“Səhiyyə infrastrukturunun ölkə üzrə balanslı təşkili vacibdir” Gündəm

“Səhiyyə infrastrukturunun ölkə üzrə balanslı təşkili vacibdir”

“Əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim- məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir”.

Bu sözləri İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Ombudsman qeyd edib ki, əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir: “Əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacibdir. Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir”.

Röya İsrafilova