Bazarda hökmran mövqeyindən istifadə edərək, qanunsuz hərəkətlərə yol verilməməlidir - Xidmət rəisi İqtisadiyyat

Bazarda hökmran mövqeyindən istifadə edərək, qanunsuz hərəkətlərə yol verilməməlidir - Xidmət rəisi

Hansısa bazar subyektinin hətta inhisarçı səviyyədə hökmran mövqeyə sahib olması özlüyündə qanun pozuntusu kimi qiymətləndirilməməlidir.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, Antiinhisar Xidməti həmin bazar subyektinin bu hökmran mövqeyindən istifadə edərək qanunsuz hərəkətlərə yol verməməsinə nəzarət etməlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Məcəlləyə əsasən, sahibkar bazarda 50 % paya sahib olursa, bu, hökmran mövqe hesab edilir. Bu vaxta qədər qanunvericiliklə bu limit 35 % idi.