BTC ilə nəql olunan neftin həcmi açıqlanıb İqtisadiyyat

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 33 408,9 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,52% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 74,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 24 907,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,2% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,1%-i və ya 21 199,8 min tonunu Azərbaycanda hasil edilən neft (3,4% azalma), 14,9%-i və ya 3 707,6 min tonunu (24,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.