Maşınqayırma zavodları özəlləşdirməyə çıxarılıb İqtisadiyyat

Maşınqayırma zavodları özəlləşdirməyə çıxarılıb

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorların, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanların maraq dairəsindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var. Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Artıq iri sənaye müəssisələri də özəlləşdirməyə açılıb. Belə ki, "Zabrat maşinqayirma zavodu" ASC, "Azneftkimyamaş - Balaxanı Maşinqayirma Zavodu" ASC, "Suraxani Maşinqayirma Zavodu" asc və "B.Sərdarov adına Maınqayırma Zavodu" TASC dövlət müəssisələri özəlləşdirməyə açıq elan olunub.

37 hektar ərazisi, 160 nəfər işçisi olan B.Sərdarov adına maşınqayırma zavodu 1926-cı ildə yaradılıb. Zavod neft sənayesi avadanlıqlarının istehsalı və satışı, xüsusilə də siyirtmələr, dönən kranlar, fontan armaturlar istehsalı üzrə ixtisaslaşıb. Müəssisənin əsas istehsal sahəsi - metal-konstruksiya sexi, mexaniki emal və yığma sexi, qeyri-standart avadanlıqlar sexi, dəmirçi və termiki emal sexi, elektro-mexaniki təmir sexi, tökmə sexi, alət və metiz sahəsi, qumla təmizləmə və rəngləmə sahəsi, qoşquların yığılması və avtomobillərin təmiridir. Müəssisə mühəndis kommunikasiya xətləri ilə təmin edilib.

Qeyri-neft sektorunda da sənaye müəssisələrinin özəlləşdirilməsi, onları müasir texnologiyalar əsasında yenidən qurulması, yeni iş yerlərinin yaradılması, məhsul istehsalı və ixrac imkanlarının artırılması mühüm əhəmiyyət kəsb edir. 2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra daha əlverişli şərtlər təklif edən “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidənqurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. İnvestisiya Proqramının icrası nəticəsində 110 yeni iş yerinin yaradılması, müəssisənin əsas xammal bazasını təşkil edən dərilərin alınması sahəsində yerli istehsalçılarla əməkdaşlığın qurulması planlaşdırılır.

Azərbaycanda 1996-cı ildən başlayan özəlləşdirmə nəticəsində 2022-ci il də daxil olmaqla 51867 kiçik dövlət müəssisə və obyektləri, nəqliyyat vasitələri özəlləşdirilib. İlk illərdə özəlləşdirmə sürətlə getsə də, 2009-cu ildən sonra xeyli azalıb. Hətta 2022-ci ildə cəmi 817 müəssisə və obyekt özəlləşdirilib ki, onun da 513-ü nəqliyyat vasitəsi, 289-u icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahələri, 4-ü ticarət və ictimai iaşə obyekti, 2-si tikintisi başa çatdırılmamış obyektlər, 1-i tikinti müəssisəsi, vur-tut 2-si sənaye müəssisələri və avadanlıqlardır.

İlk dövrlərdə özəlləşdirmə sürətlə getdi, kiçik müəssisələr daha tez özəlləşdirildi, nəticədə on minlərlə yeni sahibkarlıq subyektləri yarandı. Lakin orta və iri müəssilərin özəlləşdirilməsi çox ləng gedir. Son vaxtlar keçirilən hərraclarda da orta və iri müəssisələrə rast gəlinmir. Əslində praktiki olaraq fəaliyyət göstərməyən, habelə ziyanla işləyən, özəlləşdirlməsi daha faydalı ola biləcək orta və iri müəssisələrin özəlləşdirməyə çıxarılması daha məqsədəuyğundur.

1996-2022-ci illərdə - 27 il ərzində Azərbaycanda 51867 kiçik dövlət müəssisə və obyektləri özəlləşdirilib. Ondan 15571 nəqliyyat vasitələri, 15248 icarəyə verilmiş, istifadəsiz qeyri-yaşayış sahələri, 10766 məişət xidməti, 5225 ticarət və iaşə obyektləri, 1008 sənaye müəssisələri və avadanlıqlar, 696 yanacaq doldurma məntəqələri, 620 tikintisi başa çatdırılmamış obyektlər, 635 tikinti müəssisələri, 393 çörək mağazası, 392 aptek, 256 çörək bişirmə müəssisələri və avadanlıq, 87 kinoteatr, 82 uşaq bağçaları, 36 səhiyyə müəssisəsi, 852-si digər sahələri əhatə edən obyektlərdir.

Özəlləşdirmə özəl sektorun inkişafına və əmlak bazarına da mühüm təsir göstərir. Əmlak bazarında qeydiyyat prosedurlarının asanlığı isə biznes mühitinə təsir göstərən mühüm amillərdəndir. Ölkədə özünə xas xüsusiyyətlərə malik əmlak bazarı formalaşıb və hər il əmlakların sayı, xüsusən də xüsusi mülkiyyət artır. Hər halda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınması, təkrar qeydiyyat isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.

Qeydiyyat prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, aparılan təbliğat və maarifləndirmə işləri daşınmaz əmlakın qeydiyyatı sahəsində göstəricilərin yüksək olmasına səbəb olub. Ötən illərlə müqayisədə bu sahədə ən yüksək göstərici isə bu ilin yanvar-noyabr aylarında qeydə alınıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 332.343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27.305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9% artıb. 11 aylıq göstəricinin 77.733-ü (23,4%) ilkin, 254.610-u (76,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 45.033-ü fərdi yaşayış və bağ evi, 84.273-ü mənzil, 192.156-sı torpaq sahəsi, 3.231-i qeyri-yaşayış binası, 6.857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 36.835 olub.

Bu ilin 11 ayı ərzində 262.647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artım deməkdir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64.963 olub.

Son illər Azərbaycanda əmlakın qeydiyyatı sahəsində islahatlar aparılıb. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərmana əsasən vətəndaşlar üçün əmlakın qeydiyyatı üzrə daha operativ və səmərəli imkanlar yaradılıb. Bu sahədə aparılan islahatların nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən Azərbaycan ən çox islahat aparan 20 ölkənin sırasında yer alıb, əmlakın qeydiyyatı sahəsində də sahibkarlar üçün daha əlverişli mühit formalaşdırılıb. Dünya Bankının “Doing Business 2020” hesabatında “Əmlakın qeydiyyatı” indikatoru üzrə reytinqdə Azərbaycan 44-cü yerdədir.

Mahir Həmzəoğlu