Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi prosesini ləngidir - Səbinə Əliyeva Müsahibə

Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi prosesini ləngidir - Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş soydaşlarımızın taleyi ilə bağlı Trend-ə müsahibəsini təqdim edirik:

Səbinə xanım, ilk növbədə, Sizi salamlayır, dövlətimizin ali məqsədinin təmininə xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Çox sağ olun, təşəkkür edirəm.

Məlum olduğu kimi, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür. Buna görə də Sizinlə bugünkü müsahibəni ölkəmiz üçün də çox aktual olan belə bir mövzuya həsr etmək yerinə düşərdi. İstərdik ki, bu günün yaranma tarixi, əsas məqsədi və əhəmiyyəti barədə məlumat verəsiniz.

Tamamilə doğrudur. Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü BMT Baş Assambleyasının 2010-cu il 21 dekabr tarixində qəbul etdiyi 65/209 nömrəli qətnaməyə əsasən təsis olunmuşdur. Bu gün 2011-ci ildən etibarən hər il avqust ayının 30-da dünyada, o cümlədən Azərbaycanda qeyd olunur.

Müxtəlif səbəblərdən itkin düşmüş şəxslərin xatirəsinin yad edilməsi və zorakı itkindüşmə hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi isə günün əsas məqsədləri sırasındadır. Bununla əlaqədar həmin gün ərəfəsində BMT-yə üzv olan dövlətlər, habelə bir sıra beynəlxalq və regional təşkilatlar, milli insan hüquqları və vətəndaş cəmiyyəti institutları tərəfindən itkinlərin taleyinə həsr edilmiş müxtəlif tədbirlər təşkil olunur ki, bu da ictimaiyyətin diqqətini onların hüquqlarının müdafiəsinə cəlb etmək baxımından çox əhəmiyyətlidir.

Dünyada itkin düşmüş şəxslərin sayı barədə statistik məlumat bazası mövcuddurmu?

Zaman ötdükcə dünyada itkin düşmüş şəxslərin sayının davamlı şəkildə artması problemin kifayət qədər aktual olduğunu və qlobal xarakter daşıdığını göstərir. Müxtəlif ölkələrdə baş verən müharibələr, terror aktları, zorakılıqla yoxa çıxarma halları, habelə təbii fəlakətlər, texnogen qəzalar digər fövqəladə hadisələr nəticəsində yüz minlərlə, bəlkə də daha çox insan itkin düşmüşdür. Lakin hazırda dünya üzrə itkin düşmüş şəxslərin sayı barədə əlimizdə dəqiq statistika olmadığına görə hesab edirik ki, bununla bağlı hər hansı konkret bir rəqəm səsləndirmək düzgün deyil.

Bəs bu sahədə Azərbaycanda vəziyyət necədir, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslər barədə məlumat verə bilərsinizmi?

Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 4 minə yaxın soydaşımız itkin düşmüşdür. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər soydaşımız Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır.

Yaş və cins tərkibinə nəzər saldıqda aydın olur ki, mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə ahıl insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfəri, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz faktlar vardır.

Vaxtilə əsir-girovluqdan azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki şəxslərin ifadələrinə, çoxsaylı sübutlara və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, Ermənistan tərəfi azərbaycanlıların əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Bunu beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi, o cümlədən kütləvi dəfnlərin həyata keçirildiyi yerlər barədə indiyədək Azərbaycana heç bir məlumat vermir. Bununla da Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, habelə digər beynəlxalq müqavilələrin tələblərini kobud şəkildə pozduğunu açıq formada nümayiş etdirir.

Birinci Qarabağ müharibəsi dövründə əsir-girov götürülmüş soydaşlarımızın azad edilməsi və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı hansısa müsbət nəticələr əldə olunubmu?

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 378 nəfəri hərbçi, 1102 nəfəri (224 uşaq, 357 qadın və 225 ahıl insan) mülki şəxs olmaqla, ümumilikdə 1480 nəfər Azərbaycan vətəndaşının azad edilərək Vətənə qaytarılması təmin edilmişdir. Eyni zamanda, Komissiya tərəfindən yayılmış digər bir məlumata görə isə bu günədək aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş 15 nəfər Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsinə nail olunmuşdur.

İtkin düşmüş soydaşlarımızın Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən əsir-girov götürüldüyünü və müxtəlif ağır işgəncələrə məruz qaldığını təsdiq edən çoxsaylı faktlar var. Bütün bunları qarşı tərəf necə inkar edə bilər?

Bununla bağlı təkzibedilməz faktlardan biri də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş 54 azərbaycanlı ilə bağlı məktublarda öz əksini tapmışdır. Buradan görünür ki, Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistanda və bu ölkə tərəfindən Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərin meyiti qaytarılmış, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir.

Eyni zamanda, Ermənistan hərbçilərinin Azərbaycanın Xocalı şəhərini işğal edərkən qətlə yetirdikləri 613 Xocalı sakinindən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri isə müxtəlif yaş hədlərində olan qadınlar olmuşdur. Bu zaman 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər əlilliyə səbəb olan ağır xəsarətlər almışdır ki, onlardan da 76-sı uşaqdır. Bununla belə hazırda 196 nəfər Xocalı sakini, o cümlədən 13 nəfəri qız olmaqla, 36 uşaq və 20 nəfəri ahıl olmaqla, 65 qadın itkin düşmüş kimi qeydiyyata alınmış şəxslər siyahısındadır.

Ermənistanın əsir-girovluğunda olduğu müddətdə müxtəlif dözülməz işgəncələrə məruz qalmış və ömürlük əlilliyə səbəb olan çox ağır xəsarətlər almış yüzlərlə azərbaycanlı bu gün də fiziki və psixi sağlamlıqlarındakı ciddi problemlərdən əziyyət çəkirlər.

Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın əsir-girovluğundan azad edilmiş insanların şahid qismində verdikləri ifadələr və jurnalist müsahibələri Ermənistan tərəfindən azərbaycanlılara qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin törədildiyini təsdiq edir. Bu mənada qarşı tərəfin məkrli xislətinə uyğun olaraq bu kimi təkzibolunmaz faktları inkar etməsinin isə artıq heç bir əhəmiyyəti yoxdur.

Ermənistan Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə də bu kimi qeyri-insani əməllərini davam etdirməklə azərbaycanlılara qarşı etnik zəmində nifrət siyasətindən əl çəkmədiyini dünyaya nümayiş etdirməkdən çəkinməyib. Maraqlıdır, onlarda yaranmış bu əminlik nə ilə bağlıdır?

Çox təəssüflər olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də Azərbaycanın mülki şəxslərini girov götürərək həbs etmişdir. Bu, azərbaycanlılara qarşı etnik zəmində nifrət siyasətinin açıq təzahürüdür.

Ermənistan hərbçilərinin etiraflarından və müxtəlif sosial şəbəkə hesablarında yayılan videogörüntülərdən aydın görünür ki, onlar əsir-girovluqda saxlanılarkən xüsusi nifrət hissi ilə insanlıqdan kənar şəkildə qətlə yetirdikləri azərbaycanlı hərbçilərin nəşini alçaldıcı formada aşağılamış və bu kimi halları paylaşmaqla gərginlik yaratmağa çalışmışlar. Yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərinin alçaldılması, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyulması, habelə yaralı əsgərlərin öldürülməsi, kütləvi dəfn faktları yayılan video və fotogörüntülərdə öz əksini tapmışdır.

Təəssüflər olsun ki, dəfələrlə konkret sübutları özündə əks etdirən müraciətlər edilməsinə baxmayaraq, uzun illər ərzində günahsız azərbaycanlılara qarşı kəskin irqi nifrət zəminində törədilmiş ağır cinayət əməllərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində ciddi ölçülər götürülməmişdir. Hesab edirəm ki, bu günə qədər beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmaması və hüquqi məsuliyyətə cəlb olunmaması qarşı tərəfi ruhlandıraraq daha da azğınlaşdırmış, bu isə onlarda rahatlıq, arxayınçılıq və məsuliyyətsizlik hissi yaratmışdır.

Sizin Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi qulluqçulara qarşı törədilən işgəncə faktlarına dair xüsusi hesabatınızda bu faktlar necə işıqlandırılıb?

İlk növbədə qeyd etmək istərdim ki, Ombudsmanın müvafiq mandatı çərçivəsində zəruri dəlil və sübutların toplanılması və təhlil edilməsi nəticəsində əldə edilmiş materiallar əsasında hazırladığımız həmin hesabat Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törədilmiş işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.

Bununla yanaşı, hesabatda azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd olunmuşdur.

Baxılması və nəzərə alınması üçün beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təşviqi ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilmiş hesabatda Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün onlara çağırış edilmişdir.

Həmin hesabat Ombudsman Aparatının rəsmi internet saytında yerləşdirilməyib. Bu nə ilə əlaqədardır?

Məlumat üçün bildirirəm ki, konfidensial xarakterli bir sıra məlumatların (fotoşəkillərin), habelə insan psixologiyasına dərin təsir göstərə biləcək ağır səhnələrlə bağlı video linklərin yer alması ilə əlaqədar sözügedən hesabatın ictimaiyyətə açıqlanması tərəfimizdən məqsədəuyğun sayılmamışdır. Məhz elə buna görə də Ombudsman Aparatının rəsmi internet saytında və sosial media hesablarında yerləşdirilməmişdir.

Əvvəl də 4 minə yaxın soydaşımızın itkin düşdüyünü və əzizlərinin onların talelərindən nigaran qaldıqlarını vurğuladınız. Siz Ombudsman olaraq itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı hansı addımları atmısınız və bu istiqamətində qarşıda hansı vəzifələr durur?

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyi, onların və yaxınlarının hüquqlarının müdafiəsi ölkə Ombudsmanı olaraq daim diqqət mərkəzində saxladığımız çox aktual bir məsələdir. Buna görə də həmin şəxslərə münasibətdə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı tərəfimizdən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara fərdi şəkildə müraciətlər ünvanlanmışdır. Biz itkin düşmüş şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi, qətlə yetirilənlərin dəfn yerləri barədə düzgün məlumat verilməsi, hazırda sağ qalması ehtimal olunan şəxslərə qarşı işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hallarına yol verilməməsi, xüsusilə də azad edilərək ölkəmizə təhvil verilməsi istiqamətində səylərimizi davam etdiririk. Bu məsələ bizim qarşımızda duran mühüm vəzifələrdən biridir.

Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə də əsir və itkin düşmüş soydaşlarımız olmuşdur. Aidiyyəti qurumlar tərəfindən onlarla bağlı hansı zəruri addımlar atılmışdır?

Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması, törədilmiş təcavüz nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, münaqişə bölgələrində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların axtarılması işinin səmərəliliyinin artırılması, bu sahədə dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının səlahiyyətlərinə aiddir. Buna görə də bu şəxslərin problemləri ilə bilavasitə həmin komissiya məşğul olur.

Təbii ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edilir.

Bizim isə Ombudsman təsisatı olaraq bu sahədəki əsas fəaliyyətimiz Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla törətdiyi təxribatlarının qarşısının alınmasını, əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızla bağlı təxirəsalınmaz addımlar atmağı beynəlxalq təşkilatlardan qəti şəkildə tələb etməklə, bu prosesin sürətlənməsinə dəstək verməkdən ibarətdir.

Bu baxımdan 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi dövründə əsir düşmüş soydaşlarımızın vəziyyəti, onların qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələlər Ombudsman kimi daim diqqət mərkəzimizdə olmuşdur.

Məsələnin müsbət həllinə nail olmaq üçün BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən müraciətlər edilmiş, mütəmadi olaraq yazışmalar aparılmış, görüşlər keçirilmişdir.

Bu zaman Ermənistan silahlı qüvvələrinin yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirdiyini onların nəzərinə çatdırmış, hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törədilmiş barbarlıq aktları barədə faktlar əlavə olunmaqla məlumat verilmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunmuşdur.

Bundan əlavə, Ombudsman Aparatının əməkdaşları tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailələri ilə görüşlər keçirilmiş və müvafiq beynəlxalq qurumlara göndərilməsi üçün sübut əhəmiyyətli zəruri faktlar toplanılmışdır.

Eyni zamanda, 2021-ci ildə Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığımız videomüraciətdə dünya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsinə yardımçı olmağa çağırmışıq.

Qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra birgə səylər nəticəsində 26 nəfər (20 hərbçi, 6 mülki şəxs) Azərbaycan vətəndaşı Ermənistanın əsir-girovluğundan azad edilmişdir. Lakin çox təəssüflər olsun ki, Vətən müharibəsi dövründə itkin düşmüş kimi qeydiyyata alınmış 6 nəfər hərbi qulluqçumuz hələ də tapılmamışdır. Hazırda onların tapılması və identifikasiyası üzrə işlər görülür və hesab edirik ki, bu istiqamətdə səylər bundan sonra da intensiv şəkildə davam etdirilməlidir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Edilli, Başlıbel, Fərrux və Şuşada kütləvi məzarlıqlar aşkarlanmışdır. Son günlərdə Şuşada növbəti məzarlığın aşkar edilməsi isə bir daha göstərir ki, bu proses hazırda da davam etdirilməkdədir. Lakin bununla belə düşünürük ki, bu proses bir qədər ləng icra edilir. Sizcə bu nə ilə əlaqədardır?

Düzdür. Ümumilikdə, Edilli, Başlıbel, Fərrux, Şuşa da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə bu günədək çoxsaylı kütləvi məzarlıqlar aşkar edilmiş və nəticə etibarı ilə 500-ə yaxın insan qalıqları tapılaraq ekshumasiya edilmişdir. Bununla əlaqədar aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi və molekulyar-genetik ekspertizalar təyin olunaraq icraya yönəldilmiş, şahidlər dindirilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilmişdir.

Ermənistan tərəfi torpaqlarımızda basdırdıqları minaların dəqiq xəritəsinə münasibətdə olduğu kimi, kütləvi dəfn yerləri barədə məlumatları da təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində davamlı şəkildə işlər görülür.

Yeri gəlmişkən, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiq olunmuşdur. Bununla əlaqədar bu ilin iyun ayında Şuşa həbsxanası ərazisində aparılan axtarışlar zamanı orada insan qalıqlarının olması üzə çıxmışdı. Şuşa şəhərində növbəti dəfə kütləvi məzarlıq aşkarlanmış və orada aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxmış, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılmışdır.

Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olmuşdur.

Bütün bunlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətini, əsir və girovlarla amansız rəftarını sübut edən tutarlı faktlardır. Lakin təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir və dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını qəbul etdirməyə çalışır.

İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi ilə bağlı prosesin bir qədər ləng həyata keçirilməsin bir sıra səbəbləri vardır. Bunlardan biri ondan ibarətdir ki, qarşı tərəf qeyri-konstruktiv mövqe nümayiş etdirərək itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsində xüsusi rola malik olan məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Digər bir səbəb isə işğaldan azad edilmiş ərazilərimizin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsi, bununla əlaqədar dəfələrlə müraciət edilməsinə baxmayaraq hələ də həmin yerlər üzrə dəqiq xəritə-sxemlərinin ölkəmizə təhvil verilməməsi ilə bağlıdır.

Təəssüf ki, qeyd olunan obyektiv səbəblərə görə kütləvi dəfn yerlərinin əksəriyyətinin aşkar edilməsinin çox qısa bir müddət ərzində başa çatdırılması hələlik mümkün deyil. Bununla belə ərazilər tədricən minalardan təmizləndikcə kütləvi məzarlıqlar aşkara çıxarılır.

Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin sıx şəkildə minalarla çirkləndirilməsi kütləvi məzarlıqların aşkarlanması və itkin düşmüş soydaşımızın taleyinə aydınlıq gətirilməsi prosesini ləngidir. Bu isə Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu müharibə cinayətlərini sübut edən və onun beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün zəmin yaradan əsas faktlardan biridir.

Təbii ki, bütün bunlarla baxmayaraq itkin düşmüş soydaşlarımızın ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər və bu onların hüququdur.

Bilirik ki, işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı dərhal reaksiya verirsiniz, hətta Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla əlaqədar xüsusi hesabat hazırlayıb beynəlxalq təşkilatlara təqdim etmisiniz.

Azərbaycan Ombudsmanı olaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsində mühüm rola malik olan işğaldan azad edilmiş tarixi torpaqlarımızdakı kütləvi dəfn yerləri barədə məlumatın ölkəmizə təqdim olunması, həmin şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarına son qoyulması üçün ölkəmizə dəstək verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edərək pozulmuş insan hüquqları faktlarını onların diqqətinə çatdırmışıq.

Eyni zamanda, həyata keçirilən faktaraşdırıcı missiya çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma aparılmış və monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanmışdır.

Beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təşviqi ilə məşğul olan digər beynəlxalq qurumlara təqdim olunmuş həmin hesabata azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törədilməsində təqsirkar olan Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsinə əsas verən dolğun faktlar daxil edilmişdir.

Sənədin sonunda Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə beynəlxalq təşkilatlara müraciət edilmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması faktları ilə bağlı hazırladığınız bəyanat, müraciət və hesabatları əsasən hansı beynəlxalq təşkilatlara göndərirsiniz və onların bu məsələyə reaksiyaları necədir?

Ombudsman olaraq, Ermənistanın Azərbaycana qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin ifşa olunması ilə bağlı hazırladığımız bəyanat, müraciət və hesabatlar əsasən BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilir.

Tərəfimizdən hazırlanaraq beynəlxalq təşkilatlara göndərilən bəyanat və müraciətlərdə, habelə apardığımız faktaraşdırıcı missiyalar çərçivəsində tərtib olunan hesabatlarda beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn prinsip və normalarına zidd olaraq, azərbaycanlılara qarşı kəskin nifrət zəminində həyata keçirdiyi, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətmiş olduğu çoxsaylı sülh və insanlıq əleyhinə, müharibə, habelə ekoloji cinayətlərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması qəti şəkildə tələb edilmişdir.

Təəssüf ki, dünyada mövcud olan ikili standartlar səbəbindən bununla bağlı həmin təşkilatlardan ölkəmizin mövqeyini dəstəkləyən konkret cavablar almasaq da, bir sıra hallarda bəzi beynəlxalq yazışmalarda bizim də təqdim etdiyimiz sənədlərə istinadlar edilir.

Yeri gəlmişkən, Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi vəsatətdə Ombudsman tərəfindən müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunmuşdur.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Ermənistanda azərbaycanlılara qarşı irqi nifrəti təşviq edən halların qadağan edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi həmin vəsatət təmin olunmuşdur.

Siz çox düzgün qeyd etdiniz ki, ölkəmiz tərəfindən təqdim edilmiş sənədlərdə Ombudsman olaraq hazırladığımız və müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunmuşdur.

Məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək olan dinləmələrindən sonra qəbul etdiyi qərarında əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapmışdır.

Hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair 2021-ci il 7 dekabr tarixli qərarı insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir. Bu qərarın Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görülməlidir.

Səbinə xanım, maraqlı müsahibəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Çox sağ olun, Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ərəfəsində göstərdiyiniz təşəbbüsə görə mən də Sizə təşəkkür edirəm. Sonda müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar ötən illər ərzində itkin düşmüş soydaşlarımızın taleyi barədə düzgün məlumatların verilməsinə, hələ də sağ qalanların azad edilərək ölkəmizə qaytarılmasına, həlak olanların cəsədlərinin qalıqlarının verilməsinə yardımçı olmağa dəvət edirəm.