Mərkəzi Bankda kənd təsərrüfatının kreditləşdirilməsi müzakirə olunub İqtisadiyyat

Mərkəzi Bankda kənd təsərrüfatının kreditləşdirilməsi müzakirə olunub

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, eləcə də “Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırıqlar verib.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu tapşırıqların təmin edilməsi üçün AMB-də Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılıb, kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, bütövlükdə daşınmaz əmlakın girovu mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, girovda olan daşınmaz əmlakın bazarının aktivləşdirilməsi, eləcə də kreditlərin zəmanət mexanizminin yaxşılaşdırılması məsələlərinə diqqət yetirilib.
Görüşdə, həmçinin kənd təsərrüfatı subyektlərinin hesabatlılığının və şəffaflığının artırılması, o cümlədən ailə-fermer təsərrüfatlarının bələdiyyə orqanları tərəfindən qeydiyyatı, onların kooperasiyalaşması, pilot olaraq müəyyənləşdirilmiş kənddə başlanılmaqla ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları da nəzərdən keçirilib. Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib. Görüşün sonunda kənd təsərrüfatının, kənd yerlərinin və fermerlərin maliyyələşdirilməsi mexanizminin araşdırılması məqsədilə Mərkəzi Bankın və Kənd Təsərrüfatı Nazirliyinin birgə iştirakı ilə Layihə Qrupunun yaradılması barədə razılığa gəlinib.