Neftin qiyməti ötən həftəki ucuzlaşmadan sonra yenidən yüksəlib İqtisadiyyat

Neftin qiyməti ötən həftəki ucuzlaşmadan sonra yenidən yüksəlib

Dünyada neftin qiyməti ötən həftə mühüm xəbərlərin olmaması fonunda bazar ertəsi səhər orta səviyyədə bahalaşmaqdadır.

Trend xəbər verir ki, sövdələşmə məlumatları və analitik şərhlər bunu göstərir.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,2 % artaraq 1 bareli 74,74 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,26% artaraq 1 bareli 69,44 dollara çatıb.

"Bazarlar makroiqtisadi faktorları izləməyə davam edir. Neft bazarları üçün "xəbərlərin olmaması - yaxşı xəbərdir", belə ki, istirahət günlərində bank sisteminin təməli üçün heç bir sarsıntı olmayıb", - Phillip Nova Pte Ltd broker şirkətinin analitiki Priyanka Saçdeva "Bloomberg" agentliyinə şərh edib.

Neftin qiyməti ötən həftənin sonunda "Bloomberg" agentliyinin İsveçrənin "Credit Suisse" və "UBS" banklarının bir neçə qərb bankının ABŞ-ın sanksiya tətbiq etdiyi müştərilərlə əməkdaşlığını araşdıran ABŞ Ədliyyə Nazirliyinin ciddi nəzarəti altında olduğuna dair dərc etdiyi xəbərlərlə əlaqədar olaraq investorların dünya bank sektorunun vəziyyəti ilə bağlı növbəti narahatlıq dalğası səbəbindən ucuzlaşdıqdan sonra orta səviyyədə bahalaşmaqdadır.

İnvestorlar həmçinin statistik məlumatları gözləməkdədirlər. Çərşənbə günü, yəni martın 29-da ABŞ-ın martın 24-də bitən həftə üzrə xam neft ehtiyatlarına dair hesabat dərc olunacaq. Keçən dəfə məlumatlar ehtiyatların azalma gözlənildiyi halda 1,1 milyon barel artdığını nümayiş etdirmişdi.

Cümə günü, yəni martın 31-də isə Çinin istehsalat sektorunda mart ayı üzrə işgüzar fəaliyyət indeksi (PMI) dərc olunacaq. Öncəki göstərici 52,6 bənd təşkil edirdi. Çin ən iri neft idxalçılarından biridir və investorlar Çin iqtisadiyyatının “sıfır covid” siyasətindən sonra bərpasının neft tələbatında necə əks olunacağını qiymətləndirmək üçün onun iqtisadi göstəricilərini yaxından izləyirlər.