“Azərbaycanın 52 milyard dollardan artıq xarici valyuta ehtiyatları var” İqtisadiyyat

“Azərbaycanın 52 milyard dollardan artıq xarici valyuta ehtiyatları var”

Pərviz Heydərov: “Makroiqtisadi göstəricilərimiz neftin uzun müddət 30-40 dollar səviyyəsində qalmasına tab gətirəcək”

Neftin ucuzlaşması dünya iqtisadiyyatına təsirsiz ötüşmür və neft ixracatçısı olan ölkələri narahat edir. Azərbaycan da neft ixracatçısı olduğu üçün gəlirləri azalır. Əhali isə belə davam edəcəyi təqdirdə növbəti devalvasiyanın olacağından narahatdır.
Maraqlıdır, bu proses nə vaxta qədər davam edəcək və Azərbaycan iqtisadiyyatına necə təsir göstərər?
Ekspert İlham Şaban deyib ki, tədricən neftin qiymətində sabitləşmə və artımı müşahidə edə biləcəyik: “Hazırkı vəziyyətdə neftin qiyməti 38 dollardan bir qədər yuxarıdı. Yəni artıq 9 mart tarixindəki ajiotajdan yavaş-yavaş uzaqlaşdıqca, hesab edirəm ki, neftin qiymətində yüksəlişi də müşahidə edəcəyik. Çünki bazar tədricən reallıqları həzm etməyə qadirdir, halbuki ayın 6-da və sonrakı iki gün ərzində tamamilə qeyri-müəyyənlik şəraitində qalmlşdı. Bu da bazarda neftin kəskin ucuzlaşmasına gətirib çıxardı. Ardınca fond birjaları, səhmlər kəskin ucuzlaşdı. İndi onların yavaş-yavaş itirilmiş mövqelərini bərpa etdikləri müşahidə edilir”.
Ekspert bildirib ki, bu prosesin sürətlə baş verəcəyini də gözləmək doğru olmaz. Neft qiymətlərində yüksəlişi tədricən müşahidə ediləcək: “Təbii ki, bu o demək deyil ki, itirilmiş qiymət 2-3 günə öz yerini bərpa edəcək. Məsələn, 2016-cı ildə baş verən analoji ucuzlaşma zamanı neftin qiyməti yanvarın 1-də 27 dollaradək düşdü, martın 7-də isə 45 dollar səviyyəsinə çatdı, yəni təqribən 40 günə yaxın müddətdə. İndi bazarlarda baş verən bu proses təkcə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ortaya çıxan məsələyə görə deyil. Burada fundamental bir məsələ də var. Bu, tələb-təkif məsələsidir. Hansı ki, dünya iqtisadiyyatının aşağı templə inkişafından qaynaqlanır. İkincisi, koronavirusun yaratdığı səbəblərdən dolayı enerjinin daha az istehlakı ilə bağlıdır. Bu kimi faktorların da təsirləri aradan qalxmalıdır ki, qiymətlər sabitləşsin. Bazara yönəlik siqnallar olmalıdır ki, bazar artıq itirilmiş mövqeləri bərpa edə bilsin. Fikrimcə, bu da ancaq ilin ortalarındək baş verə bilər”.
Millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək: “Bunun səbəbi hər şeydən öncə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda bu cür ekstrimal vəziyyətlərə qarşı immunitetinin olmasıdır”. Deputat söyləyib ki, zaman-zaman qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilə olur və bu iqtisadi proseslərə mənfi təsir göstərir: “Biz eyni iqtisadi əsaslarda olmasa da, iqtisadiyata süni siyasi müdaxilənin bənzər formasına 2014-cü ildə də rast gəldik və bu vəziyyətdə görülən priventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olduq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operatif önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcəkdir”.
H.Babaoğlu bildirib ki, artıq OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan hökuməti operatif müzakirələr aparmış və neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planları hazırlamışdır: “Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi , büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatçılığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır”.
İqtisadçı ekspert Pərviz Heydərov isə qeyd edib ki, OPEC+ ölkələri içərisində Səudiyyə Ərəbistanı ilə Rusiyanın arasında fikir ayrılığı və mövqelərdə ziddiyyətin ortaya çıxacağı əsla gözlənilmirdi: “Əvvəla, neftin dünya bazarlarında bundan əvvəl, 2014-2016-cı illər arasında ucuzlaşmasının qarşısı məhz OPEC+ ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatı azaltmaq haqda anlaşma ilə alınmışdı. Belə ki, Ər-Riyad ABŞ-ın müttəfiqi olsa da, 5-6 il öncəki qiymət enişində Moskvanın mövqeyindən çıxış etməklə və birgə hərəkət etməklə öz iqtisadi mənafeyi naminə müttəfiqi əleyhinə olsa belə, birgə mövqe nümayiş etdirmək iqtidarında olduğunu göstərdi.
İstər 2018-ci il ərzində, istərsə də 2019-cu ildə ABŞ prezidenti Donald Tramp buna görə Səudiyyə Ərəbistanını dəfələrlə tənqid etmişdi. Başqa sözlə, neft baha olduğuna görə Ər-Riyad günahkar sayılırdı. Səudiyyə isə ötən müddət ərzində mövqeyindən bir addım da olsa geri çəkilmədi.
İkincisi, 60 dollar bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsi idi. OPEC+ ölkələrinin hasilatı azaltmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında sabitləşmişdi ki, bu və ya digər siyasi hadisə, proseslərin nəticəsində arada 60 dollardan aşağı və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan uzağa getməmişdi.
Yəni qiymətlər əslində onsuz da baha deyildi.
Üçüncüsü, Çində koronavirus məsələsi ortaya çıxmasa idi, neft əksinə, bahalaşmağa meyl edirdi. Belə ki, ortada heç bir iqtisadi səbəb mövcud olmasa da, Yaxın Şərqdə, Venesuela ilə Liviyada baş verən siyasi proseslər neftin qiymətinə onu yüksəlməyə sövq etmək yönündə təsir göstərməkdə idi.
Dördüncüsü isə, qlobal iqtisadiyyatda böhranın yenə də ABŞ iqtisadiyyatında başlayacağı proqnoz edilir və gözlənilirdi. Xüsusən də, bunun daha çox ABŞ-Çin, ABŞ-Aİ arasında ticarət anlaşılmazlığı, başqa sözlə, Vaşinqtonun başladığı proteksionist siyasətin nəticəsində meydana çıxacağı bildirilirdi.
Xatırladıram ki, ABŞ sonuncu dəfə 2008-2009-cu illərdə böhranla üzləşmişdi və bu dünyaya yayılmışdı. Həmin böhrandan sonra ABŞ iqtisadiyyatı inkişaf etməyə başladı və yüksək iqtisadi artım müşahidə olundu. Bir ara dollar buna görə sürətlə bahalaşırdı. Məhz sözügedən iqtisadi artıma görə Amerikanın mərkəzi bankı sayılan FES uçot dərəcəsini artırırdı. Halbuki, böhran illərində o təqribən 0 faiz həddində idi”.
O əlavə edib ki, Avropa İttifaqı ölkələrində, xüsusən onun lokomotivi sayılan Almaniyada iqtisadi inkişaf templəri yaxşı idi: “O cümlədən, Çin iqtisadiyyatı da bir müddətdir durğun vəziyyətdən çıxmış kimi görünürdü.
Bütün bunlarla rəğmən, rəqabət şəraiti getdikcə kəskinləşirdi ki, məlum olduğu kimi, ABŞ iqtisadiyyatında artım sürəti titrəməyə başlamış, FES isə uçot dərəcəsini artırmaq siyasətini artıq dayandırmışdı.
Ümumiyyətlə, dünya iqtisadiyyatının, o cümlədən aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək, müəyyən dövrdən bir böhranlı vəziyyətin ortaya çıxdığının adi hal olduğunu görürük. Bunun səbəbini sadəcə olaraq, qabaqcadan proqnozlaşdırmaq və vaxtını bilmək çətindir.
Sözüm bunda deyil. Bəli, dünya iqtisadiyyatında böhran başlayıb və özü də gözlənilməyən bir şəraitdə. O cümlədən sürətlə, həmçinin daha ağır şəkildə. Budəfəki böhranın əlamətləri 2008-2009-cu illərdə ABŞ-da ipotekadan başlanan böhrandan daha kəskin və daha təsirli görünür. 2014-2016-cı illər arasında belə neft birdən-birə bu sürətlə və bu səviyyədə ucuzlaşmamışdı.
Bizə gəlincə, Azərbaycan ərazicə kiçik ölkədir. Qlobal böhranın bizi dərhal vura bilməsi mümkün deyil, amma dalğanın təsiri həmişə özünü göstərib və vəziyyət belə davam edərsə, indi də göstərəcək. Yəni bundan qaçmaq qeyri-mümkündür. Ona görə ki, bizim üçün indiyədək əsas tələb bu olub və indi də bundan ibarətdir ki, ölkəmizin gəlir mənbələrinin sayı artsın, bu sahədə şaxələndirilmiş vəziyyətə nail olaq. Buna isə müvafiq işlər və tələb olunan tədbirlər nə qədər sürətlə həyata keçirilsə də, hələ tam nail ola bilməmişik. Çünki bu qısa müddətdə nail olunası məsələ deyil.
Təkrar edirəm, neftin dünya bazar qiyməti 50 dollara enənədək təhlükə yox idi. Qiymət 50 dollardan aşağı düşərsə, ölkəmizdə mövcud makroiqtisadi göstəricilər və valyuta bazarındakı vəziyyət üçün bunun "qırmızı işığ"ın yanması, 40 dollara düşdükdə və bundan da aşağı həddə keçdikdə isə manatın məzənnəsi üzərində nəzarətin çətinləşəcəyi demək olduğunu yazmışdım.
2014-2016-cı illəri xatırlatmaq istəyirəm: həmin illərdə heç də qlobal böhran yox idi. Sadəcə olaraq, neftin qiyməti 40 dollara və ondan da aşağı düşməklə, makroiqtisadi dayanıqlığımız titrədi. Bu vəziyyətdən tam sığortalı deyilik. Və bu gün də bizim üçün əsas problem dünyada qlobal maliyyə və iqtisadi böhranın özü yox, onun məhz neftin qiymətini hansı həddədək ucuzlaşdıracağı məsələsidir!
Ancaq bir məsələ var ki, neftin qiymətləri bizdə dövlət büdcəsinə birbaşa təsir etmir. Ortada Dövlət Neft Fondu (ARDNF), yəni "təhlükəsizlik yastığı" var. Neftin qiymətinin təsirini ilk olaraq məhz adı çəkilən bu qurum üzərinə götürür ki, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatını və ya 47,0 faizini ARDNF-dən transfert təşkil edir. Bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq həyata keçiriləcək. Yəni hər il olduğu kimi. Beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq.
Bunu 2015-2016-cı illərdəki təcrübə də sübut etmişdi. Belə ki, həmin illərdə neftin dünya bazar qiymətləri hətta 40 dollardan aşağı düşdüsə də, ölkəmizdə dövlət büdcəsinin icrasında heç nə yarımçıq saxlanılmadı və qayçılanmadı. Dalğa ancaq valyuta bazarını, manatın məzənnəsini vurdu.
Bundan əlavə, bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları götürülüb, keçən il isə 60 dollar idi. Bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 dollar götürülməsi müsbət addım idi, o mənada ki, bu ötənilkindən 5 dollar aşağıdır. Keçən il dünya bazarlarında qiymət faktiki 60 dollardan həmişə yuxarı oldu və 2020-ci ildə qiymətin bundan aşağı olmayacağı gözlənilirdi. Demək istədiyim budur ki, bu vəziyyətdə hökumət özü üçün riski artırmadı, əksinə, azaltdı.
Amma hazırda qiymət 40 ABŞ dolları həddinə qədər ucuzlaşıb. Ölkəmizin isə 52 milyard dollardan yuxarı xarici valyuta ehtiyatları var. Odur ki, bir sıra makroiqtisadi göstəricilərimizin neftin dünya bazar qiymətlərinin uzunmüddətli şəkildə 30-40 dollar səviyyəsində qalmasına dayanıqlı tab gətirəcəyi ən azı bu il üçün heç bir şübhə doğurmamalıdır”.