Vergilər Nazirliyi və ASAN arasında əməkdaşlığa dair memorandum imzalanıb İqtisadiyyat

Vergilər Nazirliyi və ASAN arasında əməkdaşlığa dair memorandum imzalanıb

Vergilər Nazirliyinin Tədris Mərkəzində Asan könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.
Bu işlərin davamı olaraq Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ASAN könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində "ASAN xidmət" mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər ASAN könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində ASAN könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar. Sonra ASAN könüllülərə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.
Mərasimin sonunda Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyi adından Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adından Agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.