Lavrov: ABŞ Ukraynanın kök səbəblərini aradan qaldırmaqla nizamlanmaya hazırdır Gündəm

Lavrov: ABŞ Ukraynanın kök səbəblərini aradan qaldırmaqla nizamlanmaya hazırdır

ABŞ Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılması yolu ilə nizamlanmasına yardım göstərməyə hazırdır və ərazi məsələsinin mövcud reallıqlar əsasında həllinin vacibliyini anlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "NTV" telekanalına müsahibəsində bildirib.

“Onlar (ABŞ) kök səbəbləri görür, bu kök səbəblərin aradan qaldırılması yolu ilə nizamlanmaya yardım etməyə hazırdırlar: "Ukraynanı NATO-ya almamaq lazımdır", ərazi məsələsi isə müvafiq torpaqlarda yaşayan insanların iradəsi nəzərə alınmaqla formalaşmış reallıqlar əsasında həll olunmalıdır”, — deyə Rusiya xarici işlər naziri vurğulayıb.

Lavrov həmçinin ABŞ dövlət katibi Marko Rubionun sözlərini xatırladıb. Rubio 2025-ci ilin fevralında Səudiyyə Ərəbistanında keçirilən ilk görüş zamanı Moskva və Vaşinqtonun milli maraqları üst-üstə düşdüyü halda “qarşılıqlı faydalı layihələrdən istifadə edib onları reallaşdırmaq fürsətini əldən verməməyin” vacibliyini qeyd etmişdi.

Bununla yanaşı, Rusiya XİN başçısı qeyd edib ki, Rusiya və ABŞ maraqların üst-üstə düşmədiyi hallarda “bunun isti qarşıdurmaya, ümumiyyətlə isə hər hansı qarşıdurmaya çevrilməsinə yol verməyin cinayət olacağı” barədə ortaq mövqeyi bölüşür.

“Amma indi ABŞ prezidenti Donald Trampdan və onun komandasından — yalnız Ukrayna üzrə deyil, həm də Yaxın Şərq, Fələstin, İran istiqamətlərində, eləcə də Rusiya–ABŞ ticarət-iqtisadi əməkdaşlığının perspektivləri üzrə çalışan Stiven Uitkoff və Cared Kuşnerdən eşidirik ki, sanki əsas məsələ "Ukraynanı aradan qaldırmaqdır"”, — deyə Lavrov əlavə edib.

Məryəm Quliyeva