacib amildir. Məsələ ondadır ki, 2021-ci ildə əsas kapitala 16,127 milyard manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 10,537 milyard manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə, 4,561 milyard manatı (28,3 faizi) xidmət sahələrinə, 1 milyard manatı (6,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,8 milyard manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11,016 milyard manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir. Bu ilə əvvəlindən də qeyri neft-qaz sektoruna sərmayələrin artımı müşahirə edilir. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1,340 milyard manat, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,1 faiz artıb.

İyunun 2-3-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq. Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub. Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti və “BP eksploreyşn limited” şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqraminin həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.

Bu arada dünya bazarında neftin qiymətləri də bahalaşmaqdadır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar artaraq 122,84 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,67 dollar bahalaşaraq 115,34 dollar olub. 2022-ci ilin dövlət büdcəsində neftin qiymətlərinin 50 dollar götürüldüyünü nəzərə alsaq, “qara qızıl”ın indiki qiymətləri ölkəmiz üçün çox əlverişlidir. İndiki qiymətlər il boyu ortalama 100 dollardan yüksək olsa, Azərbaycan proqnozlardan 2 dəfə artıq gəlirlər əldə etmiş olacaq. Bu, Neft Fondunun gəlirlərini artıracaq, dövlət bücsəində də profisit yaranacaq və Qarabağda bərpa və yenidənqurma işlərinə daha çox vəsait ayırmaq imkanları yaranacaq. Bu il dövlət büdcəsindən Qarabağa 2,2 milyard manat ayrılıb.

2022-ci ildə Neft Fondunun xərclərinin gəlirlərindən çox olacağı proqnozlaşdırılsa da, neftin il ərzində 100 dollardan baha olacağı təqdirdə gəlirlərin daha çox gözləniləndir. Belə ki, bu il fondun gəliləri 10,6 milyard manat, xərcləri 12,8 milyard manat proqnozlaşdırılıb. Ancaq gəlirlər dünya bazarında neftin qiymətlərindən asılı olaraq daha yüksək də ola bilər. Fonddan 2022-ci ilin dövlət büdcəsinə transfertin yuxarı həddi 12,7 milyard manat nəzərdə tutulur.

Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Beləliklə, sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq, mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq və ölkəyə investisiyalar cəlb etmək üçün yeni imkanlar yaradacaq.

Mahir Həmzəoğlu