İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib Dünya

İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Tədbirdə soydaşlarımızla yanaşı, Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, yerli din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və strateji tərəfdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər əsrlərin sınağından çıxmış ortaq tarixə, zəngin mədəni irsə və eyni mənəvi dəyərlərə söykənən sarsılmaz birlik modelidir.

O qeyd edib ki, iki Cümhuriyyət sevincdə də, kədərdə də daim bir-birinin yanında olub, çətin məqamlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirib. Bu qardaşlıq fəlsəfəsi Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülən ideyalarla daha da möhkəmlənib və bu gün də dövlətlərimizin siyasətində əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri iki dövlət arasındakı sarsılmaz birliyin rəmzinə çevrilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Azərbaycan-Türkiyə münasibətlərini eyni kökdən gələn qardaş dövlətlərin əlaqələri kimi xarakterizə edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım ötən il Qars və İğdırda təşkil edilən iftar mərasimlərinin əhatə dairəsinə İstanbul şəhərinin də əlavə edilməsinin əhəmiyyətini qeyd edib.

Mərasim Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Fəyaz Nəsirzadənin Quran tilavəti və iftar duasının oxunması ilə davam edib.

Ramazan duaları oxunduqdan sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

Cavid