Dünya bazarında bahalaşan qaz və artan ixrac imkanlarımız İqtisadiyyat

Dünya bazarında bahalaşan qaz və artan ixrac imkanlarımız

Dünya bazarında qazın qiymətləri bahalaşmaqda davam edir. Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə 1000 kubmetr üçün 2600 dolları ötüb, 13% artım qeydə alınıb. Hollandiyadakı TTF habında sentyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2618,6 dollara yüksəlib. Bu da hələ son deyil. Qarşıdanm gələn qış aylarında Rusiyaya sanksiyalar səbəbindən “mavi yanacağın” qiymətlərinin daha yüksək olacağı gözlənilir.
Qazın bahalı əmtəəyə çevrilməsi qaz hasilatı və ixracını artıran Azəırbaycan üçün yaxşı xəbərdir. Nəzərə alsaq ki, Azərbaycanda neft hasilatı azalır, onu əvəzləyə bilən yeganə ixrac məhsulumuz artan qaz istehsalıdır, məsələnin əhəmiyyəti daha aydın olur. 2022-ci ilin yanvar-iyul aylarında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalıb, qaz hasilatı isə 15,3 faiz artıb.
Bu ilin birinci yarısında, 6 ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib. Həmin dövrdə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2022-ci il tarixinədək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyul tarixinədək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 01 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib. Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 2,7 milyon ton təşkil edib.
Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
Bu ilin 5 ayında hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac olunub. Ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 % çox olub. İxracın 48 %-i Avropanın, 38 %-i Türkiyənin, 14 %-i Gürcüstanın payına düşüb. 2021-ci ildə Azərbaycandan xaricə qaz satışı 18,9 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,8% çox) səviyyəsində olub. Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabatına əsasən, Türkiyəyə 8,5 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5% az) qaz ixrac olunub. O cümlədən Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə Türkiyəyə 5,6 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çox) qaz ixrac edilib. Avropaya 8,2 mlrd. kubmetr qaz ixrac edilib. 2021-ci ildə Azərbaycan Gürcüstana 2,2 mlrd. kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz az) qaz satıb.
Növbəti illərdə ölkəmizdə qaz istehsalının ildə 50 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. “Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyə bilər. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq. Dünya bazarında qazın qiymətlərinin yüksəlməsi Azərbaycanın maraqlarına cavab verir, ölkənin qaz ixracının və bu sahədən gəlirlərin artırılması ilə bağlı siyasətinin doğru olduğunu bir daha təsdiqləyir. 2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək.
Bunlarla yanaşı, ölkə daxilində də qazlaşdırma davam etdirilir. 2022-ci ildə regionlar üzrə 44 şəhər və rayonu, Bakı şəhəri üzrə isə 3 rayonu əhatə etməklə 116 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə, bunlardan Dövlət proqramına uyğun olaraq 106 kənd və massivdə işlərə başlanılıb. R.Cavadov qeyd edib ki, bu ilin yanvar-iyul aylarında SOCAR “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 825 milyon kubmetr təbii qaz qəbul edilib. O vurğulayıb ki, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə qazın qəbulunda 342 milyon kubmetr artım olub. Qurum rəsmisi bildirib ki, bu ilin iyul ayı ərzində isə 316 milyon kubmetr təbii qaz qəbul olunub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 14 milyon kubmetr çoxdur. R.Cavadov bu ilin yanvar-iyul ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur. Baş direktorun müavini, həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur.
Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin həcminin 8 % təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5 % azdır. Bu il avqustun 1-nə SOCAR “Azəriqaz” İB üzrə qaz istehlakçılarının sayı 2 473 107-ə çatıb. Bu ilin yanvar-iyul ayı ərzində 31 412 , cari ilin iyul ayı ərzində isə 3 258 yeni abonent qeydiyyata alınıb. Göründüyü kimi, daxili bazarda da istehlakçıların sayı artır. Çünki ölkə daxilində “mavi yanacağa” böyük təlabat var. Hələ də qazlaşdırılmamış və yaxud hər hansı kəndin yalnız bir hissəsinə qaz verilmiş regionlar var. Üstəlik qazın tarifləri dağlıq rayonların əhalisi üçün əlverişli deyil, insanlar qışda bahalı qazdan istifadə edə bilmədiyindən odun yandırır. Bu isə meşələrin, həyətyanı sahələrdə ağacların qırılmasını stimullaşdırır. Yaxşı olardı ki, qış ayları daha sərt keçən dağlıq rayonlar üçün qaz istehlakına tədbiq olunan limit aradan qaldırılsın. Hazırda illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır, əvvəl bu, 10 qəpik idi. 1200 kubmetrlik limiti keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödənilməlidir. Azərbaycanda təbii qaza diferensial tariflər tətbiqi olunur. Yaxşı olardı ki, bu diferensiallaşma kəndlərdə yaşayan əhalinin xeyrinə dəyişsin, onlar üçün 12 qəpikdən artıq hər hansı ya limit olmasın, ya da limitin həcmi 2 dəfə artırılsın. Bu, kənddən şəhərə axının yüksək olduğu, ekoloji problemlərin artdığı, kənd əhalisinin sosial vəziyyətinin indiki çətin məqamında daha faydalı yanaşma olardı...
Mahir Həmzəoğlu