Xəzərin sahilboyu torpaq sahələrindən istifadə ilə bağlı 35 hal aşkarlanıb İqtisadiyyat

Xəzərin sahilboyu torpaq sahələrindən istifadə ilə bağlı 35 hal aşkarlanıb

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib. Komitədən verilən məlumata görə, ƏMDK sədri Kərəm Həsənov bildirib ki, ötən il 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilib: "Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib". Sədrin sözlərinə görə, ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub: "Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".
K.Həsənov qeyd edib ki, əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması işləri artıq 30 rayonda tamamlanıb: "Uçot işləri yekunlaşmış 22 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilib, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən ötən ildən artıq vətəndaşlar da faydalanmağa başlayıb. İlk pilot layihə kimi Salyan rayonunun Parça Xələc kəndində start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri təqdim edilib. Keçən il ərzində bu sahədə tətbiq edilən yeniliklərdən biri də "Kadastr Kalkulyatoru"nun istifadəyə verilməsi olub. Vətəndaşlar artıq kadastr işləri ilə bağlı xidmət haqqının məbləğini qabaqcadan hesablaya biləcəklər".
Komitə rəsmisi bildirib ki, 2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1245 hal üzrə inzibati protokollar tərtib edilib: "Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2117 müraciət üzrə 8805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub".
Daha sonra K.Həsənov 2019-cu ilin yeni hədəflərini açıqlayıb: "Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir. Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır. Torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya olunmalıdır. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmalıdır".