ABŞ İran ətrafında həlqəni daraldır - Daxili etirazlar güclənə bilər Siyasət

ABŞ İran ətrafında həlqəni daraldır - Daxili etirazlar güclənə bilər

ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırmaq siyasətini davam etdirir. Son qərarlara əsasən, neft və neft-kimya məhsullarının ticarəti ilə əlaqəli bir sıra şəxslər və qurumlar sanksiya siyahısına əlavə olunub. Vaşinqtonun məqsədi İranın enerji məhsullarının daşınmasını çətinləşdirmək və ölkənin iqtisadi fəaliyyətinə təzyiq göstərməkdir. Bu addımlar, ABŞ-nin regionda hərbi qarşıdurmaya girmədən diplomatik və iqtisadi vasitələrlə təsir göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Bu kontekstdə yaranan suallar belədir: ABŞ hələ bir müddət müharibə etmədən yalnız iqtisadi sanksiyalarla İrana təzyiq göstərməyə davam edə bilərmi?
Suallarımızı cavablandıran Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Vaşinqton bütün vasitələrdən istifadə edərək İranla razılaşma əldə etməyə çalışır. Onun sözlərinə görə, ABŞ-də daxili ictimai vəziyyət hazırda hökumətin lehinə deyil və qarşıdan aralıq seçkiləri gəlir:

“Respublikaçılar Konqresdə azlıqda qalsalar, Trampa qarşı impiçment təhlükəsi yarana bilər. Məhz buna görə Vaşinqton bu il ərzində daxildə onun lehinə işləyəcək addımları həyata keçirməyə səy göstərir. Venesueladan sonra İrana təzyiqlərin artırılması və Ukrayna ilə bağlı, görüntü xatirinə olsa belə, müəyyən addımların atılması bu məqsədə xidmət edir”.
Siyasi şərhçi vurğulayıb ki, lakin Vaşinqton İrana mümkün müdaxilənin əks-effekt verəcəyindən ehtiyat edir:
“Hücum baş verəcəyi təqdirdə Hörmüz boğazının bağlanması perspektivi idarəolunmaz vəziyyət yarada bilər və bu halın uzun müddət davam etməsi ehtimalı yüksəkdir. Bu isə neftin qiymətinin kəskin bahalaşmasına və ABŞ iqtisadiyyatına ciddi təsirə səbəb ola bilər. Bundan əlavə, İranın ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına effektiv zərbə endirmək potensialı mövcuddur. Bu amillər ABŞ-də proseslərin hökumətin əleyhinə işləməsi üçün kifayətdir. Buna görə də Vaşinqton bir tərəfdən diplomatik kanalları açıq saxlayır, digər tərəfdən isə təhdid ritorikasını davam etdirərək İrana qarşı həlqəni daraltmağa və daxili etirazları stimullaşdırmağa çalışır. İstənilən halda vəziyyət kifayət qədər gərgindir və problemin daha da dərinləşəcəyi gözlənilir”.