Yollara xərclənən milyardlar... İqtisadiyyat

Yollara xərclənən milyardlar...

10 ildə nəqliyyat sektoruna 10 milyard dollar sərf olunub

Tərlan

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) Nəqliyyat Nazirliyinə həvalə olunmuş tədbirlər çərçivəsində müvafiq işlər görülüb, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilib. Bunu Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı keçirilən konfransda çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bəyan edib. Hazir bildirib ki, Dövlət Proqramında yol-nəqliyyat kompleksinin - dəmir yolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə 64 tədbir nəzərdə tutulub.
Proqram çərçivəsində ölkənin avtomobil yollarında 3 017 km, o cümlədən 1 103 km respublika əhəmiyyətli və 1 914 km yerli əhəmiyyətli yol çəkilib, yenidən qurulub və təmir edilib. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub.
Abşeron iqtisadi rayonu üzrə 174 km yol, 18 körpü, Gəncə-Qazax iqtisadi rayonu üzrə 626 km yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 km yol, 34 körpü, Lənkəran iqtisadi rayonu üzrə 168 km yol, 25 körpü, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 km yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1 068 km yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 km yol, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 386 km yol və 10 körpü tikilib və yenidən qurulub.
Proqramın magistral avtomobil yollarının yenidən qurulması bölməsi üzrə Bakı-Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi, Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilib, Bakı-Hacıqabul - 118 km, Yevlax-Gəncə - 87 km, Gəncə dövrələmə - 39 km, Bakı-Gəndob - 132 km və Ələt-Kürsəngi - 30 km avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı-Şamaxı - 118 km və Hacıqabul-Bəhramtəpə istiqamətində 50 km avtomobil yolları isə ikinci texniki dərəcəyə uyğun çəkilib. Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işləri davam etdirilir.
Eyni zamanda, Qusar-Əniğ-Ləzə - 39 km, Şəki-Qax - 35 km, Qəbələ-Oğuz - 46 km, Ağstafa-Poylu-Sadıxlı - 59 km, Ağdaş-Ləki - 12 km, Goran-Naftalan - 18 km və digər yerli əhəmiyyətli avtomobil yolları da yenidən qurulub.
Z.Məmmədov bəyan edib ki, proqramda nəzərdə tutulmuş tədbirlərdən əlavə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər hesabına 1334 km kəndləri rayon mərkəzləri ilə birləşdirən və kəndlərarası yollar əsaslı təmir edilib.
Proqrama uyğun olaraq, Bakı şəhərində yol şəbəkəsinin inkişafı məqsədilə 379 km yol çəkilib, müxtəlif səviyyəli 40 yol qovşağı, körpü və tunel tikilib və yenidən qurulub, vətəndaşların təhlükəsizliyini təmin edən 37 piyada keçidi inşa edilib.
Bakı şəhərində hərəkətin və nəqliyyat axınlarının idarə olunması, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Sistemi yaradılıb. Paytaxtda və bölgələrdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi üzrə tədbirlər həyata keçirilib.
Nazirin sözlərinə görə, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kiçik tutumlu 4 700 mikroavtobus, iri və orta tutumlu 2 240 müasir sərnişin avtobusu ilə əvəz edilmiş, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və magistral yollarda 750-dən artıq avtobus dayanacağı quraşdırılıb, 130-a yaxın taksi dayanacağı yaradılıb. Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulub. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır.
Regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərlərarası və rayonlararası xətlərdə marşrutların sayı 1,2 dəfə artıb. Eyni zamanda, Bakıdan və digər şəhərlərindən qonşu ölkələrə 21 beynəlxalq marşrut üzrə 310 avtobus sərnişinlərə xidmət göstərir. Naxçıvan Muxtar Respublikası əhalisinin Bakı şəhərinə gediş-gəlişinin asanlaşdırılması üçün İran ərazisindən keçməklə avtobus marşrutu təşkil olunub və gündəlik olaraq 5 reys həyata keçirilir.
Dəmir yolu infrastrukturunun yeniləşdirilməsi üzrə 318 km yol, Saatlı-Becar və Çarxı-Sarvan mənzillərində 2 dəmir yolu körpüsü tam yenidən qurulub, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir.
Regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi davam etdirilir. Uzunluğu 7,5 km, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı bu il istismara hazır olacaq. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.
Nazir bəyan edib ki, ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki dövlət proqramı və əlavə tədbirlər daxilində 8 332 km, o cümlədən 2 622 km respublika əhəmiyyətli, 5 710 km yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub, ümumi uzunluğu 10 087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub. Bundan əlavə, 400 km-dən çox dəmir yolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib, yeni hava gəmiləri alınıb. Bu dövr ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub, iri və orta tutumlu 2 760 yeni avtobus, 1 800 taksi istifadəyə verilib. Ümumilikdə, yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 mlrd. manat vəsait sərf olunub.