“Azərbaycanda inflyasiyanın əsas təkanverici qüvvəsi rolunda həmişə ərzaq inflyasiyası olub” İqtisadiyyat

“Azərbaycanda inflyasiyanın əsas təkanverici qüvvəsi rolunda həmişə ərzaq inflyasiyası olub”

“Ərzaq inflyasiyasının səbəbləri bir neçə amilə bağlıdır. Bizim ərzaq bazarımız idxaldan asılı vəziyyətdədir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov söyləyib.

Ekspert qeyd edib ki, kənd təsərrüfatı ərzaq məhsullarının istehsalında mühüm rol oynayır və bilavasitə, ərzaq məhsulu statusu daşıyan kənd təsərrüfatı məhsullarının tədarükündə, əkinində və biçinində xərclər kifayət qədər yüksək səviyyədədir:

“Bundan əlavə, bazara çıxma imkanları sahəsində də müəyyən subyektiv maneələr yer tutur. Ona görə də bütün bunlar toplam şəklində ərzaq inflyasiyasının meydana gəlməsinə əsaslı şərait yaradır, üstəlik də əhalinin getdikcə artan tələbatını da nəzərə alsaq ərzaq məhsulları sahəsində qiymət artımının real səbəbləri kifayət qədər aydın olmuş olar. Bu problemin aradan qaldırılması üçün biz ilk növbədə yerli istehsalı, yəni əhalinin kütləvi tələbat duyduğu, ən əsası ərzaq məhsulları istehsalının genişləndirilməsinə nail olmalıyıq. Bunun da ilk şərti kənd təsərrüfatını, aqrar sektoru inkişafa təşviq etməkdir. Yəni biz kənd təsərrüfatı məhsulları istehsalı sahəsində maya dəyəri aşağı səviyyədə təmin olunmasına nail olmalıyıq ki, yerli aqrar xammal məhsulları əlverişli bir maya dəyəri şəklində tədarük olunsun və bu da onlardan istehsal prosesində istifadədə qiymətlərin artımına şərait yaratmasın”.

P.Heydərov diqqətə çatdırıb ki, hazırda bizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ümumidaxili məhsulun istehsalı həcmində heç 10 faizə qədər yer tutmur:

“Halbuki, bu, inkişaf etmiş ölkələrdə 10 faizdən yuxarı səviyyədə təşkil edir. Bizdə də gələcəkdə, eləcə də indinin özündə ərzaq inflyasiyasının qarşısının alınması əsas hədəf olaraq götürülərsə, ilk növbədə kənd təsərrüfatı məhsulları istehsalı həcminin ümumi daxili məhsul payının 10 faizdən yuxarıya çatdırmaq lazım gəldiyini nəzərə almalıyıq. Yəni buna nail olmalıyıq. Yoxsa indiki şəraitdə həm idxaldan asılı vəziyyətdə olduğumuz, həm yerli ərzaq məhsulları istehsalının, kənd təsərrüfatı məhsullarının xammal şəklində tədarükünün kifayət qədər baha başa gəldiyi fonda biz ərzaq inflyasiyasının qarşısını heç bir şəkildə ala bilmərik. Nə inzibati yolla, nə də digər iqtisadi tənzimləmələr vasitəsilə. Bu, çox ciddi problemdir. Azərbaycanda inflyasiyanın əsas təkanverici qüvvəsi rolunda həmişə ərzaq inflyasiyası olub və belə getsə bizdə ərzaq inflyasiyası ümumi inflyasiya faktorunun özülünü təşkil etməkdə də davam edəcək. Bu, məsələnin ən ümdə tərəfidir. Keçən ildən əvvəlki illərdə ikirəqəmli inflyasiya idi. Onun kökündə ərzaq inflyasiyası dayanırdı. Hətta 2022-ci ildə ərzaq inflyasiyası 20 faizə yaxın təşkil edirdi”.

İqtisadçı bunun çox ciddi iqtisadi əhəmiyyət daşıyan məsələ olduğunu vurğulayaraq bu sahədə əsas onurğa sütunu olaraq aqrar sektorun inkişafı, başlıca həll yolu hesab edildiyini bildirib.

Röya İsrafilova