İpoteka kreditləri daha əlçatan olacaq İqtisadiyyat

İpoteka kreditləri daha əlçatan olacaq

Prezident İlham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı fərmanı fondun fəaliyyətinin təkmilləşdirilməsi və eyni zamanda ipotekaya əl çatanlığın artırılması baxımından olduqca önəmlidir.
Əmlak eksperti Ramil Osmanlı ipoteka kreditləri ilə bağlı fərmanı şərh edərkən belə deyib. O bildirib ki, fərmanda iki mühüm məqamı xüsusi qeydə etmək lazımdır: "Birinci məsələ, İpoteka və Kredit Zəmanət Fondunun, eyni zamanda müvəkkil olan bankların, borc alanların vergi öhdəliklərindən azad edilməsidir. Bu, çox vacibdir. İkinci məsələ, fondun yaşayış sahələrini alıb kirayə verməsidir. İkinci məsələ ilə bağlı beynəlxalq praktikada müəyyən forma və qaydalar var. Bunun Azərbaycana tətbiq olunacağı və ya necə tətbiq olunacağı məlum deyil, indidən bu məsələyə şərh verməyimiz düzgün olmaz. Burada detallarla şərh olunacaq məqam yoxdur. Hələlik müddəalardan ibarətdir. Nazirlər Kabineti və digər icra hakimiyyəti orqanları fərmandan irəli gələn məsələlərlə bağlı təqribən iki ay müddətində təkliflərini hazırlayıb hökümətə təqdim etməlidir".
Ramil Osmanlı qeyd edib ki, kirayə məsələsi əsasən fond vəsaitlərindən istifadə edən qruplar üçün əlverişlidir: "Beynəlxalq praktikada kirayə mənzillərin verilməsinin müxtəlif tətbiq nöqtələri var. 3 il müddətinə hər hansı mənzilin ipoteka formasında alınıb kirayə verilməsini nəzərdə tutur. Amma Azərbaycanda bunun necə tənzimlənəcəyi hələlik məlum deyil. Ola bilsin ki, bu qayda başqacür olacaq. Bəlkə də İpoteka Fondu mənzili alıb onu 3 il müddətinə deyil, 10 il müddətinə kirayə verəcək. Bu məsələ barədə qaydalar tənzimlənmədən əsaslı fikir söyləmək çətindir".
Ramil Osmanlı bildirib ki yeni dəyişikliklər ipoteka kreditlərinin faiz dərəcələrinin azaldılmasına xidmət etmir. Faiz dərəcələrinin azaldılması İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə Şurasının səlahiyyətində olan məsələdir: "Müşahidə Şurası müəyyən məqamlarda zərurət yarandıqda öz yığıncaqlarında bu məsələyə baxa bilər. Düşünürəm ki, fond və maliyyə bazalarında baş verən proseslər, getdikcə bazarda şərtlərin dəyişməsi yaxın gələcəkdə bu məsələni zəruri edəcək. Faiz dərəclərinin aşağı salınması istiqamətində fond hansısa qərarlar qəbul edəcək. Çünki ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. 2007-ci ildən bu yana qədər faiz dərəcələri dəyişməyib. Halbuki, 2007-ci ildən bu günə qədər daşınmaz əmlakın bazar qiymətlərində iki dəfədən artıq qiymət dəyişməsi baş verib. Eyni zamanda bazarda çox ciddi dəyişiklər olub. Zənnimcə, yaxın gələcəkdə bu məsələyə baxılacaq".