
İsrail-HƏMAS razılaşmasında ziddiyyətli məqamlar
15 Oktyabr 23:55
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci dialoq keçirilib, təhsil sahəsinin maliyyələşdirilməsi və yeni investisiya imkanları müzakirə edilib. Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təhsilin həm fundamental məqsəd olduğunu, həmçinin bütün Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqinin əldə edilməsi üçün güclü hərəkətverici vasitə olduğunu vurğulayıb. “Azərbaycan 2030 Milli Prioritetləri”nə uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların stimullaşdırılması və inklüziv inkişaf üçün keyfiyyətli təhsilin rolu qeyd edilib. Qurum rəsmisi BMT-nin nəzərdə tutulan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi (2026-2030) üzrə Azərbaycan hökumətinə DİM-lərə nail olmaqda dəstəyini ifadə edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Hökumətinin BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini, birgə layihələr həyata keçirildiyini qeyd edib. Bildirilib ki, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmiz təhsil, insan kapitalının inkişafı, rəqəmsal savadlılığın və innovativ bacarıqların artırılmasına önəm verir. Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi institutlar kimi çıxış edir. Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye və digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq çərçivəsində DİM məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində infrastrukturun yenilənməsi və rəqəmsallaşmanın regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına şərait yaratdığı bildirilib. Komitə sədri rəhbərlik etdiyi qurumun təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Elm və təhsil nazirinin müavini İdris İsayev təhsilin keyfiyyətinin artırılması, təhsilə əlçatanlığın təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, konsepsiyalar və strategiyalar barədə məlumat verib, dövlət tərəfindən təhsilə davamlı sərmayə qoyuluşunun ölkənin gələcək inkişafını təmin edən əsas amillərdən olduğu diqqətə çatdırılıb. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələrinə dair təqdimatla çıxış edib.
Tədbir “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel sessiya ilə işini davam etdirib. İqtisadiyyat nazirinin müşaviri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən sessiyada təhsilə yatırılan investisiyaların keyfiyyətli insan kapitalının formalaşdırılmasında rolu, əmək bazarının kadr ehtiyaclarının qarşılanmasında təhsil sisteminin əhəmiyyəti, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması və iqtisadi artımın sürətləndirilməsində innovativ nou-hauların tətbiqinin vacibliyi müzakirə edilib. Panel sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi, “Gender Hub Azerbaijan” layihəsinin həmtəsisçisi Məryəm Məcidova mövzu ətrafında fikirlərini bölüşüblər.
DİM-ə 17 istiqamət daxildir. Bunlar hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək; gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək; hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək; hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək; davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək; möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək; ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq; şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək; istehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək; iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək; dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etməkdir. Habelə bu hədəflərə yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq; dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq; dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək daxildir.
BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. Azərbaycan “2030 Gündəliyi”nə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirir. 2016-cı ildə Azərbaycan Prezidenti BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan, DİM-ləri milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Digər məsələlərlə bərabər regional forum DİM-lərin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi ilə yekunlaşdırıb. BMT-nin dəstəyi ilə interaktiv tablo, məlumatları vahid şəkildə toplayan, DİM-lərə doğru inkişafı real vaxt rejimində izləyən DİM-lər üzrə Milli Məlumat Portalı yaradılıb. BMT həmçinin DİM-ləri təşviq etmək istiqamətinə özəl sektor, media, parlament üzvləri və ictimaiyyət də daxil olmaqla müxtəlif qrupların cəlb edilməsi üçün xüsusi səylər göstərməkdədir.
DİM-in əsas məqsədlərindən biri yoxsulluğun bütün formalarına hər yerdə son qoymaqdır. 1990-cı ildən bəri, kəskin yoxsulluq səviyyəsi yarıdan çox azaldılmışdır. Bu nailiyyət diqqətəlayiq olsa da, inkişaf etməkdə olan bölgələrdə hələ də, hər beş nəfərdən biri gündəlik 1,25 ABŞ dollarından az gəlirlə yaşayır və milyonlarla insanın gündəlik gəliri bu məbləğdən cüzi dərəcədə yüksəkdir. Üstəlik, bir çox insanlar yenidən yoxsulluğa düçar olma riski ilə üzləşir. Hazırda 836 milyon insan hələ də kəskin yoxsulluq həddində yaşayır. İnkişaf etməkdə olan ölkələrdə təxminən hər 5 nəfərdən biri günə 1,25 ABŞ dollarından az qazancla yaşayır. Yoxsulluq sadəcə yaşayış vasitələrinin dayanıqlılığını təmin etmək üçün lazım olan gəlir və resursların çatışmazlığından ibarət deyil. O, aclıq və zəif qidalanma, təhsilə və digər əsas xidmətlərə çıxış imkanının məhdud olması, sosial ayrı-seçkilik və təcridolunma, eləcə də qərarların qəbul edilməsində iştirakın olmaması formalarında təzahür edir. Dayanıqlı iş yerlərinin və bərabərliyin təşviq edilməsini təmin etmək üçün iqtisadi inkişaf inklüziv xarakter daşımalıdır.
Mahir