16 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək İqtisadiyyat

16 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

On altı sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanan anlaşma memorandumuna əsasən, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində bu il də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcək. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qurur.
Almaniya-Azərbaycan birgə proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup martın 25-dən aprelin 19-dək Almaniyanın Hamburq şəhərində yerləşən "Beynəlxalq Akademiya" Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində qrup üzvlərinin səfərə hazırlığı, onların məlumatlandırılması məqsədilə görüş keçirilib. Agentliyin idarə heyəti sədrinin müavini Nadir Adilov və qurumun digər əməkdaşları sahibkarların nəzəri biliklərinin artırılması, müasir idarəetmə təcrübəsinə yiyələnməsi, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, sahibkar və menecerlərin suallarını cavablandırıb. Nazirliyin dəstəyi ilə indiyədək 379 sahibkar və menecer "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.