“Azərkosmos“ Afrika ölkələri ilə əməkdaşlığa hazırdır İqtisadiyyat

“Azərkosmos“ Afrika ölkələri ilə əməkdaşlığa hazırdır

23-24 noyabr 2017-ci il tarixində Azərbaycan ilə Afrika ölkələri arasında informasiya və kommunikasiya, xüsusilə kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək və Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin II iclasında iştirak etmək məqsədilə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyaya səfər edib. Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, bu səfər Azərbaycan ilə Afrika İttifaqı Komissiyası arasında olan birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilib və "Azərkosmos" ASC adıçəkilən tədbirə rəsmi tərəfdaş kimi dəvət olunub.
Tədbir zamanı Afrika İttifaqının mənzil qərargahında "Azərkosmos" ASC-nin stendi qurulub və afrikalı qonaqlar bu stendlə yaxından tanış olublar. R.Nəbiyev Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin II iclası zamanı Afrika İttifaqı Komissiyasının İnfrastruktur və Enerji üzrə Komissarı xanım Amani Abu-Zeyd, Konqo Demokratik Respublikasının poçt, telekommunikasiya, yeni informasiya texnologiyaları naziri Emery Okundji Ndjovu, Sudanın kommunikasiya və informasiya texnologiyaları naziri xanım Tahani Abdalla Attia, Efiopiyanın elm və texnologiyalar üzrə Dövlət naziri Şumeta Gizav, bu ölkənin kommunikasiya və informasiya texnologiyaları üzrə dövlət naziri Getaço Neqaş Tekla, Qananın kommunikasiya nazirinin müavini Corc Andah, Cənubi Afrika Respublikasının telekommunikasiya və poçt xidmətləri departamentinin Baş direktoru Robert Nkuna və Efiopiyanın rabitə və telekommunikasiya şirkəti "Ethiotelecom"un baş direktoru Andualem Admassi ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı "Azerspace-1" və "Azerspace-2" peykləri haqqında ətraflı məlumatlar verilib, sözügedən bu telekommunikasiya peyklərinin Afrika qitəsini əhatə etməklə, regionda yüksək keyfiyyətli peyk xidmətlərini, ən ucqar ərazilərdə belə internetdən istifadə imkanlarının təklif edilə biləcəyi qeyd olunub.
Tədbir çərçivəsində "Azərkosmos"un nümayəndəsi Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin ekspertlər sessiyası zamanı təqdimatla çıxış edərək, Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurları, o cümlədən ASC tərəfindən təqdim edilən xidmətlər və mövcud imkanlar haqqında ətraflı məlumat verib və dövlət şirkətinin bu sahədə Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.