Ölkəmizə gələn turistlərin sayı artmaqdadır İqtisadiyyat

Ölkəmizə gələn turistlərin sayı artmaqdadır

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Şübhəsiz ki, bu statistikaya Azərbaycanda ilk dəfə keçirilən dünyanın ən məşhur yarışlarından sayılan Formula-1 üzrə Avropa Qran-prisi də təsir göstərib. Qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti və qonaqpərvərliyi ilə seçilən Azərbaycan son illər turistlərin üz tutduğu məkanlardan birinə çevrilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin apardığı təhlillərə görə, son 6 ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır. Bu ilin may ayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb. Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür.
Şübhəsiz ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu rəqəmlərə müsbət təsirini göstərib. Ötən il tarixdə ilk dəfə təşkil edilən Birinci Avropa Oyunları və bu il keçirilən Formula-1 üzrə Avropa Qran-prisi ölkəmizə daha çox turistlərin cəlb olunmasında mühüm rola malikdir. Formula -1 yarışının tamaşaçı auditoriyası bütün qitələri əhatə edib. Bakı Avropa Qran-prisi 187 ölkədə izlənilib. Yarışı dünyanın 50-dən artıq televiziya kanalı yayımlayıb. Yarım milyarddan çox insan bu yarışların həyəcanını yaşayıb. Bu isə bir o qədər tamaşaçının Azərbaycan paytaxtının gözəlliyi və möhtəşəmliyini görməyə imkan yaradıb. Digər beynəlxalq nüfuzlu tədbirlər kimi Formula-1 üzrə Avropa Qran-prisi də ölkəmizə turist axınının sürətlənməsinə, əcnəbi vətəndaşlar tərəfindən daha yaxından tanınmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına müsbət təsirini göstərib.