İyulun 17-də özəlləşdirmə üzrə növbəti hərrac keçiriləcək İqtisadiyyat

İyulun 17-də özəlləşdirmə üzrə növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən operativ hərrac prosedurlarının təklifi yerli və xarici investorların hərraclarda iştirak marağını artırır. Hərrac prosesinin vaxtı məhdud olan və ya hərracın keçirildiyi məkana gələ bilməyən şəxslərə uyğunlaşdırılması, onlara onlayn şəkildə müraciət və iştirak şansı verir. Belə ki, tətbiq olunan yeniliklər vətəndaş amilini əsas tutaraq məkan və zaman problemini aradan qaldırır. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, bu cəhətləri özündə əks etdirən növbəti hərrac iyulun 17-də baş tutacaq. Ümumilikdə hərraca 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir. Qeyd edək ki, bu əmlaklar yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və qiyməti baxımından fərqlidir. Bu müxtəliflik investorların bu hərracda geniş seçim imkanının göstəricisidir.
Hərraca çıxarılan çoxçeşidli kiçik dövlət müəssisə və obyektlərinin ilkin hərrac qiyməti min manatla 550 min manat arasında dəyişir. Bu əmlaklar paytaxtla bərabər Balakən, Yevlax, Saatlı, Lənkəran və digər rayonlarda yerləşir. Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Əmlak kompleksinin ümumi faydalı sahəsi 577 kvadratmetr, ilkin hərrac qiyməti isə 325 min manatdır. Bu əmlakın fəaliyyətinin bərpası investor üçün xidmət sahəsində yüksək qazanc deməkdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Stomatoloji poliklinikanın ümumi faydalı sahəsi 418 kvadratmetr, ilkin qiyməti 228 min manatdan çoxdur. Prosesə çıxarılan kiçik dövlət müəssisələri arasında Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, "Lalə" şadlıq evi, İsmayıllı Təmir Tikinti Sahəsi və digər obyektlər də mövcuddur.
Hərrac prosesinə daha böyük investisiya yatırmaq arzusunda olanlar üçün də dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Sumqayıt, Bərdə, Ağdaş və digər regionlarda yerləşən səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 20 min və 890 min manat intervalındadır. Bakıda "Azinterservis", Sumqayıtda "Azərmetalinvest", Ağdaşda "Ləki Sinklənmiş qablar" və digər səhmdar cəmiyyətləri investorların seçim siyahısına daxil ola bilər. Qeyri-yaşayış sahələrinin daha aşağı büdcə ilə özəlləşdirilərək yenidən qurulması sahibkarın bu obyektlərdən müxtəlif sahələr üzrə ofis və xidmət müəssisəsi kimi istifadəsini təmin edə bilər. Bu dəfə hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 59-u Bakıda, 8-i Sumqayıtda, digər 3-ü Xızı, Tovuz və Lənkəran rayonlarında yerləşir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən, ümumi faydalı sahəsi 17 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 18 min manatdır.
Prosesə çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Qeyd edək ki, komitənin təşkil etdiyi hərracları sifarişçilərlə bərabər, bütün şəxslər canlı və onlayn izləmə imkanına malikdir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.