Professor Tofiq Hacıyev: “Dilimizin müstəqilliyini itirə bilərik” - MÜSAHİBƏ Müsahibə

Professor Tofiq Hacıyev: “Dilimizin müstəqilliyini itirə bilərik” - MÜSAHİBƏ

Mətbuat Şurasının Dil məsələləri üzrə Komissiyası ilə APA Agentliyinin birgə layihəsi çərçivəsində Azərbaycan dilinin qorunması, dilin inkişafı ilə bağlı müzakirələrə başlayırıq. Bu müzakirə çərçivəsində ilk müsahibimiz Bakı Dövlət Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Hacıyevdir.

Lüğətlərin vəziyyəti yaxşı deyil

– Tofiq müəllim, orfoepiya, orfoqrafiya lüğətlərinə tez-tez dəyişiklik edilir. Lüğətlərin yenilənməsi müddəti ilə bağlı bir qayda varmı?

– Bu yaxınlarda orfoqrafiya lüğəti də, qaydaları da hazırlanıb, qaydaların prinsipləri müəyyənləşib. Əslində, orfoqrafiya lüğəti 5 ildən bir yenilənir. Amma 1978-ci ildən 30 il sonra – 2008-ci ildə lüğət məsələsinə qayıdılmışdı. 2013-cü ildə isə lap biabırçı lüğət hazırlandı. Böyük etirazlara səbəb oldu. Lüğətlərin vəziyyəti yaxşı deyil. Sonuncu lüğətimiz 2021-ci ildə çıxıb. Yenə də bəzi lazım olan sözlər lüğətdə yoxdur.

– Yekun orfoqrafiya qaydaları qəbul olunub?

– Orfoqrafiya prinsipləri, qanunları müəyyənləşib, kitabda qeyd edilib. Düzdür, hələ də müəyyən problemlər var. Məsələn, “alqı-satqı” sözü səhv yazılıb. Əslində “alğı-satqı” olmalıdır. Orfoepiya məsələsində də problemlər var. Ən çox da “o” saitinin “a” kimi tələffüz edilməsində səhvə yol verilir. Məsələn, “oksigen” yerinə “aksigen” deyirlər. Bu, səhvdir. Vurğulu hecadan əvvəl gələn “o” saiti “a” kimi deyilir. Bu, qanundur. Qanunu izləmək lazımdır.

– Bəzi qaydalar var ki, sanki kortəbiilik nəticəsində meydana gəlib. Məsələn, “səhiyyə” və bu qəbildən olan digər sözlərdə qoşa “y” hərfinə ehtiyac varmı?

– Qoşa “y” samitinin işlənməsi ərəb dilindən gəlib. Əvvəlcədən bizim dilimizə belə daxil olduğuna görə bu cür də qalıb. Bu məsələyə 2023-cü ildə baxılmışdı. Bu cür sözləri bir “y” ilə əvəzləmək istəyirdilər, amma məsələ “iqtisadiyyat” sözü ilə həll oldu. Elə sözlər də var ki, qoşa “y” yazılır, bir “y” deyilir. Məsələn, əziyyət. Səhiyyə sözündə isə qoşa “y” hərfinin olması qüsur deyil. İstəməzdim ki, götürülsün. Orfoqrafiyada çox dəyişiklik etmək xalqda çaşqınlıq yaradır. Çox sözdə dəyişiklik etmək məntiqsizdir. Dilimizdə yaranan yeni sözlərdə orfoqrafiya qaydalarına düzgün riayət olunmur. Problemlər çoxdur. İndidən bu məsələləri düzəltmək lazımdır.

Lüğətdə belə bir qeyd də var ki, xarici söz dilimizə olduğu kimi yazılmalıdır

– Kütləvi informasiya vasitələrinin dilində müəyyən problemlər var. Bəzi aparıcılar dilin ədəbi normalarını pozurlar. Bu problemi nə ilə əlaqələndirirsiniz? Həmçinin yazılı mətbuatda da orfoqrafik səhvlərə, o cümlədən, xarici yer və insan adlarının yazılışında müəyyən problemlərə rast gəlinir...

– Məsələ odur ki, jurnalistika fakültəsində Azərbaycan dili fənni tədris edilmir, 6-7 ildir bu fənn proqramdan çıxarılıb. Halbuki jurnalistin Azərbaycan dilini mükəmməl bilməsi çox vacibdir. Bu fənn tədris olunmadığı üçün indiki aparıcıların dili pis vəziyyətdədir, bir neçə ilə daha da pis olacaq. Çox az telekanal var ki, orada dilin ədəbi qaydalarına riayət olunur. Bəzi aparıcılar dilimizin qaydalarını, hətta bəzi sözlərin mənasını bilmirlər. Sürətli danışıq da vəziyyəti çətinləşdirir. Aparıcıların sürətli danışığı həm dildə qüsurlara, həm də dinləyici üçün anlaşılmazlığa səbəb olur. Sözün yerində işlədilməməsi, yaxud səhv yerdə işlədilməsi kimi problemlər də var. Məsələn, aparıcılardan biri efirdə qonağına deyir ki, mən sizə xoşbəxtlik arzulamaq istəyirəm. Yəni arzulamır ha, arzulamaq istəyir. Bu bir aparıcı üçün çox kobud səhvdir. Yazılı mətbuatda da orfoqrafik qaydaların pozulması hallarına rast gəlinir. Toponimlər, insan adları tərcümə edilməməlidir. Lüğətdə belə qeyd də var ki, xarici söz dilimizə olduğu kimi yazılmalıdır. Məsələn, hamı “Tramp” deyir, ona görə “Tramp” yazılır. Əslində yazıda “Trump” olmalıdır. Bəzi beynəlmiləl sözlər var ki, onlar hər yerdə olduğu kimi yazılır. Məsələn, “Coca-cola”, “UNİCEF”.

– Ortaq türk dilinin yaradılması məsələsi realdır? Realdırsa, proses necə tənzimlənməlidir? Ümumiyyətlə, ümumtürk dilinin gələcəyini necə görürsünüz? Ortaq türk dilinin yaradılmasının tezləşdirilməsi bəzi problemlərdən çıxış yolu ola bilərmi?

– Birləşə bilməmək Türk xalqlarının bəlasıdır. Ortaq türk dilini yaratmaq olar. Amma süni şəkildə yox, bir neçə dildən sözləri götürüb yaratmaqla. Bu, zaman tələb edən işdir. Bunun üçün böyük kollektiv işləməli, türkdilli xalqların tanınmış nümayəndələri çalışmalıdır. Bu prosesdə Türkiyə türkcəsi əsas model kimi qəbul edilə bilər. Çünki türk dili geniş yayılıb. Hətta azərbaycanlılar bəzən çaşıb türkcə danışırlar. Dilin leksik tərkibini yaradandan sonra qrammatik normalar formalaşacaq. Qrammatik norma heç vaxt dəyişmir. Ortaq türk dilinin yaranması məsələsi ağrılı problemdir. Ancaq elə bilirəm ki, olacaq. Xalqlar arasında ünsiyyət artdıqca özləri bunu tələb edəcək.

Dilimizin müstəqilliyini itirə bilərik

– Sizin də dediyiniz kimi, türk dili geniş yayılıb, Türkiyə türkcəsindən dilimizə keçən sözlər çoxdur. Buna səbəb isə Türkiyə serialları və s. amillərdir. Bunun qarşısını almaq üçün hansı addımlar atıla bilər?

– Gənclərimizin türk dilinin təsiri altında bizim dilimizdə olmayan sözlərdən istifadə etmələrini istəməzdim. Bu, xaos yaradır. Belə davam etsək, dilimizin müstəqilliyini itirə bilərik. Bunun qarşısını almaq lazımdır. Problemin yaranmasında təhsil ocaqlarının da payı var. Ona görə ki, uşaqlar bağçada dil açır, orda dil normal öyrədilmir. Orta məktəbdə uşaq dilini tam mənimsəməlidir, amma mənimsəmir. Azərbaycan dili fənninin getdikcə saatları azalır. Müəllim 64 saata uşağa nə öyrədəcək? Ailə uşağı təhsil ocağına tapşırır. Təhsil ocağı da uşağı düzgün öyrədə bilmir. Ona görə də uşaq digər dillərdən, baxdığı seriallardan təsirlənir.

1–7-ci sinif dərsliklərinin birinci müəllifi nə dilçidir, nə də Azərbaycan dilini normal bilir

– Yeri gəlmişkən, dərsliklərin dili çox qüsurludur. Bunların hesabatı aparılır? Ümumiyyətlə, dərsliklərin yazılmasında dilçi alimlər iştirak edir?

– Dərsliklər bərbad haldadır. Uşaqlar dilin qaydalarını normal öyrənə bilmir. Təsəvvür edin, dərsliklərdə təsriflənən feil haqqında heç nə yoxdur, amma təsriflənməyən feil haqqında var. Təsriflənən feili öyrənməyən şagird təsriflənməyən feil haqda necə öyrənə bilər? 1-7-ci sinif dərsliklərinin birinci müəllifi nə dilçidir, nə də Azərbaycan dilini normal bilir. Adamın elmlə əlaqəsi yoxdur. İstənilən şəxs bu prosesdə iştirak edə bilir. Belə olmamalıdır. Dərsliklərin hazırlanmasında bir dilçi alim, bir müəllim, bir metodist, hətta psixoloq da iştirak etməlidir. Psixoloq müəyyən qonorar qarşılığında dərsliklərin hazırlanmasında məsləhətlər verə bilər. Azərbaycanda dərsliklərin hazırlanma prosesində iştirak edən alim görməmişəm. Ona görə də dərsliklərə etirazlar var. Valideynlər deyir ki, heç özümüz başa düşmürük, uşaq necə başa düşsün? Uşaq çiynində daşıdığı kitablardan heç nə anlamır. Kitab sanki oxumaq üçün yox, daşımaq üçündür.

Qarşılığı olmayan sözləri lüğət fonduna daxil etmək olar

– Bəzi dilçilər deyir ki, alınma sözlərdən imtina edib onun dilimizdə olan qarşılığını işlətmək lazımdır. Məsələn, “panik atak”, “daça”, “deepfake” və s. kimi dilə oturan, qarşılıq tapmayan sözlər dilə keçməlidir? Bundan əlavə, dilimizə oturan “parazit” sözlər də var. Nəzərə alsaq ki, alınma sözlər də əvvəl “parazit” söz olub, sonra dilə keçib. Bu baxımdan, “parazit” sözlər dilə keçməlidir? Həmkarınız Nizami Cəfərov hesab edir ki, dilimizə oturan “parazit sözlər” lüğət fonduna keçməlidir. Bəs siz bu barədə nə düşünürsünüz?

– Dilimizə oturan və qarşılığı olmayan, dilimizin orfoepik normalarına uyğun gələn sözləri dilə qəbul etməyi qüsur hesab etmirəm. Alınma sözləri qəbul etmək dili zənginləşdirir. Dünyanın bir nömrəli dili – ingilis dilinin 60 faizi alınma sözlərdir. Ancaq “daje”, “uje”, “vse”, “tak”, “prosta” və s. bu qəbildən olan “parazit sözlər” dilə daxil olmamalıdır. Yalnız qarşılığı olmayan sözləri lüğət fonduna daxil etmək olar. Bir şərtlə ki, orfoqrafik və orfoepik qaydalara uyğun olsun. Bizdə guya bu işlə məşğul olan Terminologiya Komissiyası və Dövlət Dil Komissiyası var. Amma uzun zamanda çox az sözlər yaradılıb. Məsələn, “fortuçka” yerinə nəfəslik, “tormoz” yerinə əyləc yaradılıb. Təəssüf ki, bizdə yeni sözlərin işlədilməsi bir qədər problemli olur. Sanki insanlar lağa qoyulacağını düşünür. Tək-tək adamlar var ki, ətrafı düşünmədən öz yolu ilə gedir.

Əcnəbi sözlər hökmən qarşılığını tapmalıdır

– Sizin də qeyd etdiyiniz kimi bizdə yeni sözlərin işlədilməsi bir qədər problemli olur. Dilimizə oturmuş bəzi əcnəbi sözlər var ki, insanlar həmin sözlərin qarşılığını istifadə etmirlər. Məsələn, “razetka” sözünün qarşılığı olan “elektrik yuvası” demək olar ki, heç işlənilmir. Bu baxımdan, əcnəbi sözlər mütləq dilimizdə qarşılıq tapmalıdır?

– Əcnəbi sözlər hökmən qarşılığını tapmalıdır. Düzdür, bəzi sözlər var ki, tapılan qarşılıq diləyatımlı olmur. Məsələn, elektrik yuvasını elektrik mənbəyi kimi götürsək, onu da qısaldıb “elekmən” etsək, daha məqsədəuyğun olar. Bu halda bir-iki ildən sonra hamı elə deyəcək. Söz yaratmaq məsələsini gücləndirmək lazımdır. Türklərdə məsələyə praktik yanaşmaq çox yaxşıdır. Bizdə elə deyil. Amma hər sözü də dəyişməyə ehtiyac yoxdur. Məsələn, dilimizdə “yazıçı” sözü olduğu halda türklərdən götürüb onu “yazar” elədilər. “Yazıçı” olan halda “yazar”a nə ehtiyac var? Orfoepiya elə şeydir ki, zamanla insanların danışığına görə müəyyən dəyişikliklər edilə bilər. Amma orfoqrafiya lüğəti belə deyil. Bu qədər dəyişiklik edilə bilməz.

Çox istərdim ki, “uçak”, “okul” sözlərini də dilimizə qəbul edək

– Demək olar, hər gün dilimizə yeni sözlər keçir. Məsələn “konum atmaq”, “takip atmaq”, “kaydetmək” və s. kimi sözlərin dildə istifadəsi və ya qarşılığının tapılması üçün hansı mexanizmlər var? Əcnəbi sözlərin qarşılığı hansı standartlar əsasında müəyyən edilir?

– Bu məsələ ilə bağlı Dövlət Dil Komissiyası işləməlidir. Yeni sözlər yaratmaq üçün işləmək lazımdır. Komissiyanın üzvlərinin hərəsi bir məsələni ortaya qoyub müzakirə etsə, iş görsə, həll olar. Sözün qarşılığı tərcüməsinə əsasən tapılır. Amma hamısını bu üsulla etmək olmur. Dilimizdə 100 500 söz var. Onun içində sadə, düzəltmə və mürəkkəb sözlər çoxdur. Dilimizdə olan sözlər təfəkkürümüzdə var. O sözlərlə əlaqədar yeni sözlər də yaratmaq olar. Məsələn, az öncə dediyim “elekmən” kimi sözlər yaratmaq mümkündür. Çünki yeni sözü sadə söz kimi yarada bilməyəcəyik. Ya düzəltmə söz olacaq, ya da mürəkkəb. Hətta çox istərdim ki, “uçak”, “okul” sözlərini də dilimizə qəbul edək. Təyyarə və məktəb yerinə, bunlar daha məntiqlidir. Bütün bu problemlərin həlli üçün təşəbbüs göstərmək lazımdır.

Onlar başa düşmədi ki, o “spider”lə bu “spider” başqadır

– Dil ilə bağlı qərarlar qəbul olunanda niyə həmişə cəmiyyətdə müzakirələrə səbəb olur?

– Özüm də mühazirə deyəndə tələbələrə dildəki problemlərdən danışıram. Amma onu da deyirəm ki, elə bilməyin, dilimiz başdan ayağa problemlidir. Sadəcə 15-20 faizi problemlidir və həll olunmalıdır. Deməzdim ki, böyük müzakirələr olur. Bəlkə də olub, mənim xəbərim yoxdur. Məsələn, bir dəfə “spider” sözü ilə bağlı problem yaşanmışdı. İnsanlar müzakirə edirdi ki, nəyə görə hörümçək sözünü çıxarıb, “spider”i salıblar. Onlar başa düşmədi ki, o “spider”lə bu “spider” başqadır. Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi. “Spider”in hörümçək mənası var, amma lüğətə o mənada daxil edilməmişdi. “Spider” qapısı yana açılan maşın mənasında lüğətə daxil edilib. Hörümçək sözü isə texniki yanlışlığa görə, necəsə lüğətə daxil edilməmişdi, amma proqramda da var idi. Ona görə də sözləri qarışıq salmaq olmaz.

Heç hüquq işçiləri qanunların dilini anlaya bilmir

– Qanunların dili çox mürəkkəbdir. İnsanlar qanunu anlamaq üçün dəfələrlə oxumalı olur. Qanunların yazılmasında dilçi alimlər iştirak edir?

– Heç hüquq işçiləri qanunların dilini anlaya bilmir, qaldı ki, sıravi vətəndaşlar. Bu məsələ dilçilik kafedrasının müdiri səviyyəsində qaldırılmışdı. Qanunların yazılmasında guya dilçi alimlər iştirak edir. Amma nəticə ortadadır. Səhvlər çoxdur. Bunun səbəbi rus dilindən tərcümələr və tərcümənin düzgün edilməməsidir.

– Dövlət qurumlarının nümayəndələrinin dili qənaətbəxşdir? Bu baxımdan, rəsmi üslubla bağlı monitorinq aparılmalıdır?

– Xeyr, deməzdim ki, onların dili qənaətbəxşdir. Əksəriyyətinin dilində, nitqində qüsurlar var. Monitorinq deputatlar da daxil olmaqla, bütün sahələrdə aparılmalıdır.

– Dünya ədəbiyyatının dilimizə tərcüməsi zamanı müəyyən problemlər yaranır, əsərin bədiiliyi pozulur. Bundan əlavə, xarici filmlərin dublyajında da eyni problemlər baş verir. Bu baxımdan, tərcümə prosesində yaranan problemlərin həllini nədə görürsünüz?

– Bizdə getdikcə səviyyə qalxmaq yerinə enir. Səbəbi dilə diqqətsizlik, sayğısızlıq, sevgisizlikdən qaynaqlanır. İşi peşəkar görməlidir. Məsələlərə cavabdeh olan insanlar işləmir. Belə bir prinsip var ki, dil materialından çıxış edərək tərcümə əsərinə qiymət vermək olmaz. Düzdür, tərcümə məsələsində ciddi qüsurlar var. Buna baxmayaraq, yaxşı tərcümələr də var. Məsələn, Çingiz Aytmatovun tərcümələri yüksək səviyyədədir. Məlumdur ki, tərcüməçi verilən ödənişə uyğun işləyir. Ona görə də tərcümənin yaxşı olması üçün normal tərcüməçi tapmaq lazımdır.

Bu, Azərbaycan şairinə, şeirinə yaraşırmı?

– Çıxışılarınızdan birində bildirmişdiniz ki, yeni yazılan bəzi ədəbiyyat nümunələri dili korlayır, dilin saflığına xidmət etmir. Sizcə, müasir şair və yazıçılar Azərbaycan dilinə töhfə verir?

– Birmənalı yox. Sizə bir misal çəkim:

“Uşağımı qaldırdım çiynimə

Arvadım çəmkirdi uzaqdan

Uşaq çiynimdə atılıb-düşdü

Dedi ata, insanlar nə qədər alçaqdır”.

“Alçaqdadır” yox ha, “alçaq”dır. Bu, Azərbaycan şairinə, şeirinə yaraşırmı? Vəziyyət çox pisdir. Hətta Azərbaycanda ad çıxarmış, mənim də bəyəndiyim yazıçının belə sonuncu romanında çox ciddi qüsurla rastlaşdım. Bəyəndiyim yazıçılar da Azərbaycan dilini korlamağa başlayıb.

– Universitetlərdə tədris edilən bəzi fənlərlə bağlı ədəbiyyat çatışmazlığı var. Tələbələr mövzunu dərindən qavramaq, eyni zamanda, “sərbəst iş” kimi bəzi tapşırıqları yerinə yetirmək üçün xarici resurslara üz tutmalı olur. Bu problemin səbəbini və həllini nədə görürsünüz? Bununla bağlı işlər görülməlidirmi?

– Bu məsələyə nəzarəti Elm və Təhsil Nazirliyi etməlidir. Nazirliyin xüsusi şöbəsi olmalıdır ki, buna nəzarət etsin. Fənni və proqramları tənzimləyəndə onun ədəbiyyatını da nəzərə almalıdırlar. Tələbədən keyfiyyətli iş tələb olunursa, onu keyfiyyətli materialla da təmin etmək lazımdır.

Tələbələrin dil ilə bağlı ciddi problemləri var

– Tələbələrlə sıx əlaqədə olan biri kimi tələbələrin dili ilə bağlı hansı müşahidələri aparmısınız?

– Acı reallıq odur ki, tələbələrin dil ilə bağlı ciddi problemləri var. Bir dəfə auditoriyada sual verdim ki, “daldan atılan daş topuğa dəyər” məsəlindəki topuq hansı nahiyədir? Mənə diz nahiyəsini göstərdilər. Çox təəccübləndim, əsəbiləşdim. Dedim ki, heç olmasa, daşın daldan atıldığına diqqət edin. Daldan atılan daş necə dizə dəyə bilər? Mövcud problemlərə baxmayaraq, dünya dilçiliyində gedən proseslər bizim dilçiliyimizdə də öz əksini tapır. Dilçiliyimiz nəzəri baxımından yox, praktiki baxımdan zəifdir. Dilçilik elmində yeniliklər, müqayisəli dilçiliklə bağlı yeni istiqamətlər var.

– Telefonların, kompüterlərin, proqramların Azərbaycan dilindəki funksiyası kim tərəfindən hazırlanır? Buna hansı qurum nəzarət edir?

– İnanmıram ki, buna nəzarət edən qurum var. Bu prosesdə proqramçı ilə dilçi birgə işləməlidir. İşin kökündə maddiyyat durur.

Arxaizmlərin müəyyən hissəsini qaytarmaq olar

– Sizcə, arxaizmlər yenidən ümumişlək sözə çevrilməlidir?

– Uçmaq-cənnət, sayru-xəstə, damu-cəhənnəm, dəli-igid və s. bu arxaizmlərin içində elə sözlər var ki, gətirmək olar. Məsələn, türklər uçmağı gətirib. Biz də edə bilərik. Cənnət beynəlmiləl söz deyil, ərəblərin sözüdür. Bu baxımdan, arxaizmlərin hamısını yox, amma müəyyən hissəsini qaytarmaq olar.

– Dünyada 3-4 dillə hamı bir-birini anlayır və ya süni intellekt tərcüməyə kömək edir. Bu baxımdan Şimali və Cənubi Azərbaycanın dilinin gələcəyini necə görürsünüz?

– Bu məsələdə optimistəm. Yaxşı görürəm. Bilirəm ki, Azərbaycan bütöv olacaq. Millətimiz birləşəcək. Azərbaycan dilini ərəb, fars, rus məhv etmək istədi, amma buna nail ola bilmədi. Dilimizi həmişə qoruyub saxlayacağıq.

Həmin şəxslərin milli şüuru yoxdur

– Sizcə, rus bölməsi, rusdilli dərsliklər ləğv olunmalıdır? Və ya bu problemin qarşısını almaq üçün hansı alternativ addımlar atılmalıdır?

- İnsan öz dilini bilməlidir. Dilləri bil, amma öz dilində danış. Azərbaycanda xarici dildə danışanların sayı artıb. Mən də uşağını rus məktəbinə qoymağa can atanları müşahidə edirəm. Bu məsələyə mənim münasibətim birmənalıdır. Rus dilində təhsil nəyə görə dövlətin büdcəsindən maliyyələşdirilməlidir? Bəyəm digər ölkələrdə olan Azərbaycan məktəblərini dövlət maliyyələşdirir? Qanunda belədir ki, xarici məktəblər özlərini maliyyələşdirməlidir. Müəllimin, dərsliklərin, maliyyən varsa, məktəbini aç. Belə olsa, problem də müəyyən qədər həllini tapar. İndi Azərbaycan məktəblərindəki rus bölməsində təhsil alanların çoxu azərbaycanlıdır. Ora getməklərinin səbəbi odur ki, rusca, ingiliscə bilməyənləri işə götürmürlər. Ən böyük bəla budur. Bunun üçün iş görmək lazımdır. İşəgötürənlər ilk növbədə namizədin ana dili biliyini yoxlamalıdır. Daimi monitorinq təşkil edilməlidir. Ana dilində danışa bilməyənlərin işə götürülməsi məhdudlaşdırılsa, dili öyrənməyə cəhd edənlərin sayı birmənalı artacaq.