

2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan artıq olub. Bu isə 2023-cü il ilə müqayisədə 27%-lik artım deməkdir.
“APA-Economics” xəbər verir ki, bunu “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.
Eyni zamanda, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olub. Bu isə, ödəniş kartları ilə ölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir.