“Azərbaycan turizmi: Ölkə brendinə çevrilən sektor” İqtisadiyyat

“Azərbaycan turizmi: Ölkə brendinə çevrilən sektor”

Turizm mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında, ölkə gəlirlərinin formalaşmasında vacib rol oynayır.

Dünya Turizm günü

1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub.
Ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında turizmlə bağlı müddəalar bu sahənin inkişafı üçün əsas istiqamətlərdir.
Dünya Turizm Günü hər il ölkəmizdə geniş tədbirlərlə qeyd olunur.
On ildən çoxdur ki, DTT-də təmsil olunan ölkəmiz 2013-cü ildən qurumun İcraiyyə Şurasının üzvüdür. Bu Azərbaycanda turizmin inkişaf strategiyasının düzgün qurulmasına daha bir sübutdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu yaradılıb. Nazirlik tərəfindən müvafiq sahənin inkişafı istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan Turizm və Menecment Universiteti müvafiq sahə üzrə peşəkarlar hazırlayır. Ölkəmiz turizmə dair beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın dünya turizm bazarında layiqli yerini tutmasını təmin edir.

Mədəniyyət və Turizm Nazirliyi

Bu il Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam oldu.
10 il ərzində dünyanın müxtəlif ölkələri ilə 51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq haqqında 70 beynəlxalq müqavilə imzalanıb. 10 ildənazirlik turizm sahəsində dinamik inkişafa nail olub, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-i keçib, ölkədəki mehmanxanaların sayı 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayı 35 652-yə qədər artıb.
Azərbaycanda turizmin davamlı inkişafı beynəlxalq reytinqlərdə də özünü doğruldub. Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda ölkəmiz insan resursları, əmək bazarı, təhlükəsizlik və əmin-amanlıq göstəricilərinə görə 141 ölkə arasında 36-cı, biznes mühitinə görə 65-ci yeri tutub.

Turizm potensialımız beynəlxalq sərgilərdə

Azərbaycan Yunanıstanın Saloniki şəhərində 31-ci Philoxenia - Beynəlxalq turizm sərgisində, İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda, Daşkənddə "Böyük İpək yolu ilə turizm" adlı XXI Beynəlxalq turizm yarmarkası və konfransında, Malayziyada Kuala-Lumpur Əl İşləri Mərkəzində Beynəlxalq Sənətkarlıq, Mədəniyyət və Turizm sərgisində, Tokioda "JATA 2015" Beynəlxalq Turizm Sərgisində, Parisdə "top Resa 2015" beynəlxalq turizm sərgisində, Meksikanın paytaxtı Mexiko şəhərində "VII Dost ölkələrin mədəniyyət yarmarkası"nda (Feria de las Culturas Amigas), Çinin paytaxtı Pekin şəhərində "Xaricə səyahətlər və turizm sərgisi COTTM-2016" sərgisində, Tehranda 9-cu Beynəlxalq Turizm sərgisində, Milanda beynəlxalq turizm sərgisində təmsil olunub.

Turizm İnformasiya Mərkəzləri və Turizm nümayəndəlikləri

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxtda və regionlarda ümumilikdə 15 Turizm İnformasiya Mərkəzləri yaradılıb.
İnformasiya Mərkəzinin saytında turlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib. Turistlərin Bakının tarixi abidələrini, yaşayış komplekslərini, otel və turizm infrastrukturuna daxil olan bütün görməli yerləri haqqında məlumatların əldə etməsi məqsədilə mərkəzdə bələdçi tərcüməçi qrupu yaradılıb.
Mərkəzə gələn turistlərə milli suvenir, ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni çap məhsulları təklif olunur, Azərbaycanın turizm potensialı haqqında məlumatlar əldə edilməsi üçün pulsuz "Wi-Fi" xidməti təqdim edilir.
Bakıda açılan "Şahdağ" Turizm İnformasiya Mərkəzi Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu kimi fəaliyyət göstərir.Mərkəz Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi üçün əhəmiyyətli addımdır.
Azərbaycanın turizm bölgələrində, turistlərin daha çox səfər etdikləri ərazilərində də Turizm İnformasiya Mərkəzlərinin köşkləri quraşdırılacaq. Bu Mərkəzlər bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərəcək. Mərkəz bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.
Bakıda və regionlarda yaradılan şərait son illər turistlərin sayının artmasına səbəb olub. Bu gün ölkənin şəhər və rayonları üzrə ümumilikdə 15 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkir) fəaliyyət göstərir.Bundan başqa 58 şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələri yaradılıb. Məqsəd regionların turizm imkanları haqqında məlumatların çatdırılması, eyni zamanda bu sahədə maarifləndirmədir.
Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması məqsədilə İstanbulda turizm nümayəndəliyi açılıb. Artıq Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiyada da Azərbaycan turizm nümayəndəliyi fəaliyyət göstərir.

Turistlərin sayında artım

"Bakı 2015" İlk Avropa Oyunlarının keçirildiyi iyun ayında Azərbaycanın sərhədlərini istər iştirakçı, istərsə də tamaşaçı qismində keçən insanların sayı 170 mini ötdü.
Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi turizmin gələcək potensialına işləyən məqam oldu. "Bakı 2015"i işıqlandırmaq üçün 630 yerli və 900 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçdi. Azərbaycan və Bakı ilə bağlı xəbərlərin dünyaya yayılması, gəzməli-görməli məkanlarımızın dünyada göstərilməsi, çox sayda qonaqların, idmançıların, mütəxəssislərin, incəsənət xadimlərinin gəlişi respublikamızın tanınmasında və ən yüksək səviyyədə təbliğatında böyük rol oynadı. "Bakı 2015"Azərbaycan turizmini bir neçə il irəli atdı. "Bakı 2015"in açılış mərasimi 93 ölkəyə yayımlandı, mərasimi 1 milyarddan çox insan izlədi. "Google" axtarış sistemində son 1 ildə Azərbaycana 33 milyon dəfə baxılıb ki, bunun da 70 faizi Avropa Oyunlarından bir ay öncəyə təsadüf edir. Bu statistika özü artıq çox şeyi ifadə edir. Bundan başqa, Azərbaycana gələn idmançılar, jurnalistlər, digər xarici qonaqlar özləri artıq potensial turist idilər.
Ölkəmizə gələn və onu tanımaq istəyən hər bir turist, əcnəbi üçün informasiya almaq baxımından hər cür şərait yaradılıb.

Azərbaycan turizmi haqqında məqalələr beynəlxalq mətbuatda

Kolumbiyanın Medellin şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 21-ci sessiyasında təşkilat tərəfindən hazırlanmış "Lahıcın imkanlar dili" hekayəsinin də yer aldığı "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı olub.
Beynəlxalq Türk Mədəniyyət Təşkilatının "Türk dünyası fotoqrafların görüşü" layihəsi çərçivəsində "TÜRKSOY obyektivindən Azərbaycan" adlı fotoalbomun təqdimatı olub.
Rusiyanın "Моя Планета" telekanalının nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində xüsusi proqram hazırlanması üçün respublikamızın turizm potensialını əks etdirən çəkilişlər aparılıb.
"Türk Hava Yolları" təyyarələrində biznes sinif sərnişinlərinə təqdim olunan türk və ingilis dillərində "Skylife Business" jurnalında Azərbaycan paytaxtı haqqında geniş məqalə dərc olunub.
Rusiyanın NTV telekanalının "Поедем, поедим!" verilişinin bir buraxılışı Azərbaycana həsr olunub.
Özbəkistanın "kultura.uz" saytında Azərbaycanın turizm imkanları və son zamanlar turistlərin ölkəmizə axını barədə "Азербайджан возглавляет рейтинг самых перспективных туристических направлений в СНГ" adlı məqalə verilib.
Mərkəzi Fransada olan dünyanın nüfuzlu xəbər telekanalı "Euronews"da Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə keçirilən festival barədə kadrlar nümayiş edilib.
Türkiyə mətbuatında Bakının tarixi, mədəniyyəti, əhalisi və görməli yerləri haqqında müxtəlif məqalələr dərc olunub.
Rusiyanın "vashdosug.ru" saytında Azərbaycanın turizm imkanlarından bəhs edən "Azərbaycan – qədim tayfalar, halva və neft başlıqlı" adlı məqalə dərc olunub.

Turizm QHT sektorunda

Turizm sektorunda vətəndaş cəmiyyətinin əsas qolu olan QHT sektoru da iştirak edir. QHT-lər tərəfindən turizmin inkişafı, Azərbaycan regionlarının təbliği ilə əlaqədər layihələr həyata keçirilir.
Vətəndaş Təşəbbüsləri Mərkəzi "Turizm təhsilinin inkişafı məqsədi ilə "Turizmin əsasları" dərsliyinin nəşri və elektron variantının hazırlanması" layihəsini icra edib.
Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov Ümumdünya Turizm Təşkilatınaüzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyi kənd yaşıl turizmin inkişaf etdirilməsi ilə bağlı dolğun informasiyaları özündə cəmləşdirən müvafiq saytın və kataloqun yaradılması, kənd yaşıl turizminin təşviqi və kənd evləri sahibləri arasında turizmin bu növünün inkişaf etdirilməsi məqsədilə yerlərdə müvafiq təlim və seminarlar təşkil edib.

İnfoturların təşkili

Mədəniyyət və Turizm Nazirliyi və "National Geographic Azerbaijan" dərgisinin birgə təşkilatçılığı ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan "National Geographic" və "National Geographic Traveler" jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana infoturutəşkil edilib.
"Azərbaycanda Arxeoloji Turizm" adlı Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu marşrutu üzrə və Bakı, Şamaxı, Qəbələ, Gəncə və Bərdəyə də turizm infoturları təşkil olunub.
"Azərbaycanın qədim paytaxtları" infoturu 5 şəhəri əhatə edib. İnfoturda Azərbaycanın qədim tarixi, keçmişi, mədəniyyəti barəsində ətraflı məlumat verilib, təbliğat işi gücləndirilib.
Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri üçünAzərbaycana ilk infotur təşkil olunub.

Bakı – turistlərin seçimi

Bakı ən çox ziyarət edilən 10 şəhər arasında
Rusiyanın "travel.ru" saytının məlumatına görə, Bakı rus turistlər tərəfindən ən çox ziyarət edilən 10 şəhər arasında yer alıb.
Bakı 3 ən populyar şəhərdən biridir
Travel.ru turizm servisi 2016-cı il yay idman yarışlarında səyahət etmək üçün rusiyalı turistlər arasında ən populyar şəhərləri seçib. Bu ilin ən populyar 3 idman şəhəri sırasına Paris, Bakı və Rio-de-Janeyro daxil olub.

Regionlardakı paytaxtlarımız

Azərbaycan regionların son dövrdəki inkişafı turizmin inkişafında böyük rol oynayır. Regionlardakı şəhərlərimiz müxtəlif istiqamətlərdə paytxt elan olunublar. Bu hadisənin özü də regionlara turst axınına zəmin yaradıb.
Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən "Azərbaycanın Folklor Paytaxtı", Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı", habelə Şamaxı "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan olunub.
Şəki şəhəri TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.
Qəbələ dünyanın musiqi paytaxtına çevrilib. Heydər Əliyev Fondu 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirir.
Şamaxı şəhəri 2015-ci il üçün "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan edilib.
Qax şəhəri Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi yeni "Xalq yaradıcılığı paytaxtları" proqramına əsasən 2015-ci il üçün "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilib.
Qusar şəhəri 2016-cı il üçün "Azərbaycanın Folklor Paytaxtı" seçilib.

"Paytaxtdan bölgələrə" və "Bölgələrdən paytaxta"

Mədəniyyət və Turizm Nazirliyi bölgələrdə paytaxtı, paytaxtda bölgələri tanıtmaq məqsədilə "Paytaxtdan bölgələrə" və "Bölgələrdən paytaxta" layihəsini icraetdi.
"Paytaxtdan bölgələrə" layihəsində Şamaxı şəhəri, "Bölgələrdən paytaxta" layihəsində Şuşa şəhəri, Şəmkir və Lənkəran rayonları iştirak ediblər.

"ASAN-Viza" asanlaşdıracaq

Müsabiqə üçün yazdığım bu məqaləni tam da saytlara göndərmək üçün yekunlaşdırırdım ki Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında Fərman imzaladı.
Elektron viza sisteminin yaradılması böyük əhəmiyyətə malikdir. Fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq.

Xatirə Bəşirova
Qhtxeber.az saytının əməkdaşı

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur