Kəndlinin işlə bağlı ümid yeri – özünüməşğulluq proqramı İqtisadiyyat

Kəndlinin işlə bağlı ümid yeri – özünüməşğulluq proqramı

Hazırda kənd rayonlarında yerli sakinlərin işlə bağlı əsas ümid yerlərindən biri də hökumətin bu sahədə onlara dəstək xarakterli həyata keçirdiyi özünüməşğulluq proqramıdır. Kənd yerlərində əmək bazarının inkişafında önəmli rola sahib olan özünüməşğulluq proqramı əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə şərait yaradır. Bu aktiv məşğulluq tədbiri aztəminatlı vətəndaşların ünvanlı yardım sistemindən kiçik biznesə çıxışına, nəticədə gəlir imkanlarını artırmalarına imkan verir. Özünüməşğulluq proqramının təşkilində bir çox dövlət və özəl şirkətlər, Dünya Bankı, kommersiya bankları, digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir, beynəlxalq təcrübə əsasında proqramın tətbiqi mexanizmi daim təkmilləşir.
Özünüməşğulluq proqramı çərçivəsində 2020-ci ildə təkcə Quba rayonunda 300 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Bu il proqram çərçivəsində verilmiş aktivlər hesabına daha çox ailənin əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırması nəzərdə tutulub. Quba rayon sakini Ülvi Quliyev özünüməşğulluq proqramından faydalanmaq üçün Quba Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onun ailə şəraiti dəyərləndirilib. Ü.Quliyev təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona biznesini qurmaq məqsədilə poliqrafiya xidmətləri göstərmək üçün avadanlıqlar təqdim olunub. Cağacuq kənd sakini Ceyhun Əhmədov arıçılıqla məşğul olmaq istəsə də, biznesini genişləndirmək üçün çətinlik çəkib. Bununla əlaqədar Özünüməşğulluq proqramından faydalanmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət edib. Dövlət proqramı çərçivəsində ona ailə biznesini qurmaq üçün 15 arı ailəsi verilib. Quba rayonunda ötən 4 il ərzində 550-ə yaxın ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.
Son illərdə özünüməşğulluq proqramının əhatə dairəsi xeyli genişlənib, 2018-ci ildə 7267, 2019-cu ildə 10 min, 2020-ci ildə 12 min ailə bu proqrama cəlb olunub. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. 2021-ci ildə özünüməşğulluq proqramının 16 mindən çox ailəni əhatə etməsi nəzərdə tutulur.
Proqramın müsbət cəhətlərindən biri də odur ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilərimiz də aktiv məşğulluq proqramları çərçivəsində sosial dəstəklə təmin olunur. Artıq bu kateqoriyalardan olan 2000 şəxs məşğulluq proqramlarına cəlb edilib. Onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramında iştirak edir.
Onu da qeyd edək ki, özünüməşğulluq proqramında iştirak bir neçə mərhələdən ibarətdir. İlk növbədə, iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) qeydiyyata dayanmaq lazımdır. Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər.
Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilir. Aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilir və özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılır. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
Mahir