“Star”ın maliyyə problemi həll olundu İqtisadiyyat

“Star”ın maliyyə problemi həll olundu

ARDNŞ tikintiyə lazım olan qədər vəsait cəlb edə bilib

Tərlan

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə "SOCAR Turkey Energy" şirkəti İzmir şəhərində inşa etdiyi "Star" neft emalı zavodu layihəsinin tikintisinə 3,29 mlrd. ABŞ dolları maliyyə cəlb edib. "APA-Economics"in "Petkim Holding"in açıqlamasına istinadən verdiyi məlumata görə, "SOCAR Turkey Enegy" İzmirin Əliağa vilayətində inşa olunacaq neft emalı zavodunun tikintisi üçün maliyyə vəsaitinin cəlb olunmasını artıq tam təmin edib.
Məlumatda deyilir ki, şirkət 23 kommersiya bankı ilə 3 mlrd. 290 mln dollar kredit vəsaitinin ayrılması üçün saziş imzalayıb. Belə ki, ayrılan ümumi kreditin 2,29 mlrd. dolları ilk 4 ili güzəştli olmaqla 18 il müddətinə verilib.
Kreditin qalan 600 mln. dollarlıq hissəsinin isə 4 il güzəştli olmaqla 15 il müddətinə ayrılıb.
Qeyd edək ki, ARDNŞ-in İzmirdə inşa etdiyi "Star" neft emalı zavodunun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir.
SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə"nin rəhbəri Kənan Yavuz bildirib ki, "Star" neft emalı zavodu fəaliyyətə başladığı dövrdən sonra Türkiyənin TÜPRAŞ şirkətindən sonra ikinci böyük şirkət olacaq. Onun sözlərinə görə, Türkiyənin ikinci böyük şirkətini qurmaq, bunun maliyyələşməsinin təmin etmək asan məsələ deyil. "Garanti Bankası" ilə əldə olunan razılaşmaya görə, 2018-ci ildə fəaliyyətə başlayacaq neft emalı zavodunun tikintisinə 200 mln. dollarlıq hissəsi nağd ödəniləcək və bütün maliyyə əməliyyatları bu bank vasitəsilə həyata keçiriləcək.
Bunlarla yanaşı, bzəi xəbərlərə görə, ARDNŞ-in törəmə qurumu olan "SOCAR Turkey"in sahibi olduğu "Petkim Holding"in "Petlim Limançılıq" ("Petlim") şirkətindəki iştirak payını satır. Əldə ediləcək gəliri ARDNŞ "Star" neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.
ARDNŞ Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi "STAR Rafineri A.Ş." neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini isə İsveçrənin "Foster Wheller" şirkəti həyata keçirəcək. "STAR" zavodu "Foster Wheller"in törəmə qurumu olan "Global Engineering and Construction Group" şirkəti ilə müqavilə bağlayıb. "Foster Wheeler" ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır. Heftayırma zavodunun ilkin mühəndislik işlərini də "Foster Wheeler" şirkəti reallaşdırıb. Qlobal mühəndislik və inşaat şirkəti olan "Foster Wheller" bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin "Global Engineering and Construction Group" törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.
ARDHŞ-in Türkiyədə "Star" neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işlərinə artıq başlanılıb. Tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır. Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün hazırlıq görülüb. Bu ərazi bir neçə sahələrə bölünəcək. Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq əsas hissəsi yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin yarısı görülüb. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq.
Bura 1200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır. Artıq "Star" emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün "Petkim" şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu "Tüpraş" şirkəti istehsal edib. "Star" emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək. Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir.
Növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq. Bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub. TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək. Bu günədək ARDNŞ Türkiyəyə 2 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət "Petkim"ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan "STAR" neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır. Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi keçən il təqribən 4 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dolları təşkil edir.