“İki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlığın daha da dərinləşməsini müşahidə edirik” İqtisadiyyat

“İki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlığın daha da dərinləşməsini müşahidə edirik”

Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) işə başlayıb. Forum çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və sözügedən holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.

Sazişlə bağlı “Xalq Cəbhəsi”nə danışan Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Azərbaycan BƏƏ ilə yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirir: “Bu həm “Ağıllı şəhər”, həm də yaşıl enerji layihələrinin birgə investisiya qoyuluşunun həyata keçirilməsidir. Eyni zamanda, Azərbaycan BƏƏ-dən regionda yaşıl enerjiyə, o cümlədən bərpaolunan enerji sahəsinə ən çox sərmayə cəlb edən ölkələrdəndir. Bu da nəticə etibarı ilə iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütövlükdə, biz iki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlığın daha da dərinləşməsini müşahidə edirik”.

Röya İsrafilova