İkinci peyklə bağlı hazırlıqlar başlayır İqtisadiyyat

İkinci peyklə bağlı hazırlıqlar başlayır

2017-ci ildə orbitə buraxılacaq yeni peykin texniki-iqtisadi əsaslandırmasını ABŞ şirkəti verəcək

Tərlan

Yaxın vaxtlarda Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində işlərə başlanılacaq. Bu məqsədlə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) "Azərkosmos" ASC-yə qrant ayırıb. Bunu APA-ya "Azərkosmos" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bildirib.
Məlumata görə, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq şirkət olaraq ABŞ-ın "Global Recourses Inc." seçilib. Sözügedən tədqiqat "Azerspace-2" telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektləri əhatə edəcək.
Qeyd edək ki, məbləği yarım milyon dollardan artıq olan qrant müqaviləsi çərçivəsində görüləcək işlərin bu ilin iyul ayınadək başa çatması gözlənilir. "Azerspace-2" telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. İkinci telekommunikasiya peyk layihəsi də kommersiya xarakterli olacaq. Peyk rəqəmsal TV xidmətlərinin təqdim edilməsi, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.
Azərbaycanın üçüncü süni peykinin də orbitə çıxarılması layihələri kommersiya xarakterli olacaq və əsasən xidmətlərin ixracı üçün nəzərdə tutulacaq. Ötən ilin fevralında orbitə ilk süni milli telekommunikasiya peykini çıxaran Azərbaycan növbəti mərhələdə yer səthinin müşahidəsi üçün nəzərdə tutulan aşağı orbitli peyki, daha sonra isə ikinci telekommunikasiya peykini kosmosa buraxacaq.
"Azerispace-1" süni peykinin isə ölkə üzrə nəzərdə tutulan 20%-i tam dolmayıb. Ona görə də ikinci peykin xarici bazarlara çıxarılması planlaşdırılıb. Bu bizim kosmik fəzada mövqelərimizi, kosmik xidmətlər bazarında rəqabət qabiliyyətimizi artıracaq, o cümlədən, "Azərkosmos"a əlavə gəlir gətirəcək.
Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peyki ilə bağlı ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb. Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Çox güman ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik. Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır. Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda "Azerispace-1" süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edirik. Lakin sonrakı peyklərdə Azərbaycan öz orbital mövqelərindən istifadə etmək istəyir.
Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması üçün keçirilən tenderdə iştirak etmək məqsədilə telekommunikasiya və peyk sahəsində Yaponiyanın aparıcı təşkilatı olan NEC (Nippon Electric Corporation) Korporasiyasına təkliflər paketi göndərib. Hazırda Yaponiya hökuməti və NEC Korporasiyası bu təklifi nəzərdən keçirir. Bunu jurnalistlərə açıqlamasında NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno bildirib. O, əlavə edib ki, Azərbaycanın verdiyi bu imkan nəzərdən keçiriləndən sonra Yaponiya məsələ ilə bağlı son fikrini açıqlayacaq. M.İkeno Azərbaycana planşet istehsalı sahəsində də kömək edə biləcəyini də bildirib: "İlk öncə Azərbaycana bu məhsulun, həmçinin bizim çatdıracağımız məhsulun və ya xidmətlərin sizin cəmiyyətə necə töhfə verə biləcəyini nəzərə almalıyıq".
Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək.
2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində iş aparılır. Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi zəruridir. 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik.