“Qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər İqtisadiyyat

“Qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər

Bu ilin yanvar-may ayında ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çox (551,5 milyon kub metr) olmaqla 17 milyard kub metr qaz hasil edilib. Qazın 5,4 milyard kub metri AÇG-dən, 8,4 milyard kub metri “Şahdəniz”dən, 3,2 milyard kub metri SOCAR-dan alınıb. Həmin dövrdə xaricə qaz satışı təxminən 7,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-may ayında Türkiyəyə təqribən 4,2 milyard kub metr, Avropaya təqribən təqribən 2,1 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kub metr qaz verilib. TANAP ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kub metrdən çox qaz nəql olunub. 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz satılıb. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, lakin 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP-la göndəriləcək 16 milyard kubmetr qazın 10 milyardı Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Yataqlar istismara veriləndən cari il iyunun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 182 milyard kubmetr, “Şahdəniz”dən isə 143 milyard kubmetr qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kubmetri ixraca göndərilib. “Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.
Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalayıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib. “Enerjinin İpək Yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Təbii qaz kömür və neftdən daha təmiz yanacaq kimi seçilsə də, keçən il qaz qiymətlərinin enməsi və yeni növ koronavirus epidemiyası səbəbindən ekoloji təmiz hava barədə məlumatlılığının artması təbii qaza öz müsbət dəstəyini artıracaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq. 2019-cu ildə 2 faiz olan bərpaolunan enerji mənbələrinin payı isə 2050-ci ildə 10 faizə yüksələcək.
2050-ci ilədək qlobal təbii qaz tələbatı 50 faiz artaraq ildə 6 trilyon kubmetrə yüksələcək. 2021-ci ildən qlobal təbii qaz tələbatının artacağı gözlənilir. Bu il qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır.
Mahir Həmzəoğlu