

“İsrail-Fələstin müharibəsi çərçivəsində HƏMAS-ın məhv edilməsi məqsədilə tarixdə ilk dəfə İsrailin Qətəri vurması fonunda bu ölkənin paytaxtı Dohada baş tutan İƏT və Ərəb Liqasının fövqəladə birgə zirvə toplantısı ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində müəyyən fikirlər səsləndirib. Bu fikirlər Türkiyənin Fələstin siyasətinin ümumi yansımasıdır”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Ş.Cəlilzadənin sözlərinə görə, Türkiyə dünya ictimaiyyətini İsrail üzərində daha çox təzyiq göstərməyə çağırır: “Lakin eyni zamanda Türkiyə XİN etiraf edir ki, bu çağırışlar realizə edilməkdən xeyli uzaqdır. Sitat:- “Burada danışılan mövzular birgə bəyannamə mətninə yansıyanlardan çox daha önəmlidir” deməklə əslində Hakan Fidan etiraf edir ki, ərəb-müsəlman dünyası İsrailin davranışlarını qınasa da konkret addımlar atmaq üçün konsolidasiya ola bilmir, hətta birgə bəyannamə mətnində belə sərt mövqe ifadə edə bilmir”.
Siyasi şərhçi qeyd edib ki, Fidan, həmçinin, ABŞ-nin İsrailə təsir etməsi və onu yönləndirməsi ilə bağlı mövcud ümumi fikrin əksinə “bəlkə tərsi mümkündür” deyərək İsrailin ABŞ siyasətinə təsir etmək bacarıqlarının olduğunu vurğulayıb: “Bu fikir təbii ki, müəyyən mənada doğrudur, lakin ABŞ-nin İsrail siyasətinə artıq təsir edə bilmədiyini iddia etmək yanlış olardı. Başqa sözlə, ABŞ və İsrail arasında qarşılıqlı təsir gücünün mövcudluğu danılmazdır. ABŞ administrasiyasına geri dönən Tramp hər zaman İsraili ən çox dəstəkləyən siyasətçilərdən olub. Təsadüfi deyil ki, 2017-ci ildə, yəni onun birinci prezidentlik dönəmində ABŞ Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı olaraq tanımışdı. Bu, dünyanın qəbul etdiyi “iki dövlətli həll” modelinin de-fakto rədd edilməsi deməkdir. Halbuki, ABŞ və İsrail istisna olmaqla qalan bütün dünya bu model əsasında həll yolunu dəstəkləyir. Lakin bu dəstək sözdədir və real politikada İsrailə edilən təzyiqlər ritorikadan artıq deyil”.
O eləcə də bildirib ki, Aİ-nin bəyan etdiyi iqtisadi təzyiq çağırışının isə üzv dövlətlər tərəfindən qəbul edilib-edilməyəcəyi sual doğurur: “Hətta ərəb-müsəlman ölkələri belə Türkiyənin İsrailə iqtisadi sanksiyalarla təzyiq çağırışına qoşulmadılar və bunu birgə bəyannaməyə yansıtmadılar. Beləliklə, bir daha aydın olur ki, dünya nizamının dağıldığı, yenisinin isə hələ ki, inşa olunmaqda olduğu hazırkı qlobal xaotik vəziyyətdə reallığı güc faktoru müəyyən edir”.
Röya İsrafilova