“Avrozonaya çıxış üçün maneələr aradan qaldırılmalıdır” İqtisadiyyat

“Avrozonaya çıxış üçün maneələr aradan qaldırılmalıdır”

Son günlər ən çox müzakirə olunan mövzu manatın birdən- birə ucuzlaşma səbəbidir. Bu barədə danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Mərkəzi Bankın (MB) ötən şənbə - fevralın 21-i tarixində qəbul etdiyi qərar nə qədər gözlənilməz oldusa da əslində, məntiqdən doğdu. Belə ki, məsələyə soyuq başla yanaşsaq MB-ni çox da qınamaq olmur: "Dolların dünyada bahalaşması keçən ilin aprel-may aylarından başlanıb. Bundan əvvəl isə 2008-2009-cu illərdə ABŞ-ı qlobal maliyyə və iqtisadi böhrandan çıxarmaq üçün Federal Rezerv Sistemi (FRS) "Kəmiyyət Yumşaldılması Proqramı" adı altında ucuzlaşdırma siyasəti yeridirdi ki, bu zaman real sektorda aktivliyə nail olmaq üçün dövriyyəyə ardıcıl nəğd pul buraxılır - dollar "çapı" dayandırılmadan "səxavətli" emisiya həyata keçirilirdi.
Keçən ilin yazında FRS rəhbərliyi elan etdi ki, bu siyasət artıq dayandırılacaq və 2014-cü ilin oktyabrında üçüncü Kəmiyyət Yumşaldılması Proqramının icrası qapadıldı. Beləliklə də, dolların bahalaşdırılması siyasəti ABŞ hökumətinin bir növ əsas hədəfinə çevrildi.
Doğrudur, bu, Kəmiyyət Yumşaldılması Proqramlarındakı kimi düşünülmüş və planlı şəkildə həyata keçirilmir. Ancaq ölkə iqtisadiyyatında müşahidə edilən canlanma ilə əlaqədar Amerika valyutasının həm daxildə, həm də xaricdə tədricən möhkəmlənməsinə start verilmiş oldu".
Onun fikrincə, ABŞ dolları ilə neftin qiyməti isə tərs mütənasibdir: "Dollar dəyərdən düşəndə neft bahalaşır, əksinə olduqda isə ucuzlaşır. Azərbaycanın isə gəlirləri əsasən neftə bağlıdır. Təkcə bu ilin yanvarına olan məlumata əsasən, ölkəmizdən ümumi ixracda xam neftin həcmi 83,38 faiz təşkil edib ki, hasilatın azalması ilə əlaqədar tepm aşağı düşüb. Demək istədiyimiz budur ki, neftin keçən ilin iyun ayından bəri az qala 2 dəfədən çox ucuzlaşması ilə əlaqədar ölkəyə dollar axını azalıb. Digər idxal və ixrac əməliyyatlarına gəldikdəsə bunların da əksəriyyəti dollarla aparılır. Və neftin qiyməti ilə bağlı dünyada hər şey ucuzlaşdığından demək olar, bütün istiqamətlərdə ABŞ valyutası üzrə gəlirlər azalıb.
Yeri gəlmişkən, Azərbaycanın bütün idxal-ixrac əməliyyatları dollar və avro ilə aparılır ki, birincinin payı 80-85 faiz təşkil edir. Avro ilə yalnız ayrı-ayrı sahibkarlıq strukturları əməliyyat aparırlar ki, əksəriyyəti idxalla məşğuldurlar. Yəni, qeyri-neft sektorumuz istənilən səviyyədə inkişaf etmədiyindən kənardan avro idxalı məhdud xarakter daşıyır.
Amma ölkədə qeyri-neft sektorunun inkişafı avro zonasına çıxmağı tələb edir. Belə ki, neftdənkənar sahələrdə nəsə istehsal etmək mümkündürsə bunu okeanın o biri tayında deyil, ilk növbədə postsovet məkanında və məhz Avropa ölkələrində reallaşdırmaq barədə düşünməliyik. Ona görə də avrozonaya çıxış üçün bütün maneələr aradan qaldırılmalıdır".
Ekspertin fikrincə, ölkədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inlişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan yanvarın 27-də keçirilən konfransda da dövlət başçısı bu mənada dedi ki, 1 manat 1 avroya bərabər olmalıdır: "Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar oldu. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil,- deyə, Dövlət başçısı həmin konfransda vurğulamışdı.
MB İdarə Heyətinin 16 fevral 2015-ci il tarixdən məzənnə siyasətində ikitərəfli hədəflənmədən valyuta səbəti dəyərinin əsas götürülməsinə keçmək haqda qərarı da məhz bundan irəli gəldi.
Ancaq iş ondadır ki, dolların bahalaşmasına rəğmən, avro da ucuzlaşır. Odur ki, manatın avroya məzənnəsinin ayrıca müəyyən edilməsi dolların milli pul vahidimizə təzyiqinin ikiqat artıacağı demək idi. Ötən şərhimizdə də yazdıq ki, ölkəmizdə manatın dəyərinin tənzimlənməsində bu mexanizmdən 2008-ci ilin mart ayından istifadə olunurdu. 2011-cü il yanvarın 10-dan isə bivalyuta səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçildi. Bu zaman bayaq qeyd etdiyimizə əsasən həm ABŞ-da ikinci Kəmiyyət Yumşaldılması Proqramı həyata keçirildiyindən dollar ucuzlaşırdı, həm də buna müvafiq olaraq neftin qiyməti də əlverişli tempdə idi.
Bu baxımdan, fevralın 16-dan 21-nə keçən müddət göstərdi ki, nə MB, nə də ölkənin maliyyə bazarı bivalyuta səbətinə keçidə əslində, hazır deyildi. Belə ki, həmin qərar manatı kəskin ucuzlaşdırmaq təhlükəsi yaratdı ki, MB də prosesi qabaqlamaq üçün əslində, çox düzgün addım atmaqla 34 faizlik ucuzlaşmaya getdi.
Yeri gəlmişkən, bunun özü, çox çatışmazlıqlar üzə çıxartdı... Belə ki, qiymətlərin heç bir əsas olmadan bahalaşdırılmasına cəhdlər, kommersiya banklarının valyuta dəyişmə məntəqələrində dollar alışı və satışı zamanı MB-nin müəyyən etdiyi marjanın pozulması və sair deyilənlərə sübutdur.
Məsələ ondadır ki, avronun ucuzlaşması hələ qarşıdadır. Yəni, Avropa Mərkəzi Bankı da Kəmiyyət Yumşaldılması Proqramı həyata keçirəcəyini bəyan edib ki, dünya iqtisadiyyatı hazırda həmişəki kimi dörd – ABŞ, Avropa İttifaqı (Aİ), Şərqi Asiya və Yaxın Şərq ölkələrinin deyil, təkcə bir ayağı - ABŞ iqtisadiyyatı üzərində dayandığından adları çəkilən digər zona ölkələrinin iqtisadiyyatları real olaraq ən yaxşı halda durğun vəziyyətdədir.
Avropa Bankının kəmiyyət yumşaldılması siyasəti də iqtisadi aktivliyə nail olmaq üçün ABŞ-da həyata keçirilən Ben Bernankenin "xilasolma tədbirlərinin" bir başqa forması – bir medalın o biri üzü olacaq. Bu siyasət mart ayından tədbiq edilməyə başlanmaqla, 2016-cı ilin sentyabrına qədər davam edəcək.
Sual olunur ki, dolların bahalaşması fonunda avronun daha da ucuzlaşacağı təqdirdə manatın hər iki valyuta ilə "eyni vaxtda və eyni rinqdə" mübarizə aparması mümkün olacaqmı? Bu zaman, Aİ ölkələri ilə ticarət dövriyyəmizin 34 faizə yaxın təşkil etməsi faktı ciddi arqument xarakteri daşımayacaq ki?
Yeri gəlmişkən, ölkə prezidenti sözügedən konfransda onu da qeyd etdi ki, bir manat bir avro səviyyəsində qalarsa makroiqtisadi vəziyyət pozulmayacaq. "Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir."- deyə, dövlət başçısı vurğuladı. Odur ki, MB-nin üzərinə böyük yük düşdüyü aydın görünür...".
Bir sıra ekspertlər isə hesab edirlər ki, neftin ucuzlaşması əsasən neft sektoruna təsir edir: "Bu il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 90 dollar səviyyəsində götürülüb. Hazırda isə neftin 1 barelinin qiyməti 50-60 dollar səviyyəsindədir. Lakin Azərbaycanın strateji valyuta ehtiyatları nəzərə alınarsa və fiskal siyasətlə bağlı zəruri tədbirlər görülərsə, qısa müddətdə iqtisadi artım qorunub saxlanıla bilər…".
Ekspertlərin fikrincə, milli valyutamızın dollar və avroya nisbətdə çox bahalaşması ölkəmizin ixrac potensialı üçün müsbət hal deyil və mənfi nəticələrə gətirib çıxara bilər: "Ölkədə makroiqtisadi sabitliyin qorunması, həmçinin əhalinin sosial müdafiəsi baxımından indiki halda milli valyutamızın avroya ekvivalentliyinin təmin edilməsi, yəni 1 manatın 1 avro səviyyəsində saxlanılması daha məqbul və daha praqmatik yanaşma olardı. Bu məsələyə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda da toxunulmuşdur. Bildirilib ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir... Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın".
Ekspert Şəhriyar Muxtarov isə deyib ki, Azərbaycanda milli valyuta olan manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi zərurətdən irəli gələn iqtisadi proseslərin tərkib hissəsi olmaqla, qlobal iqtisadi maraqlara, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin qorunmasına və cəmiyyətin mənafelərinə uyğun bir şəkildə həyata keçirilib: "Digər ölkələrdə bu baxımdan baş verən kataklizmlərdən fərqli olaraq, sadə vətəndaşlar dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmirlər. Qiymətlər əsasən sabit saxlanılıb. Dövlət tərəfindən süni qiymət artımına yol verilməməsinə ciddi nəzarət var ki, bu da proseslərin ictimai maraqlara uyğun məcrada getməsini təmin edir Həmçinin əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bank əmanətləri sahəsində də hər hansı ciddi problem müşahidə olunmadı. Milli Bankın sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirdi. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şans yaratdı. Xüsusilə onu qeyd etməyə dəyər ki, vəsaitlərini xarici valyutada saxlayan böyük əksəriyyət hətta uduşlu vəziyyətdədir. Eyni zamanda, kreditlərin əksər hissəsi manatla verildiyinə görə kredit alan şəxslər də hər hansı problemlərlə üzləşməyiblər. Bu vəziyyət həmçinin istehlak mallarını kreditlə alan şəxslərə aiddir. Buradan bir daha anlaşılır ki, manatın məzənnəsinin düşməsi kreditləri əsasən manatla götürmüş olan Azərbaycan vətəndaşlarının xeyrinədir. Eyni zamanda, ölkə vətəndaşları bu dəyişikliyi dövlətin büdcəni qorumaq, öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlaşıqlıqla yanaşırlar. Vətəndaşlar hesab edirlər ki, digər neft istehsalçısı olan ölkələrdə daha mürəkkəb və problemli vəziyyət mövcuddur".

Əli