ARNDF-nin ötənilki gəlirlərinin strukturu açıqlanıb İqtisadiyyat

ARNDF-nin ötənilki gəlirlərinin strukturu açıqlanıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə ümumi gəlirləri 9 360 769,8 min manat təşkil edib. Bu, 2019-cu illə müqayisədə 9 669 843 min manat və ya 49,2% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilir.

Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri və Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edib. Gəlirlərin böyük hissəsini və yaxud 70,4%-ni mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirlər, 8,2%-ni bonuslar, 21,1%-ni vəsaitlərin idarə edilməsi ilə bağlı gəlirlər təşkil edib. Tranzit haqları, akrhesabı ödənişlər Fondun ümumi gəlirlərinin 0,29%-ni təşkil edib.

Qeyd edək ki, hesabat ilində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasilatın həcmi 174,6 mln. barel təşkil etməklə, proqnoza (174,6 mln. barel) nisbətən 100% icra olunub. Dəyər ifadəsində AÇG-də hasil edilmiş mənfəət neftinin satışından 3 522,7 mln. ABŞ dolları vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş vəsaitə (3 453,6 mln. dollar) qarşı 2% çox təşkil edib. Neft Fondunun 2020-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 35 dolları proqnozlaşdırıldığı halda, il ərzində bir barelin ortaçəkili qiyməti 38,5 dollar təşkil edib. Beləliklə, 2020-ci ildə Fondun yataqlar üzrə faktiki daxilolmalarının həcmi 3 833,43 mln. dollar təşkil edib.