Bakı-Tiflis-Qars dəmir yolunun açılması gecikəcək İqtisadiyyat

Bakı-Tiflis-Qars dəmir yolunun açılması gecikəcək

Nazir: "Dəmir yolu gələn ilin ikinci yarısında işə düşəcək"

Dünən Bakıda Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası keçirilib. Tədbirdə Şuranın Azərbaycan tərəfindən olan həmsədri, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov və digər rəsmi nümayəndələr iştirak ediblər. Görüşdə Gürcüstan tərəfini Əlaqələndirmə Şurasının həmsədri, iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili, Gürcüstan dəmir yolları infrastrukturun direktoru və digərləri təmsil edib. Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri G.Kvirikaşvili tədbirdə çıxışı zamanı iki ölkə arasında faydalı əməkdaşlıq üçün təşəkkürünü bildirib. O qeyd edib ki, BTQ-nin vaxtında təhvil verilməsi üçün işlər 24 saat rejimində aparılır. O, bu işə yardım göstərən bütün tərəflərə minnətdarlığını bildirib. Daha sonra Azərbaycanın nəqliyyat naziri Z.Məmmədov çıxış edib və toplantı iştirakçılarına iclasın proqramını açıqlayıb.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istismarına artıq 2015-ci ilin ikinci yarısında başlanacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib: "Bizə verilən məlumata görə, bu ilin sonunda test qatarını Türkiyə sərhədinə kimi buraxa biləcəyik, 2015-ci ilin ikinci yarısından isə dəmir yolunun istismarına başlanacaq".
Nazir bildirib ki, dünən Bakıda BTQ layihəsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında ikitərəfli formatda görüş keçirilib və bu iclasda layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub: "Bu il üçün artıq yeni büdcənin qəbul olunmasına baxdıq. Bütövlükdə, bütün işlərin icrası ilə bağlı fikir mübadiləsi apardıq. Hazırda layihənin icrası planlı şəkildə davam edir".
Z.Məmmədov əlavə edib ki, hazırda Türkiyə tərəfində işlər sürətlə gedir: "Bizim ən problemli məsələmiz Türkiyə sərhədi ilə Gürcüstan ərazisində təxminən 400 metr uzunluqda olan tunelin tikintisi ilə bağlı olub. Bu iş də sürətlə aparılır. Çox böyük iş həcmi yerinə yetirilib. Türkiyə tərəfi də 2015-ci ilin yayına kimi bu işi tamamlamağı nəzərdə tutur və gələn il bu nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi gözlənilir".
Bakı-Tiflis-Qars (BTQ) dəmir olu bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq çoxdan həll olunub və bu layihə üçün bu cür maneələr yoxdur. Bunu da jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib: "Layihə vaxtında istismara veriləcək. Test qatarı 2014-cü ilin sonunda dəmir yoluna buraxılacaq və 2015-ci ildə layihə təhvil veriləcək". Nazirin sözlərinə görə, Bakıda keçirilən ikitərəfli Əlaqələndirmə Şurasının iclasında görülən işlər müzakirə olunub və mövcud problemlər həll olunub: "Bu layihə Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Düşünürəm ki, layihə əlavə yükdaşımaları cəlb edəcək və ölkələrimiz arasında qonşuluq, dostluq və kommersiya əlaqələrini gücləndirəcək".
G.Kvirikaşvili əlavə edib ki, artıq bu gün Mərkəzi Asiya ölkələri və Çin bu layihəyə böyük maraq göstərir: "Tam əminəm ki, BTQ layihəsi perspektivli olacaq. Bu dəmir yolunun tikintisi ilə bağlı verilən qərar müdrik idi və Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldıracaq. Gürcüstan hər şey edəcək ki, işlərini vaxtında başa çatdırsın".
Əslində hər iki tərəf BTQ üzrə işlərin qrafikə uyğun getdiyini desələr də, layihə xeyli gecikdirilib. Əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir. Ona görə də, əslində indi dəmir yolu işə salınmalıydı. Amma görünür, ən azı il yarım da gecikmə olacaq. Hər halda Azərbaycanın maliyyə dəstəyi ilə layihə çərçivəsində Gürcüstan ərazisində aparılan tikinti işləri davam edir. Bakı-Tiflis-Qars layihəsi ilə yanaşı, Bakının yaxınlığında yeni müasir beynəlxalq dəniz ticarət limanının tikintisi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası Çin və Mərkəzi Asiyadan yüklərin Qafqaz üzərindən birbaşa 4-cü Pan Avropa dəhlizinə çıxmaqla Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq.
Azərbaycan və Türkiyə regionda həyata keçirilən ən böyük iqtisadi layihələrin birgə və bərabərhüquqlu, ən aparıcı mövqeyə malik tərəfdaşlarıdılar. Bu layihələrə Gürcüstan da daxil edilir. Əslində bu üç ölkənin əməkdaşlığından daha çox qazanan Gürcüstandır. Çünki Azərbaycan və Türkiyə maliyyə imkanları məhdud olan bu ölkəyə sərmayə yatırırlar.
Heft-qaz layihələri ilə yanaşı Türkiyə ilə Azərbaycanın daha bir uğurlu, böyük iqtisadi gələcəyi olan layihəsi Gürcüstanın da iştirakı ilə həyata keçirilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin tikintisidir. Layihə Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir, ölkəmiz tikintiyə 850 milyon dollar investisiya qoyub. Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə təkcə yük qatarları deyil, sərnişin qatarları da hərəkət edəcək. İlkin mərhələdə burada ildə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılır ki, sonradan bu həcmlərin artırılması nəzərdə tutulub. Bu dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yük daşımaları və yeni iş yerləri, Azərbaycanla Türkiyə arasında mühüm quru əlaqəsi deməkdir. Bu, iqtisadi layihə olmaqla yanaşı həm də tarixi və siyasi bir məsələdir, Türkiyəylə Azərbaycanı Gürcüstan vasitəsilə daha da yaxınlaşdıracaq, birləşdirəcək. Bura Haxçıvan da qatılacaq.