Baş həkim: Qarabağ Universitetinin klinikası həm təhsil, həm də tibbi xidmət müəssisəsi olacaq Cəmiyyət

Baş həkim: Qarabağ Universitetinin klinikası həm təhsil, həm də tibbi xidmət müəssisəsi olacaq

Qarabağ Universiteti klinikası həm təhsil, həm də tibbi xidmət müəssisəsi kimi formalaşacaq.

Bunu "Report"un Xankəndinə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin klinikasının baş həkimi İkram Rüstəmov deyib.

O, universitetin tibb fakültəsinin müasir təhsili standartlarına uyğun şəkildə qurulduğunu bildirib:

"Bu isə o deməkdir ki, tələbələrə dərslər müvafiq sistemlər üzərindən öyrədiləcək. Mövzuları sistem üzərindən öyrənən tələbə dərsi daha yaxşı qavrayaraq nəzəri bilikləri rahat mənimsəyəcək.

Bildiyiniz kimi, fakültəmiz hazırda iki proqram - müalicə işi və isə tibb bacısı və tibb qardaşlığı proqramları əsasında fəaliyyət göstərir. İndiyə qədər ölkədə tibb bacılığı ixtisası ən çox kollec səviyyəsində tədris olunub. Qarabağ Universiteti isə bakalavr səviyyəsində tibb bacısı və tibb qardaşı ixtisası üzrə səviyyəsində təhsil verəcək".

Baş həkim klinikada üçüncü mərhələ tibb xidməti verəcək klinik sistemin mərhələli şəkildə qurulacağını vurğulayıb:

"Burada əməliyyatxanalar, istər yeni doğulanlar, istərsə də yetkin yaşlılar üçün reanimasiya şöbələri və təcili yardım xidməti qurmaq istəyirik. Dövlət başçısının tapşırığına uyğun olaraq, Klinikanı həm təhsil, həm də tibbi xidmət müəssisəsi kimi formalaşdırmaq niyyətindəyik".