Fevralda 119 275 ailə ünvanlı sosial yardım alıb İqtisadiyyat

Fevralda 119 275 ailə ünvanlı sosial yardım alıb

Tural

Aztəminatlı ailələrin rifahında mühüm rola malik olan ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin davamı kimi, cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 119 275 ailə (514149 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 151,31 manat təşkil edib. Bu yardımı alan ailələrdə ailə üzvlərinin 47,8 faizi və ya 245919 nəfəri yaşı 18-dək ailə üzvlərindən, o cümlədən 16781 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət olub. Həmçinin həmin ailələrdə 1 yaşadək olan 6362 nəfər ailə üzvünün hər birinə görə aylıq sosial müavinət də ödənilib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 33779-u və ya 28,3 faizi tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Azərbaycan Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Nazirlik tərəfindən yaradılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi cari il fevralın 15-dən etibarən əhalinin xidmətindədir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlərin edilməsi artıq elektron qaydada həyata keçirilir və yardım təyinatı prosesi tam avtomatlaşdırılmış şəraitdə yerinə yetirilir. Bununla da ünvanlı dövlət sosial yardımı sistemində məmur-vətəndaş əlaqəsinin aradan qalxmasını şərtləndirən və sosial yardımların təyin edilməsində məmur müdaxiləsi mümkün olmayan müasir və şəffaf xidmət sisteminin qurulması təmin edilib.