“Reklam haqqında” yeni qanun layihəsi hazırlanıb İqtisadiyyat

“Reklam haqqında” yeni qanun layihəsi hazırlanıb

Ziyad Səmədzadə: "Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar"

"Reklam haqqında" yeni qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsinin 2014-cü il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına daxil edilib. Bu barədə komitənin dünən keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib
Komitə sədrinin qeyd etdiyinə görə, adıçəkilən qanun layihəsi komitə üzvləri - deputatlar Əli Məsimli və Vahid Əhmədov tərəfindən hazırlanıb və həmin sənədin artıq parlament rəhbərliyi tərəfindən qanunvericilik işləri planına daxil edilməsi məqsədəuyğun sayılıb.
Sözügedən qanun layihəsinin müəlliflərindən olan Vahid Əhmədov çıxışında həmin sənədin qanunvericilk işləri planına salındığı üçün Z.Səmədzadəyə və parlamentin sədri Oqtay Əsədova minnətdarlığını ifadə edib.
"Reklam haqqında" qanunun qəbulundan təxminən 15 il keçdiyini xatırladan V.Əhmədov artıq yeni sənədin qəbuluna ciddi ehtiyac duyulduğunu vurğulayıb: "Həmin vaxtdan bu yana ölkənin iqtisadi-siyasi həyatında, reklam bazarında xeyli dəyişikliklər baş verib. Bizim hazırladığımız yeni qanun layihəsində də xeyli yeniliklər, əlavələr var. Demək olar ki, mövcud qanunun 70 faizi dəyişdirilib.
Bir daha hesab edirəm ki, dövrün reallıqları və tələbləri baxımından yeni qanunun qəbuluna çox böyük ehtiyac var və bu baxımdan, çox güman ki, biz onu payız sessiyasında müzakirələrə çıxarıb qəbul edə biləcəyik".
Qanun layihəsinin digər müəllifi Əli Məsimli də adıçəkilən sənədin qanunvericilik işləri planına daxil edilməsindən məmnunluğunun bildirib və sözlərinə əlavə edib ki, bu gün Azərbaycanda reklamların vəziyyəti olduqca bərbaddır: "Küçəyə çıxıb 15 dəqiqə gəzib dolaşıb baxmaq kifayətdir ki, reklamların nə vəziyyətdə olduğunu biləsən. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbulu çox vacibdir".
Komitə sədri Z.Səmədzadə də öz növbəsində Azərbaycanda reklamların vəziyyətindən narazlığını ifadə edib.
O, xüsusilə, reklamların dilinə diqqət çəkib: "Kimlərsə az qala moda xatirinə Azərbaycan dilini unutdurmağa çalışırlar. Bu, düzgün deyil. Bu gün telekanallarda Azərbaycan dilində Azərbaycan məhsullarının, xüsusilə, yerli brend məhsulların reklamına da rast gəlmək olmur. Bu baxımdan, mən də hesab edirəm ki, "Reklam haqqında" yeni qanun qəbulu çox əhəmiyyətlidir".