Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər İqtisadiyyat

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərindən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcək.
Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır. Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.